Prezident İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçiriləcək
Azərbaycanın üçüncü peyki “Azerspace-2” uğurla orbitə buraxılıb
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində inşa edilmiş digər xan saraylarından fərqli olaraq dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. İşğalda olmuş ərazilərdəki digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət Kompleksində yerləşib. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də bədnam qonşularımız tərəfindən dağıdılıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılıb. Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.

Kompleksdə yaradılan Qarabağ atları parkında qədim dövrlərdən şöhrəti dünyanı dolaşan Azərbaycanın Qarabağ atlarının auksionunun keçirilməsi, eyni zamanda, parkda müxtəlif vaxtlarda bu atların iştirakı ilə təlim və şou-proqramların təşkili nəzərdə tutulur.

Dövlətimizin başçısı Qarabağ atlarına baxdı.

Bildirildi ki, hazırda kompleksin ərazisindəki 6 min kvadratmetrlik sahədə yerləşən tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işləri ikinci mərhələdə davam etdirilir. Aparılan araşdırmalar nəticəsində yeni tarixi faktlar üzə çıxarılıb.

Qeyd olundu ki, Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilərlər.

Məlumat verildi ki, işğaldan əvvəl kompleksin ətrafında müxtəlif növ ağaclardan ibarət yaşıllıq zonası mövcud olub. İşğal zamanı digər ərazilərimizdə olduğu kimi, burada da düşmən tərəfindən ekoloji terror həyata keçirilib. Kompleksin qarşısındakı dörd qədim çinar və digər ağaclar məhv edilib.

Prezident İlham Əliyev həmin tarixi çinarların yerində ağac əkdi.

Sonda xatirə şəkli çəkdirildi.