Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 100 illik yubileyi geniş qeyd olunub

Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi problemi BMT-nin İnsan Hüquqları Şurasının iclasında müzakirə edilib
Bəyanat: Aİ-nin ATƏT-dəki nümayəndəliyi sərhədlərin toxunulmazlığından danışsa da, Dağlıq Qarabağla bağlı prinsipial mövqe nümayiş etdirmir
Pekində 2-ci “Bir kəmər, bir yol” Forumu işə başlayıb, Azərbaycan Prezidenti Forumda iştirak edir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən həmin ildən etibarən hər il öz peşə bayramlarını qeyd etmək imkanı əldə edən Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bu gün milli prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyini və növbəti peşə bayramını qeyd edir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun 100 illik yubileyi münasibətilə dövlətimizin başçısı İlham Əliyevin təbrik məktubunu oxuyub.

Tədbirdə çıxış edən baş prokuror Zakir Qaralov Azərbaycan Prokurorluğunun 100 illik yubileyi və peşə bayramı günü münasibətilə Baş Prokurorluğun kollegiyası adından prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini səmimi qəlbdən təbrik edərək bildirib ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir dövlət təsisatı kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olub.

Bildirilib ki, xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubiley münasibətilə prokurorluq əməkdaşlarına və veteranlara ünvanlanmış təbrikinin əhəmiyyətini vurğulayan baş prokuror bildirib ki, Azərbaycan Prokurorluğunun 100 illik tarixi ərzində keçdiyi inkişaf yoluna, Azərbaycan Xalq Cümhuriyyəti dövründə və ondan sonrakı tarixi mərhələlərdəki fəaliyyətinə qiymət verən həmin müraciətdə Ümummilli Liderin rəhbərliyi ilə milli prokurorluğun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, müasir dövrdə prokurorluq orqanlarının qarşısında duran vəzifələr müəyyənləşdirilib. Eyni zamanda, minnətdarlıq hissi ilə qeyd edilib ki, yubiley ərəfəsində dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Sərəncamla bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatları – orden və medallarla təltif edilməsi kollektivin böyük sevincinə səbəb olub.

Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işləri diqqətə çatdıran baş prokuror vurğulayıb ki, son dövrlərdə Azərbaycan Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşdırılması, hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiq olduğu yerini tutub.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada iqtisadi və maliyyə böhranlarının hökm sürməsinə baxmayaraq, sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, dünyada nüfuzunun artması, respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi hər bir azərbaycanlını gələcəyə ruhlandırır.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi tarixi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılmaqla fəaliyyəti üçün zəruri normativ hüquqi bazası yaradılıb, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, yüksək tələblər səviyyəsində işləmək bacarığı olan kadr korpusu formalaşdırılıb.

Bir çox dövlət təsisatı kimi prokurorluq orqanlarının da yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət sürdüyü 23 aylıq dövrə təsadüf edir. 1918-ci il 1 oktyabr tarixli qərarla Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları öz 100 illik tarixi ərzində xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşıb, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində öz xidmətlərini göstərib.

Xüsusi vurğulanıb ki, dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsi olaraq, ixtisaslaşdırılmış qurum kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti üçün normal şəraitin yaradılması, əməkdaşlarının sayının əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni strukturun formalaşdırılması, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq, bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətinin verilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və digər bu kimi islahat tədbirləri korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırıb, profilaktiki fəaliyyət daha da gücləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 3 mart tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tətbiq edilməsi barədə Sərəncamına əsasən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaradılması və sonrakı illərdə fəaliyyətinin təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənin ən yüksək təzahürü və ölkə rəhbərliyinin prokurorluq orqanlarının cəmiyyətdəki roluna, funksiyalarına və fəaliyyətinə verilən inam və etimadın təcəssümü kimi dəyərləndirilib.

Mərasimdə qeyd edilib ki, ötən dövrlər ərzində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, istintaq fəaliyyətinin təkmilləşdirilməsi, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarəti, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin səmərəliliyinin yüksəldilməsi, mövcud çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılmaqla ciddi nəzarət mexanizminin yaradılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı tərəfindən prokurorluq orqanlarına daim yüksək diqqət və qayğı göstərilərək prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə 2008-ci il 27 sentyabr tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın Azərbaycan Prokurorluğunun 100 illik tarixində ən önəmli hadisələrdən biri olmaqla yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyub.

Prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında müstəsna əhəmiyyətə malik olmuş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin qurulması üçün hərtərəfli zəmin yaradılıb, eləcə də prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilərək prokurorluğun maddi-texniki təminatı yaxşılaşdırılıb. Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər sırasında Gəncə və Sumqayıt Şəhər prokurorluqlarının ən müasir standartlara cavab verən yeni inzibati binalarının tikilərək yubiley ərəfəsində əməkdaşların istifadəsinə verilməsi xüsusi qeyd edilib.

Bildirilib ki, ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, mütərəqqi və şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi kimi, 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə nəticəsində qulluğa qəbul edilən 873 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 67 faizini təşkil etməsi, müxtəlif sahələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi, alternativi olmayan müsabiqə yolu ilə qulluğa qəbulun bundan sonra da davam etdiriləcəyinə əminlik yaradıb.

Tədbirdə çıxış edən prokurorluğun veteranı Qənimət Səfərov prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan, Baş Prokurorluğun hüquqi təminat idarəsinin prokuroru Vüsal Mehrəliyev isə prokurorluğa qulluğa qəbul edilmiş gənclərə göstərilən dövlət qayğısından ətraflı söz açıblar.

Çıxışlarda qəti inam ifadə olunub ki, bu gün öz peşə bayramını və 100 illik yubileyini qeyd edən Azərbaycan Prokurorluğunun kollektivi öz məsuliyyətini dərindən dərk etməklə, fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, respublikamızın dinamik inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcək.

Mərasimdə xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə baş prokuror tərəfindən “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı, “Prokurorluğun fəxri işçisi” döş nişanı, fəxri fərmanlar və digər təltiflər təqdim edilib.

Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.