Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin investisiya nazirini qəbul edib 

Azərbaycan Beynəlxalq Bankı ilk Bakı Kouçinq və Liderlik Konfransına dəstək verəcək
Azərbaycanda keçirilmiş prezident seçkiləri dünya mətbuatında
Şamaxıda “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-in Dubayda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Məhəmməd Həssən Əl Suveydi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırladı.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli dostluq münasibətlərinin bir çox sahədə uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyələrdə təmasların əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət etdiyi qeyd olundu.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimadın və hörmətin nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı bu gün imzalanacaq sənədlərin önəmi qeyd edilərək bunun iqtisadi sahədə əməkdaşlığın və ümumilikdə əlaqələrimizin uğurlu inkişafının yaxşı göstəricisi olduğu bildirildi.

Sonra sənədlərin imzalanması mərasimi oldu.

Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşması imzalandı.

Razılaşmanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzaladılar.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalandı.

Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzaladılar.