Professor Məhərrəm Zülfüqarlı: Azərbaycan əsgəri Vətən müharibəsi günlərində tarix yazdı

Azərbaycanda təhsil tələbə kreditləri (TTK) veriləcək
24 oktyabr BMT günüdür
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər

Azərbaycan xalqının tarixi yaddaşına beş min illik dövlətçilik şüuru hakimdir. Bu səbəbdən də tarixin müxtəlif dönəmində işğalçılara qarşı döyüş və müharibələrdə əzmi, əyilməzliyi sayəsində bir millətin qəhrəmanlıq irsi çırağını yandırmağa müvəffəq olub. Azərbaycan dövlətinin və xalqının böyük qəhrəmanlıq və qibtəedici şücaət tarixi isə 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəsi ilə yazıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  (AVCİYA) I vitse prezidenti Məhərrəm Zülfüqarlı söyləyib. Professor bildirib ki, dünyanın qüdrətli ölkələrinə nümunə olacaq xalq-dövlət-ordu birliyi bu möhtəşəm Qələbəni bizə bəxş etdi. Qəhrəman ordumuz canı-qanı, yüksək döyüş əzmi sayəsində torpaqlarımızı işğaldan azad etdi və dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Prezident İlham Əliyev xalqa müraciətlərinin birində bu barədə deyib: “Onu da bildirməliyəm ki, düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur. Düşmən öz xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamısı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Azərbaycan əsgər və zabiti yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik”.

“Ekspertlər bildirirlər ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitində həyata keçirilən Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazıldı. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun modernləşdirilməsi prosesinə imza atması Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin nəticəsidir. Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması faktı bunun konkret ifadəsidir.

Milli Ordumuzun XXI əsrin ən müasir silahlarından istifadə etməklə Qələbə qazanması əksər dünya dövlətləri tərəfindən gözlənilməz oldu. Lakin bu, Azərbaycan xalqı üçün gözlənilməz deyildi. Çünki ümummilli lider Heydər Əliyevin bütün çıxışlarında xalqımızın işğalla heç zaman barışmayacağı, torpaqlarımızı öz gücünə işğaldan azad edəcəyini xüsusi vurğulaması xalqın qələbəyə inamını daim artırmışdı. Vətən müharibəsi günlərində qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi, Pakistanın və digər dövlətlərin bu dəstəyə qoşulması Azərbaycanın haqq işinin beynəlxalq aləmdə əvvəlki illərə nisbətən daha güclü müdafiə olunmasını şərtləndirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” söyləməsi erməni təxribatlarına cavab üçün əlverişli vaxtın düzgün seçilməsində təsdiqini tapdı. Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı cavab olaraq hərbi əməliyyatlara başladı və 44 günlük Vətən müharibəsində Qələbə qazanmaqla 30 ilə yaxın işğala son qoydu. Bu möhtəşəm Qələbə ilə Azərbaycan xalqı işğala məruz qalmış xalqdan qalib xalqa çevrildi.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər 44 günlük İkinci Qarabağ müharibəsində həlak olanların, ümumiyyətə bütün şəhidlərimizin xatirəsinin anılması və uca tutulması hamımızın borcudur. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunacaq.

Xalqımız Anım Gününə işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən möhtəşəm bərpa və quruculuq işləri, Şuşaya qısa müddətdə çəkilən “Zəfər yolu”, iqtisadiyyatımızın, ordumuzun daha da gücləndirmək, qardaş Türkiyə, Pakistan ilə dostluq, qardaşlıq əlaqələrini daha da möhkəmləndirmək və xalqda vətənpərvərlik duyğularını daha da gücləndirmək amalı ilə gedir. Ölkəmizin hər qarış torpağını müqəddəs sanıb, məhz şəhidlik zirvəsini şərəf bilən, bizlər tərəfindən haqqı ödənilməyən Vətən övladlarını Anım Günündə bir daha minnətdarlıqla yad edir, ruhları qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi, rəşadətli Ordunun Müzəffər Ali Baş Komandanını, xalqımızı qorusun”, – deyə M.Zülfüqarlı fikrini yekunlaşdırıb.

AZƏRTAC