Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkiləcək
Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olunub
Sahil Babayev: “Bu gün bizim əmək bazarımızda çətinliklər və çağırışlar çox ciddidir”

AVCIYA-nın eksperti, Azərbaycan Universitetinin professoru Asif Hacıyevin Rusiya Federasiyasının ali təhsil müəssisələrinin tələbələri üçün yeni dərs vəsaitləri dərc olunub. Filologiya ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar üçün nəzərdə tutulmuş “XX və XXI əsrlərin qovşağında rus nəsri. Əsas istiqamət və cərəyanlar” (“Русская проза рубежа ХХ и ХХI веков. Основные направления и течения”) adlı tədris-metodik vəsaitdə iki əsrin qovşağında müasir rus nəsrinin tarixi tipologiyası, mövzu və motivləri, müasir ədəbi prosesin ümumi səciyyəsi və əsas inkişaf meylləri, o cümlədən neorealizm, kütləvi və şəbəkə ədəbiyyatı, modernizm və postmodernizm, eləcə də rus postmodernizminin Azərbaycan konteksti, postintellektualizm, “qadın nəsri” və digər cərəyanlar tədqiq olunmuşdur,  bu dövr ədəbiyyatının nəzəri-epistemoloji anlayışları dəqiqləşdirilmiş, mövzular barədə analitik məlumat verilmişdir, ikidillilik və rusdillilik, rus nəsrində türk üslubu nəzərdən keçirilmişdir. Tədris vəsaitinə kursun tədrisi üzrə müəllimlər üçün mərhələli metodik göstərişlər, mühazirələrin və praktik dərslərin planları əlavə olunmuşdur.

İkinci kitab rus və keçmiş postsovet xalqları ədəbi prosesinin mühüm hadisəsi olan mifopoetik nəsr yaradıcılığına həsr edilib. “XX əsrin ikinci yarısı rus nəsri. Mifopoetika məsələləri” (“Русская проза второй половины ХХ века. Вопросы мифопоэтики”) adlı dərs vəsaitində keçən əsrin ikinci yarısı rus nəsrinin yaradıcılıq tipologiyası, ideya-estetik məzmunu və bədii xüsusiyyətləri mifopoetik aspektdə nəzərdən keçirilmişdir. Dərs vəsaitinin birinci fəslində mifopoetik təhlilin metodoloji problemləri şərh olunmuş,  ikinci fəsildə nəzəri məsələlərin – müəllif, obraz, kompozisiya, süjet, xronotop və janr anlayışlarının müvafiq təfsiri verilmişdir. Dərs vəsaitinin poetika məsələlərinə həsr olunmuş üçüncü fəslində B.M.Şukşin, V.İ.Belov, V.P.Astafyev, V.Q.Rasputin, Y.V.Trifonov, F.A.Abramov, V.F.Tendryakov, V.S.Makanin, A.A.Kim, V.V.Orlov kimi görkəmli rus yazıçılarının yaradıcılığında mif-folklor elementlərinin, ənənəvi semantik universalilərin və süjet invariantlarının rolu tədqiq olunmuş, mifopoetik təfsir əsasında bu yazıçıların əsərlərinin ənənəvi sosioloji münasibətdən fərqli semantik təfsiri verilmişdir. Bu fəslin hər bir bölümünə düşünmə və müzakirə üçün kreativ suallar və biblioqrafiya əlavə edilmişdir.   

Rusiya ali təhsil və filoloji tədqiqat təcrübəsində ilk dəfə olaraq, dərs vəsaitinə müasir rus ədəbiyyatının Azərbaycan konteksti və Azərbaycan məktəblərində milli mentalitetə və müasir sosial-mədəni mühitə uyğun tədrisi haqqında bölmələr daxil edilib. Eyni zamanda vəsaitin geniş həcmli xüsusi bölməsində ilk dəfə müasir rus nəsrində orijinal “türk üslubu”nun mövcudluğu və bədii özünəməxsusluğu türk əsilli rusdilli yazıçıların konkret əsərlərinin təhlili əsasında təsbit olunmuşdur.

Nəşriyyatın annotasiyalarında qeyd edilir ki, hər iki kitab Ali təhsilin Rusiya Federal dövlət təhsil standartlarının tələblərinə uyğun yazılıb və “Filologiya” ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar üçün nəzərdə tutulub. Dərs vəsaitləri Rusiya Federasiyasının ali təhsil müəssisələri üçün tədris resurslarının nəşri üzrə ixtisaslaşmış “Ali təhsil” (“Вузовское образование») nəşriyyatının təşəbbüsü və vəsaiti hesabına dərc edilib. Qeyd edək ki, bundan öncə professor Asif Hacıyevin Rusiya, Almaniya, Türkiyə və İranda rus ədəbiyyatına dair üç dərs vəsaiti və iki monoqrafiyası dərc olunub.