Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonla tanış olublar

ANAMA: Şuşaya atılmış raket “İskəndər-M”dir
Bakıda yəhudi irsi və mədəniyyəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub

Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub.

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yenidən qurulan pavilyondakı şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

Qeyd edək ki, bu bina Dənizkənarı Milli Parkın ərazisində bütün fəsillərdə daimi istifadəyə uyğunlaşdırılıb. Burada Azərbaycan mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün binada müvafiq şərait yaradılıb, terras qurulub.

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialı və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən “Milan Ekspo 2015” sərgisini 23 milyondan çox insan ziyarət edib. Bu müddətdə Azərbaycanın milli pavilyonunda isə 3 milyon 250 mindən çox izləyici olub. “Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli milli pavilyon Milanda 1800 kvadratmetr ərazidə təşkil olunmuşdu. Azərbaycan “Milan Ekspo 2015” Ümumdünya sərgisinin bütün mərhələlərində seçilən dövlətlər sırasında olub. Xarici mətbuat, o cümlədən İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu qeyd ediblər və milli pavilyonumuz “Milan Ekspo” sərgisinin incisi adlandırılıb. Milli pavilyonun əsas özəlliyindən biri onun 3 biosferdən təşkil olunması idi. Diametri 10 metr olan xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər ətraf mühiti və qədim mədəniyyəti daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirib.

Sərgi müddətində pavilyonun dördüncü mərtəbəsində restoran fəaliyyət göstərib. Burada Azərbaycan milli mətbəxinin nümunələri və konsert proqramları təqdim olunub. Pavilyondakı monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya incilərinə, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilib. Ziyarətçilər, həmçinin Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyi, nadir landşaftları, təbii ehtiyat və tarixi abidələri əks etdirən videoçarxları izləyiblər. Sərginin keçirildiyi müddətdə Azərbaycanın milli pavilyonu “Milan Ekspo 2015” Təşkilat Komitəsi tərəfindən “Dizayn və materiallar” nominasiyası üzrə qalib elan olunub. Təşkilat Komitəsi Azərbaycan pavilyonunun tərtibatında günəş şüalarını azaldan şüşə, metal və taxta sistemlərinin innovativ qaydada işlənilməsinin ekoloji baxımdan əhəmiyyətli olduğunu və dizayn elementlərinin seçildiyini qeyd edib. Bir sözlə, pavilyonumuz ekoloji təmiz, asan emal edilən materiallardan inşa olunub.

Burada “Dubay Ekspo 2020” sərgisində qurulacaq Azərbaycan milli pavilyonunun layihəsi Prezident İlham Əliyevə təqdim olundu. Layihə ilə tanış olan dövlətimizin başçısı “Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun tikintisinə başlanılmasına dair müvafiq tapşırıqlar verdi. Eyni zamanda, dövlətimizin başçısı “Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun da sərgidən sonra sökülərək ölkəmizə gətirilməsi məsələsinə baxılmasına dair tapşırıq verdi.

Qeyd edək ki, “Milan Ekspo 2015” Ümumdünya sərgisindən sonra sökülərək Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan milli pavilyonumuzun inzibati binası 4 mərtəbədən ibarətdir və 6 min kvadratmetr ərazisi var. Burada, eyni zamanda, sakinlər, eləcə də şəhərimizin qonaqlarının istirahəti üçün əlavə olaraq 4 min kvadratmetrə yaxın ərazidə müxtəlif ağac və bitki növlərindən ibarət yaşıllıq zolaqları da salınıb, istirahət üçün sahələr yaradılıb. Ərazidəki torpaq münbitləşdirilib, müasir işıqlandırma sistemi quraşdırılıb, meydançalar yaradılıb, avtomobil və velosipedlərin parklanması üçün dayanacaq sahəsi ayrılıb. Pavilyon sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.

“Milan Ekspo 2015” Ümumdünya sərgisindəki Azərbaycanın milli pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən ölkəmizin bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirib. Onun yaradılmasında hər bir detala xüsusi diqqət yetirilib. Pavilyonun dalğavari taxta divarları Azərbaycana xas olan küləyi, həmişə burada dövr edən mədəni və yaradıcı axını simvolizə edib.

Bakı. Trend: