Qənirə Paşayeva: Münaqişələrin həllinə nail olunması, işğallara son qoyulması üçün səylər daha da gücləndirilməlidir

Azərbaycanın xarici işlər nazirinin məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İƏT-in sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edilib
Prezident İlham Əliyev “Courtyard by Marriott Baku” otelinin açılışında iştirak edib

Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə çatmaq üçün üzv ölkələr səylərini daha da genişləndirməli, fəaliyyətlərini sürətləndirməlidirlər. Bütün üzv ölkələri əsas məqsədlərdən biri olan gender bərabərliyi mövzusuna daha çox diqqət ayırmağa çağırırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva birgə müzakirələr zamanı qrup adından çıxış edərək söyləyib.

Deputat bildirib ki, Davamlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınlara səlahiyyət verilməsi sahəsində irəliləyişlərə nail olunmasına baxmayaraq, bu sahədə üzv ölkələrdə hələ çox işlərin görülməsinə böyük ehtiyac var. Gender bərabərliyi təkcə təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökm sürdüyü, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir. Qadınların iqtisadi həyatda, idarəetmədə rolunun artırılmasına daha çox önəm verilməli olduğunu vurğulayan deputat Davamlı İnkişaf Məqsədlərində gender amilinə xüsusi diqqət verildiyini diqqətə çatdırıb. Bildirib ki, mövcud ölkə siyasətinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun qiymətləndirilməsində yoxsulluq indeksi, insan inkişafı indeksi ilə yanaşı, gender bərabərliyi göstəriciləri mühüm əhəmiyyət daşıyır. Bir sıra ölkələrdə qadınların iqtisadi resurslara, informasiyaya çıxışında çatışmazlıqlar var və bu sahədə cəmiyyətin maarifləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsi gücləndirilməlidir.

Q.Paşayeva Dayanıqlı İnkişaf Məqsədlərinin üzv ölkələrdə tədris proqramlarına daxil edilməsinin, gender zorakılığı və uşaqlara qarşı zorakılıq, eləcə də insan alveri hallarına qarşı mübarizəni daha da gücləndirməyin əhəmiyyətinə toxunub.

Deputat Azad Demokratlar Qrupu olaraq yoxsulluqla mübarizəyə, qaçqın və məcburi köçkün probleminə diqqəti daha çox artırmağa çağıraraq deyib: “Mən torpaqlarının 20 faizi 25 ildən artıqdır Ermənistanın işğalı altında olan və 1 milyon qaçqın və məcburi köçkünü olan bir ölkənin təmsilçisi kimi, yaşadığımız dünyada hər gün minlərlə insanın münaqişələr, işğallar səbəbindən sığınacaq axtarmaq üçün öz evlərini tərk etmək məcburiyyətində qalmasını anlayıram. Bu məsələ hamımızı ciddi narahat etməlidir. Münaqişələrin həllinə nail olunması, işğallara son qoyulması istiqamətində ümumi səyləri daha da gücləndirməliyik. Vərəm, hepatit və digər bu kimi xəstəliklərlə mübarizənin daha da güclənməsinə ciddi ehtiyac var”.

Q.Paşayeva Azərbaycanda Davamlı İnkişaf Məqsədləri ilə bağlı çoxlu işlər görüldüyünü, layihələr, islahatlar həyata keçirildiyini və nəticədə bir çox uğurlar əldə edildiyini diqqətə çatdırıb.

“Ümid edirik ki, bu cür müzakirələr və müzakirə etdiyimiz sənədlərdə qeyd olunan təkliflərə üzv ölkələrdə daha çox diqqət yetirilməsi əldə edilən uğurları daha da artıracaq”, – deyən deputat üzv ölkələri qətnamə layihələrində qeyd edilən məsələlərə daha çox diqqət yetirməyə çağırıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq