Prezident İlham Əliyev: ““Nabucco” layihəsi ilə bağlı Rusiya tərəfdən Azərbaycana heç bir təzyiq olmayıb”

Rusiya Qafqaz regionunda yeni hərbi əməliyyatlara getməyəcək – ekspertlər
“Nazirliyimizin fəaliyyətində əsas prioritet gənclərin məşğulluq probleminin həllidir”
Bakı-Tbilisi-Qars layihəsi regionun nəqliyyat potensialını artıracaq

“Beynəlxalq böhran Azərbaycan iqtisadiyyatına elə də güclü təsir göstərməyib. Azərbaycan dünya iqtisadiyyatına getdikcə daha çox inteqrasiya olunduğundan, xüsusən ixrac potensialı ilə bağlı müəyyən narahatlıqlarımız var. Qeyri-neft sektorundakı ixrac potensialı son aylarda az da olsa azalıb. Lakin ümumilikdə, bizdə maliyyə məsələləri və iqtisadiyyatın inkişafı ilə bağlı vəziyyət yaxşıdır”.

APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın CNBC telekanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, son beş il ərzində Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artdığından, yüksək artım sürətini saxlamaq indi əvvəlkindən daha çətindir: “Keçən il bu göstərici 11 faiz, ondan əvvəlki il isə 25 faiz olub. Bu səviyyəni uzun müddət saxlamaq mümkün deyil. Lakin iqtisadi artım əhəmiyyətli dərəcədədir. Getdikcə iqtisadiyyatın daha çox şaxələndirilməsi, neftin qiymətlərindən və enerji amilindən daha az asılı olmaq vacibdir. Bu, iqtisadi islahatlar, şaxələndirmə, özəl sahibkarlığın dəstəklənməsi sahələrində həyata keçirilən siyasət nəticəsində mümkün olub. Biz enerji amilindən asılılığı əhəmiyyətli dərəcədə azaltmağa müvəffəq olmuşuq”.

Azərbaycanın on ildən artıqdır, çox mühüm enerji layihələri həyata keçirdiyini qeyd edən prezident hazırda Xəzər neftini dünya bazarına çıxaran boru kəməri xəttinin beynəlxalq enerji təhlükəsizliyində getdikcə daha əhəmiyyətli rol oynamaqda olduğunu vurğulayıb: “Bizim nəhəng enerji ehtiyatlarımız var. Qaz ehtiyatlarımız bizə ən azı yüz il kifayət edəcək. Artıq müasir nəqliyyat infrastrukturumuz var, təchizat marşrutlarımızı şaxələndirmişik. Şaxələndirmə təkcə istehlakçılar üçün yox, eyni zamanda, təchizatçılar üçün də əhəmiyyətlidir. Düzdür, indiki böhran zamanı istehlakçıların problemi diqqət mərkəzində olub, lakin təchizatçı ölkə kimi Azərbaycana da etibarlı və təhlükəsiz nəql marşrutları gərəkdir. Müxtəlif istiqamətlərdə boru kəmərləri inşa etməklə biz bu məqsədə nail oluruq. Bu gün söhbət Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün lazım olan əlavə həcmlərdən gedir. Bunun üçün Azərbaycanın imkanları var. Biz Türkiyə-Yunanıstan-İtaliya, “Nabucco”, Transadriatik boru kəmərləri kimi layihələrin müzakirələrində iştirak edirik. Ölkəmizdə bu vaxta kimi görülmüş işlər göstərir ki, Azərbaycan etibarlı tərəfdaşdır. Həyata keçirdiyimiz layihələrin heç biri böhran zamanı sual altına alınmadı”.

“Nabucco” layihəsinə toxunan dövlət başçısı Azərbaycanın yeni layihələrdə iştirak etməkdə maraqlı olduğunu, mövcud kəmərlərin nəqletmə qabiliyyətinin ölkənin enerji ehtiyatlarının ixrac potensialına tam cavab vermədiyini bildirib: “Biz bu gün hasil etdiyimiz qazdan, ola bilsin ki, iki dəfə artıq hasil edək. Bu il Azərbaycanda qaz hasilatı 20 milyard kubmetrdən artıq olacaq. İxracımız hələlik regional bazarla məhdudlaşır. Beləliklə, “Nabucco” və ya bu kimi layihələr şaxələndirmə və uzunmüddətli etibarlı təchizat mexanizmlərinə malik olmaq üçün imkan yaradır. Lakin əlbəttə ki, “Nabucco” ilə bağlı böyük əhəmiyyət daşıyan məqamlar, ilk növbədə, maliyyələşmə məsələsi aydınlaşdırılmalıdır. İkinci mühüm məsələ isə ondan ibarətdir ki, Avropa bu və ya digər dərəcədə vahid enerji siyasətinə malik olmalıdır. “Nabucco” bütün Avropa İttifaqını deyil, Mərkəzi Avropanın bir neçə ölkəsini birləşdirir. Digər mühüm məsələ bütövlükdə Avropa İttifaqının “Nabucco”nun həyata keçirilməsində nə dərəcədə önəmli rol oynamasından ibarətdir. Düzdür, ümidverici məqamlar var, lakin bu işdə hər hansı irəliləyişin olması vacibdir. Üçüncüsü, bizim üçün Azərbaycan qazının tranziti ilə bağlı məsələlərin aydınlaşdırılması mühümdür. Avropa İttifaqı bazarına birbaşa çıxış əldə etmək üçün tranzit ölkələrlə tranzit müqaviləmiz olmalıdır. Beləliklə, bütün bu mühüm məsələlər bir-biri ilə əlaqəlidir və biz bunların həyata keçirilmə sürətinə uyğun şəkildə hasilatın planlaşdırılmasını aparacağıq. Biz bazar olmadan qaz hasil edə bilmərik. Bazar və müqavilələr olmalıdır ki, sonra hasilat olsun. Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları minimum 2 trilyon kubmetr təşkil edir”.

Azərbaycan prezidenti “Nabucco” layihəsi ilə bağlı Rusiya tərəfindən hansısa təzyiqlər olması barədə məlumatları təkzib edib: “Bizə Rusiya tərəfdən heç bir təzyiq olmayıb. Enerji məsələsində Rusiya ilə aramızda heç bir ziddiyyət yoxdur”.

ABŞ-ın yeni prezidenti Barak Obamanın administrasiyası ilə əlaqələrin perspektivlərindən danışan dövlət başçısı münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb: “Azərbaycan-ABŞ əlaqələrinin qurulmasından uzun zaman keçir. Tərəfdaşlığımızda enerji siyasəti mühüm rol oynayır. Əlaqələrimiz hər iki ölkənin milli maraqlarına uyğundur. Ümid edirik ki, bu müsbət meyil yeni administrasiya ilə də davam edəcək”.

Prezident Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi siyasətindən də danışıb: “Strategiyamızın əsas məqamları bunlardır: şaxələndirmə və modernləşdirmə, iqtisadiyyatın enerji sahəsindən asılılığının azaldılması və ölkəmizin dayanıqlı inkişafının təmin olunması. Bununla bağlı müasir texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları, təhsil, əhalinin məşğulluğu, yoxsulluğun azaldılması, səhiyyə və digər sahələr prioritet təşkil edir. Bütün bunlar həyatımızın sosial sektorunu əhatə edir. Biz bütün bu sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əhəmiyyətli inkişafa nail olmuşuq. Qeyd etdiyim kimi, indi informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatımızın ən prioritet sahələrindəndir. Biz hazırda güclü iqtisadiyyatı, maliyyə imkanları, güclü intellektual potensialı olan ölkə qurmağı qarşımıza məqsəd qoymuşuq. Neftdən əldə etdiyimiz gəlirlər insan kapitalına sərmayə yatırmağa imkan verir. Hazırda informasiya-kommunikasiya texnologiyaları dünyada iqtisadiyyatın ən perspektivli sahələrindən biridir. Bu, təkcə iqtisadiyyat deyil, həm də bilikdir, təhsildir, ümumi inkişaf və müasirləşmədir. Biz dünyanın aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri ilə çox yaxşı əlaqələr qurmuşuq və bunun davam etdiriləcəyinə ümid edirəm. Biz indi peyk buraxmaq, Azərbaycanda kosmos sənayesi yaratmaq ərəfəsindəyik. Çox böyük planlarımız var və ümid edirəm ki, məqsədlərimizə nail olacağıq. Biz informasiya-kommunikasiya texnologiyaları sahəsinə böyük diqqət ayırırıq, hazırda isə informasiya-kommunikasiya texnologiyaları sahəsində şirkətlərin Azərbaycanı bu sahə üzrə regional mərkəz seçməsi üçün şərait yaradılmasını planlaşdırırıq. Regional mərkəz olmaq üçün yalnız arzunun olması kifayət deyil, burada birgə səylər lazımdır. Birinci, dövlətin bu işə fəal cəlb olunması, dövlət tərəfindən təşəbbüslər və dövlət informasiya-kommunikasiya texnologiyaları proqramı. İkinci, iqtisadiyyatın liberallaşdırılması, əlverişli sərmayə mühitinin yaradılması. Daha sonra, əlbəttə ki, əlverişli coğrafi mövqeyimizdən səmərəli istifadə edərək, regional mərkəzə çevrilmək. Necə ki, biz bunu nəqliyyat və enerji sahələrində etdik. Bu gün biz boru kəmərləri, avtomobil yolları, İpək yolu, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini inşa edirik. Bunlar həm əlverişli coğrafi mövqeyimiz, həm də konkret proqramlarımız əsasında həyata keçirilir. İnformasiya-kommunikasiya texnologiyaları sektorunda nəzərdə tutduğumuz işlər Azərbaycanı inkişafın yeni mərhələsinə gətirib çıxaracaq. Bildiyiniz kimi, gələcək neft və qaza deyil, texnoloji inkişafa məxsusdur. Neft və qaz ehtiyatları tez və ya gec tükənəcək, bilik və texnologiya isə hər zaman inkişafda dominantlıq edəcək. İnformasiya-kommunikasiya texnologiyaları sektoruna sərmayə yatıran, ən qabaqcıl texnoloji imkanlara malik ölkələr indi dünyada ön sırada dayanırlar”.

Texnoparkların və regional innovasiyaların dövlətin İKT proqramında nəzərdə tutulduğunu diqqətə çatdıran prezident İ. Əliyev Azərbaycanın ilkin sərmayə qoyuluşuna hazır olduğunu qeyd edib: “Əlbəttə ki, biz xarici və yerli sərmayələrin qoyuluşundan da məmnun olardıq. Lakin bu işlərə təkan vermək, başlamaq üçün biz bütün hazırlıq işlərini həyata keçirməli, infrastruktur yaratmalı, investisiyanı təmin etməliyik. Enerji layihələri üçün cəlbedici olmağı bacardığımız kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün də cəlbedici olmalıyıq”. /APA/