Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Xocalı faciəsindən 30 il ötür…
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasında keçirilmiş 11 aprel Prezident seçkiləri ilə əlaqədar BƏYANATI
Prezident İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib

Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə Azərbaycanda tarixən mövcud olmuş etnik-dini tolerantlıq mühitinin burada yüz illər boyu fəaliyyət göstərən səmavi dinlərin qarşılıqlı hörmət və etimada əsaslanan dinc yanaşı fəaliyyətini təmin etdiyi, ayrı-ayrı etiqad və inanclara mənsub insanlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında müstəsna rol oynadığı vurğulanır.

Qeyd edilir ki, bu gün dinlərarası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycan Respublikasında tarixi-mədəni irsin qorunub saxlanılması və təşviq edilməsi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Dövlətimizin başçısı vurğulayır ki, zəngin multikultural dəyərlərə və tolerantlıq ənənələrinə malik müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri var. “Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycandakı mövcud demokratik-hüquqi şəraitdən və mütərəqqi dövlət-din münasibətlərindən yararlanan xristian həmvətənlərimiz öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaqla, ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkəmizdə gedən böyük tərəqqi prosesinə və vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfələr verirlər”, – deyə Prezident qeyd edir.

Pasxa bayramının əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzi olduğunu qeyd edən dövlətimizin başçısı təbriki bu sözlərlə bitirir: “Qoy bu əziz gün ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin. Bayramınız mübarək olsun!”.