
Qərbi Azərbaycandakı Qaraqoyunlu adlanan region 1938-ci ilin yanvar ayına qədər Qazax qəzasının Dilicanın tərkibində olmuşdur. Bu regionda 14 kənd mövcud olmuşdur: Haqqıxlı, Alaçıqqaya, Murteyil, Ağkilsə, Polad, Salah, Göyərçin, Qaraqaya, Yanıqpəyə, Çaykənd, Böryabad, Əmirxeyir, Gölkənd və Cıvxılı.
1938-ci ildə bu kəndlərdən Qaraqaya, Yanıqpəyə, Çaykənd, Böryabad, Əmirxeyir, Gölkənd və Cıvxılı kəndləri yeni təşkil edilmiş Krasnoselo rayonunun tərkibinə, Haqqıxlı, Alaçıqqaya, Murteyil, Ağkilsə, Salah, Polad və Göyərçin kəndləri isə İcevan rayonunun tərkibinə keçirilib.
Bu 14 kəndin hamısı sovetləşmədən əvvəl Çaykənd kəndindəki koxvalığa tabe olub. Bütövlükdə isə bu kəndlərin məskunlaşdığı ərazi Qaraqoyunlu dərəsi, Qaraqoyunlu adlanıb. Burada yerləşən 14 kəndin əhalisi ən azı beş dəfə (1895–1896, 1905–1907, 1918–1920, 1948–1953, 1988) erməni millətçiləri tərəfindən doğma torpaqlarından qovulublar. Bu illərdə əhali uzun müddət qurub-yaratdıqları hər şeyi itiriblər. XX əsrin əvvəllərində isə bu ərazidə məskunlaşan əhali mənəvi dəyərlərə daha çox önəm verməyə başladılar.
Araşdırmalar göstərir ki, Qaraqoyunlu kəndlərində ilk təhsil ocaqları dini mədrəsələr olub. Bu tipli məktəblər ilk dəfə Haqqıxlı, Polad, Qaraqaya, Çaykənd və Gölkənd kəndlərində ruhani təhsil almış mollaların evlərində təşkil olunurdu. Belə məktəblər arasında Haqqıxlıda Molla Nəbi məktəbi, Poladda Molla Həsən məktəbi, Qaraqayada Molla Vəli, Çaykənddə Molla Məhəmməd, Gölkənddə Molla Həşim məktəbi daha məşhur idi. Bu məktəblər 1890-cı ilə qədər fəaliyyət göstəriblər.
1890-cı ildən başlayaraq Qaraqoyunlu kəndlərinin bir neçəsində dünyəvi elmlərdən məlumat verən rus-tatar və rus-müsəlman məktəbləri yaradılıb. Rus dilində təşkil edilən bu məktəblər könüllülük prinsipi əsasında 2-3 sinifdən ibarət evlərdə fəaliyyət göstərib.
Tarixi məlumatlardan aydın olur ki, Qaraqoyunlu kəndlərində ilk dövlət məktəbi Qaraqoyunlunun mərkəzi kəndi olan Çaykənddə yaradılmış iki sinifli rusdilli məktəb olub.Araşdırmalara əsasən, Çaykənddə yaradılmış bu məktəbin ilk məzunu Bala Əfəndiyev olmuşdur. Bala İbrahim oğlu Əfəndiyev 1893-cü ildə Gəncə quberniyası, Qazax uyezdi, Qaraqoyunlu mahalının Çaykənd kəndində ruhani ailəsində doğulmuşdur. Onun mənsub olduğu Əfəndilər nəslinin başçısı, babası Hacı Alı Əfəndi təhsilli din xadimi, kəndin ruhani rəhbəri olub. Əfəndilər nəsli Qaraqoyunlu dərəsinin imkanlı, sayılıb-seçilən tayfalarından idi. Bala dünyaya gəlməmiş atası İbrahim Əfəndi dünyasını dəyişir. Bala ilə böyük qardaşı Lətif, anası Yaqutun – əmiləri Molla Məhəmmədin və Əhmədin himayəsində böyüyürlər. Əmisi Molla Məhəmməd Balanı təhsil almaq üçün molla yanına qoyur. İlk təhsilini kənd mollaxanasında almış Bala təhsilini artırmaq üçün 1907-ci ildə Çaykənddə açılan rus-tatar məktəbinin hazırlıq sinfinə daxil olur. O, bir il bu məktəbdə oxuduqdan sonra təhsilini 1908-ci ildə Qazaxdakı dördsinifli rus məktəbində davam etdirir. Bala təhsil aldığı illərdə ərəb, rus və digər dillərə də yiyələnir.
Araşdırmalara əsasən, Çaykənddə yaradılmış bu məktəbin ilk məzunu Bala Əfəndiyev olmuşdur. Bala İbrahim oğlu Əfəndiyev 1893-cü ildə Gəncə quberniyası, Qazax uyezdi, Qaraqoyunlu mahalının Çaykənd kəndində ruhani ailəsində doğulmuşdur. Onun mənsub olduğu Əfəndilər nəslinin başçısı, babası Hacı Alı Əfəndi təhsilli din xadimi, kəndin ruhani rəhbəri olub. Əfəndilər nəsli Qaraqoyunlu dərəsinin imkanlı, sayılıb-seçilən tayfalarından idi. Bala dünyaya gəlməmiş atası İbrahim Əfəndi dünyasını dəyişir. Bala ilə böyük qardaşı Lətif, anası Yaqutun – əmiləri Molla Məhəmmədin və Əhmədin himayəsində böyüyürlər. Əmisi Molla Məhəmməd Balanı təhsil almaq üçün molla yanına qoyur. İlk təhsilini kənd mollaxanasında almış Bala təhsilini artırmaq üçün 1907-ci ildə Çaykənddə açılan rus-tatar məktəbinin hazırlıq sinfinə daxil olur. O, bir il bu məktəbdə oxuduqdan sonra təhsilini 1908-ci ildə Qazaxdakı dördsinifli rus məktəbində davam etdirir. Bala təhsil aldığı illərdə ərəb, rus və digər dillərə də yiyələnir.
Qaraqoyunluların təkidi və tələbi ilə Çaykənd orta məktəbinə Bala Əfəndiyevin adı verilmiş və məktəbin qarşısında onun büstü qoyulmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda həyat yoldaşı, 1906-cı ildə Çaykənd kəndində anadan olmuş Fatma xanım da ilk təhsilini Çaykənd kəndində alıb. Çaykənd orta məktəbinin məşhur məzunları haqqında ən geniş məlumatlar uzun müddət həmin məktəbin direktoru işləmiş, dəyərli ziyalılardan və ağsaqqallardan biri olan Qurban Yusif oğlu Süleymanovun yazıb nəşr etdirdiyi “Əzəli Oğuz yurdum – Doğma Çaykəndim” adlı kitabında göstərilib.
Qərbi Azərbaycan İcmasının (QAİ) Çaykənd kənd icmasının sədri Əflatun Abdullayev qeyd edir ki, Çaykənd məktəbində fəaliyyət göstərən müəllimlərin əksəriyyəti elə kəndin öz sakinləri idi:
“Kadr çatışmazlığı səbəbindən 7 illik təhsili başa vuran məzunlar elə həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayırdı. O dövrdə məktəbə getmək çətin idi. Şagirdlər yolboyu müxtəlif maneələrlə qarşılaşır, bu da onların təhsili üçün əlavə problemlər yaradırdı. Bu vəziyyət həmin dövrdə təhsil almağın nə qədər çətin olduğunu və insanların bunun üçün böyük zəhmət çəkməli olduğunu göstərirdi.
1960-cı illərdən sonra kənd yerlərində iş tapmaq asan deyildi. Əsas məşğulluq sahələri müəllimlik və kolxoz təsərrüfatı ilə bağlı idi. Müəllimlər məktəbdə çalışır, digərləri isə sağımçılıq, əkinçilik və digər kənd təsərrüfatı işləri ilə məşğul olurdu. İş tapmayanlar əsasən ev təsərrüfatına kömək edir, yayda kolxoz işlərində iştirak edir, qışda isə öz becərdikləri məhsullarla dolanırdılar. Kənddə uşaq bağçası olmadığı üçün qadınlar əkin-biçin işlərinə uşaqlarını da aparmağa məcbur olurdu.
Çaykənddə təhsilə böyük önəm verilirdi. Qızlar və oğlanlar birlikdə təhsil alırdılar. Valideynlər uşaqlarının təhsildən yayınmasına imkan vermirdilər. Kənddə az sayda uşaq məktəbə getməsə də, ümumilikdə təhsil almaq vacib hesab olunurdu. Sonradan məzunlar müəllim, həkim, musiqiçi və digər peşələrə sahib olurdu. Yəni, kənddə elə bir mühit formalaşmışdı ki, savadlı olmaq normal və zəruri bir dəyər kimi qəbul edilirdi”.
Çaykənddə təşkil edilən məktəblər üç mərhələdə fəaliyyət göstərib:
1.İbtidai təhsil (1900–1920);
2.Yeddillik təhsil (1920–1935);
3.Orta təhsil (1935–1945; 1969–1988).
Bu təhsil illərində Haqqıxlı, Salah, Polad, Qaraqaya, Yanıqpəyə, Gölkənd, Əmirxeyir, Böryabad kəndlərinin gəncləri ibtidai, yeddillik və orta təhsil alıblar.
Qaraqoyunluda təhsilin inkişafını daha da genişləndirmək məqsədilə dövlət tərəfindən ilk dəfə 1937-ci ildə Gölkənddə ikimərtəbəli məktəb binası inşa edilib. Daha sonra, 1969–1970-ci illərdə Salah və Çaykənd kəndlərində müasir tələblərə cavab verən orta məktəb binaları tikilib. Qalan kəndlərdə isə orta məktəb binaları yerli təşkilatların hesabına inşa olunub.
Qaraqoyunluların mədəni-elmi inkişafında bu təhsil ocaqlarının rolu yüksək olub. Yerli əhali elmi biliyə böyük dəyər verdiyindən, məktəbi bitirən məzunlar yüksək elmi nailiyyətlər əldə edirdilər.
1922-ci ildən sonra Qaraqoyunlu kəndlərində təhsilin inkişafında mühüm dönüş yarandı. Bu vaxta qədər Haqqıxlı, Polad, Salah, Çaykənd, Gölkənd, Əmirxeyir, Yanıqpəyə, Qaraqaya kəndlərində yalnız ibtidai təhsil mövcud idi. 1922-ci ildən etibarən Çaykənddə 7 illik təhsilin əsası qoyulmağa başladı.
Elmə və təhsilə böyük marağı olan gənclər artıq başqa yerlərə getmədən, 7 illik təhsil almaq üçün Çaykənddə yaradılmış məktəbə üz tuturdular. Lakin bu dövr bir çox çətinliklərlə müşayiət olunurdu. Qaraqoyunlunun kəndlərinin əhalisi erməni daşnakları tərəfindən doğma yurdlarından qovulmuş, Azərbaycanın müxtəlif şəhər və rayonlarına səpələnmişdi. Bolşeviklərin həm Azərbaycanda, həm də Ermənistanda hakimiyyətə gəlməsi vəziyyəti müəyyən qədər dəyişmişdi. Bolşevik ruhlu rəhbərlər millətlər arasında münasibətlərin yaxşılaşmasına çalışır, yerlərindən qovulmuş əhalinin öz yurdlarına qaytarılmasını təşkil edirdilər. Bu tədbirlər nəticəsində Azərbaycan rayonlarında müvəqqəti məskunlaşan azərbaycanlılar doğma yurdlarına qayıtdılar.
Boş qalmış kəndlərdə tədricən evlər bərpa edilir, insanlar yenidən öz yaşayış tərzlərini qurmağa çalışırdılar. Lakin ən böyük çətinliklərdən biri dağıdılmış evlərin bərpası və əhalinin ağır maddi vəziyyətdən çıxarılması idi. Dəfələrlə talana məruz qalmış insanlar həyat tərzlərini yenidən qurmaq məcburiyyətində idilər. Bu mürəkkəb və keşməkeşli illərdə kəndlərdə təhsilin inkişafı da ciddi maneələrlə üzləşmişdi. Maddi çətinliklər səbəbindən məktəbdə təhsil alan şagirdlərin sayı azalmışdı. Hətta Çaykənddən uzaqda yerləşən kəndlərin uşaqları məktəbə gələ bilmirdilər.
Bundan əlavə, kəndlərdə maddi çətinliklərlə yanaşı, ixtisaslı müəllimlərin də ciddi çatışmazlığı var idi. Bu səbəbdən tədrisin keyfiyyəti və davamlılığı üçün əlavə tədbirlərin görülməsi zərurətə çevrilmişdi.
1922-ci ildən Çaykənd kəndində fəaliyyət göstərən kənd gənclər məktəbində şagirdlərin təhsilə cəlb edilməsində bir sıra çətinliklər mövcud idi. Bu illərdə fərdi təsərrüfatçılıq geniş yayılmışdı. Torpaq əhaliyə paylanmış, sakinlər bu torpaqlardan xüsusi təsərrüfat sisteminə uyğun şəkildə istifadə edirdilər. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq idi. Buna görə də Qaraqoyunlu dərəsinin bütün kəndlərində insanlar gecəni gündüzə qataraq zəhmətləri ilə güzəranlarını yaxşılaşdırmağa çalışırdılar.
Digər kəndlərdə olduğu kimi, Çaykənddə də ruhani təhsilli adamlar az sayda idi. Onların fəaliyyəti isə nəzarət və təzyiqlər altında idi. Bu şəraitdə yaşamaq çətin olduğundan kəndlərin nisbətən varlı sakinləri övladlarını Qazax şəhərinə, Gəncəyə və İrəvana oxumağa göndərirdilər. Lakin bu, bütün əhalini təmin edə bilmirdi. Buna görə də kəndlərin qabaqcıl adamları qonşu Qazax rayonundan və İrəvan mahalından savadlı şəxsləri dəvət edərək övladlarına dərs vermələrini təşkil edirdilər.
Uşaqların birlikdə oxuması üçün xüsusi məktəb binaları yox idi. Belə bir bina yalnız Çaykənddə mövcud idi. Yeddi otaqdan ibarət bu bina kəndin mərkəzində, Dilican-Çəmbərək yolunun üstündə yerləşirdi. Rusiya hökuməti bu binanı “Zayej” adlandıraraq 1905-ci ildə öz nümayəndələri üçün inşa etdirmişdi. Burada rus nümayəndələri yerləşərək ətraf kəndlərə nəzarət edir və rəhbərlik edirdilər.
Həmin binanın bir-iki otağında uşaqların təhsil almasına, bir otağında isə həkim məsləhətinin verilməsinə icazə verilmişdi. 1922-ci ildən etibarən Çaykənd kəndində 7 illik natamam məktəb fəaliyyətə başladı. 1930-cu ildən sonra bina tamamilə məktəbin ixtiyarına verildi. Burada tədris üçün lazımi avadanlıqlar əldə edildi və təlim üçün ən zəruri şərait yaradıldı. 1935-ci ildən isə bu məktəb tam orta məktəbə çevrildi.
Müəllimin nüfuzu Qaraqoyunlu kəndlərinin hamısında yüksək səviyyədə idi. Bunun əsas səbəbi Qaraqoyunlu kəndlərində yaşayan insanların elmə, sənətə, mədəniyyətə, ən başlıcası isə halal zəhmətə və dürüstlüyə olan səmimi münasibəti idi. Əgər bu keyfiyyətlər olmasaydı, Qaraqoyunlu gəncləri təhsildə yüksək nailiyyətlər əldə edə bilməzdilər.
1930-1940-cı illər Qaraqoyunlu kəndlərində pedaqoji orta təhsilli müəllimlik hüququ almış gənc kadrların yetişdiyi dövr oldu.
Həmin illərdə İrəvan, Gəncə, Qazax və Bakı şəhərlərində pedaqoji təhsil almış kadrların siyahısını təqdim edirik:
1. Abdullayev Həmid Qəşəm oğlu, 1938, İrəvan;
2. Abdullayev Qaraca Eyyub oğlu, 1939, Qazax;
3. Aliyev Oruc Ramazan oğlu, 1937, İrəvan;
4. Babayev Miri Mansur oğlu, 1938, Bakı;
5. Babayev Zəryar Qulu oğlu, 1938, Gəncə;
6. Babayev Sarı Mansur oğlu, 1936, Gəncə;
7. Mahmudov Bəşir Qasım oğlu, 1936, İrəvan;
8. Mahmudov Nəsir Qasım oğlu, 1938, İrəvan;
9. Əhmədov Qulu Abdulla oğlu, 1938, İrəvan;
10. Əhmədova Mehri Arıx qızı, 1937, Qazax;
11. Əfəndiyev Xalid Məhəmməd oğlu, 1937, Gəncə;
12. Əfəndiyev Qurban Həsən oğlu, 1937, Bakı;
13. Əsgərov Əkbər Alı oğlu, 1936, Bakı;
14. Osmanov Osman Qurban oğlu, 1937, Bakı;
15. Osmanov Seyfəddin Qurban oğlu, 1937, İrəvan;
16. Osmanov Sərvaz Alı oğlu, 1936, İrəvan;
17. Osmanov Hüseyn Qara oğlu, 1936, İrəvan;
18. Qarayev İslam Şöbbəli oğlu, 1937, İrəvan;
19. Kərimov Məmməd Osman oğlu, 1937, İrəvan;
20. Kərimov Səməd Osman oğlu, 1938, İrəvan;
21. Hətəmov Nəbi Abdulkərim oğlu, 1938, İrəvan;
22. Məmmədova Gilas Məsim qızı, 1938, Qazax;
23. Məmmədov Məhərrəm Məmməd oğlu, 1932, Bakı;
24. Musayev İsa Musa oğlu, 1936, Bakı;
25. Məhmudov Mustafa Pirməmməd oğlu, 1937, İrəvan;
26. Nəsibov Yusif Neymə oğlu, 1938, İrəvan;
27. Nəsibov Əsəd Neymə oğlu, 1936, Gəncə;
28. Həsənov Osman Gülməmməd oğlu, 1934, Gəncə;
29. Həsənov İsmayıl Gülməmməd oğlu, 1938, Gəncə;
30. Həsənov Mansur Gülməmməd oğlu, 1936, Gəncə;
31. Həsənov İmran Gülməmməd oğlu, 1936, Gəncə;
32. İsmayılov İlxıçı Mustafa oğlu, 1939, İrəvan;
33. İsgəndərov Allahverdi Tapdıq oğlu, 1938, İrəvan;
34. Ustalıyev Ustalı Mustafa oğlu, 1938, Gəncə;
35. Sevdimalıyev Məmmədalı Yusif oğli, 1936, Bakı;
36. Hacıyev Şəbdin Səvdimalı oğlu, 1935, Bakı;
37. Hətəmov Şamo Abdulkərim oğlu, 1932, Bakı;
38. Hətəmov Nağı Abdulkərim oğlu, 1934, Bakı;
39. Babayev Əmirxan Mansur oğlu, 1935, Bakı;
40. Məmmədov Vəli Məsim oğlu, 1935, İrəvan.
1930-1940-cı illər Qaraqoyunlu kəndlərində məktəblərin və dərs demək hüququ qazanmış müəllimlərin artdığı dövr olub. Apardığımız araşdırmalardan aydın oldu ki, bu illərdə kənd məktəblərinə gələn müəllim kadrlarının böyük hissəsini İrəvandakı N. Nərimanov adına pedaqoji texnikumun məzunları təşkil edirdi.
Bəzi kəndlərin gəncləri Qazax şəhərindəki müəllimlər seminariyasında, digərləri isə Gəncə və Bakı şəhərlərindəki pedaqoji məktəblərdə təhsil alaraq vətənə qayıdır, sevimli sənətlərini xalqın övladlarına xidmət etməyə həsr edirdilər. Bu dövrdə Qaraqoyunlu kəndlərində müəllim kadrları o qədər çoxalmışdı ki, onlar təkcə Qaraqoyunlu kəndlərində deyil, qonşu Göycə kəndlərində də işləməli olurdular.
1930-1940-cı illər təkcə təhsil deyil, bütün sahələrdə inkişaf dövrü olub. Məktəblər artıq yerli kadrlarla təmin edilirdi. Ən sevindirici cəhətlərdən biri isə kəndlərdə valideynlərin məktəbə, təhsilə və müəllimlərə böyük sevgi və hörmət bəsləməsi idi. Əhali müəllimləri yüksək qiymətləndirir, onların verdiyi təhsilə böyük önəm verirdi. Bu, həmin dövrdə təhsilin inkişafına böyük töhfə vermişdi.
Çaykənd məktəbinin ilk qadın məzunu Fatma Molla Məhəmməd qızı Əfəndiyeva olub. Fatma xanım 1906-cı ildə, keçmiş Dilican nahiyəsinin Çaykənd kəndində, Molla Məhəmmədin ailəsində dünyaya göz açıb.
Burada Fatma xanımın atası Molla Məhəmməd çox savadlı, söhbətcil, xeyirxah və şair ruhlu bir insan idi. O, dünyəvi elmlərə üstünlük verən ruhani təhsilli bir şəxs idi. İki oğluna, bir qızına və bir qardaşı oğluna ruhani təhsil verməklə yanaşı, onları dünyəvi elmləri öyrədən məktəblərdə də oxudub. Fatma Əfəndiyeva 1915-ci ildə Çaykənd məktəbinin birinci sinfinə qəbul olmuş və 1922-ci ildə oranı bitirib.
Çaykənd məktəbinin ilk məzunu Bala Əfəndiyev 1922-ci ildə Bakıdan Ermənistana göndərildiyi zaman Fatma ilə ailə qurur və onu özü ilə birlikdə İrəvana aparır. Fatma Əfəndiyeva 1922-1928-ci illərdə İrəvanda yaşamış və fəaliyyət göstərib.
Fatma xanımın İrəvandakı fəaliyyəti haqqında, Ermənistanda uzun illər (1922-1974) yüksək vəzifələrdə çalışmış, tanınmış dövlət xadimi Rza Vəliyev özünün “Keçmişdən səhifələr” kitabında yazır:
“Xırda millətlər içərisində aparılan iş haqqında danışarkən azərbaycanlı qadınlar arasında görülən işləri unutmaq olmaz. 1920-ci illərdə İrəvanda təşkil edilmiş “Xüsusi qadınlar klubu” bu sahədə böyük rol oynamışdır. 1923-1928-ci illərdə bu kluba Fatma Əfəndiyeva rəhbərlik etmişdir. Klub azərbaycanlı qadınlar arasında çox səmərəli və faydalı iş görmüş, sözün tam mənasında onların maariflənməsi və ictimai həyatda iştirak etməsi üçün bir mərkəzə çevrilmişdir”.
Fatma xanımın həyatı, Bala Əfəndiyevin dövlət qulluğundakı fəaliyyəti ilə bağlı olaraq, Zaqafqaziyanın mərkəzi şəhərlərində – İrəvan, Tiflis və Bakı arasında keçmişdir.
Çaykənd məktəbin ilk yetirmələrindən biri Zeynalov Murad Mahmud oğlu olmuşdur. Murad Zeynalov 1908-ci ildə Çaykənd kəndində anadan olub. O, ilk təhsilini kənddəki mollaxanada alsa da, əsas təhsilini 1916-cı ildə Çaykənddə fəaliyyət göstərən yerli məktəbdə alıb. 1916-cı ildə həmin məktəbin birinci sinfinə daxil olmuş və 1925-ci ildə 7-ci sinfi bitirib.
Murad Zeynalov bir müddət kənddə müəllimlik etmiş, Çaykənd məktəbinin ilk müəllimlərindən biri olub. O, ibtidai siniflərdə dərs aparmış, kəndin savadlanmasına öz töhfəsini verib.
O, Azərbaycan Respublikasının Şamaxı rayonu, Çaykənd kəndində də müəllimlik fəaliyyəti göstərib. Həyatı boyu təhsilin inkişafına töhfə verən Murad Zeynalov, kənd məktəbinin formalaşmasında mühüm rol oynayıb.
Nəbiyeva Həcər Mustafa qızı Çaykənd orta məktəbini bitirən ilk iki qızdan biri idi. O, 1941-ci ildə Haqqıxlı kəndində anadan olub. O, yeddillik təhsilini doğulduğu kənddə alıb. Elmə böyük həvəsi olan Həcərin orta təhsil alması üçün atası Mustafa kişi onu Çaykəndə gətirərək qohumlarının evində yerləşdirilib.
Həcər Nəbiyeva üç il Çaykənd məktəbində təhsil almış və 1958-ci ildə orta məktəbi bitirib. Daha sonra kəndinə qayıdaraq orada fəaliyyət göstərən yeddillik məktəbə müəllim təyin edilib.
Çaykənd orta məktəbini bitirən ikinci qız İbrahimova Səmər olub. O və Həcər Nəbiyeva Haqqıxlı kəndindən idilər. Məktəbdə də, məktəbdən kənarda da daim birlikdə olduqları üçün hamı onları əkiz bacılar hesab edirdi. Əslində isə onlar yaxın qohum idilər.
Səmər İbrahimova 1925-ci ildə Haqqıxlı kəndində müəllim ailəsində doğulub. Onun atası Həsən kişi Haqqıxlı kəndində məktəbin əsasını qoyanlardan biri olub. O, ömrü boyu müəllimlik etmiş və respublikanın “Əməkdar müəllimi” adına layiq görülüb.
Səmər belə bir ziyalı ailəsində böyüyüb tərbiyə almışdır. Haqqıxlı məktəbində yeddillik təhsilini, Çaykənd orta məktəbində isə onillik təhsilini başa vurub. 1941-ci ildə orta məktəbi bitirən Səmər ömrünün sonuna qədər doğma kəndində müəllimlik edib.
Çaykənd elmi ənənələri ilə seçilən, bir çox görkəmli alim və ziyalı yetişdirmiş məkanlardan biridir. Burada doğulub böyüyən alimlər müxtəlif elmi sahələrdə mühüm nailiyyətlər əldə edərək, Azərbaycanın və dünyanın elmi ictimaiyyətinə töhfələr vermişlər. Onların arasında fizika, mühəndislik, informatika və digər sahələrdə tanınmış mütəxəssislər yer alır. Çaykəndin yetirmələri elmi araşdırmaları, beynəlxalq nəşrləri və pedaqoji fəaliyyəti ilə seçilərək, gənc nəslə örnək olurlar. Bu yazıda həmin alimlərdən bəzilərinin elmi fəaliyyəti və nailiyyətləri haqqında məlumat veriləcək.
Həsənova Xəyalə Əjdər qızı 10 iyun 1985-ci ildə Ermənistan Respublikasının Çəmbərək rayonunun Çaykənd kəndində anadan olub. O, 2003-cü ildə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbi əla qiymətlərlə bitirib. Həmin il Azərbaycan Texniki Universitetinin “İnformatika və hesablama texnikası” fakültəsinə qəbul olunub.
2007-ci ildə universiteti “Məlumatların mühafizəsi” ixtisası üzrə bitirərək magistratura təhsilinə davam edib. 2009-cu ildə Azərbaycan Texniki Universitetinin magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurub və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. 2011-ci ildə Fizika İnstitutunda aspiranturaya qəbul olunub. 2014-cü ildən Fizika İnstitutunda elmi işçi, 2022-ci ildən isə böyük elmi işçi kimi fəaliyyətini davam etdirir.
2021-ci ildə “Məxsusi və güclü aşqarlanmış Bi₁₋ₓSbₓ bərk məhlullarının qalvanomaqnit xassələri” mövzusunda dissertasiya işini müdafiə edərək yarımkeçiricilər fizikası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2021-ci ildən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kompüter mühəndisliyi” kafedrasında 0,5 ştat əvəzçi dosent vəzifəsində çalışır.
2013-2014-cü illərdə İsveç Dünya Alimləri Federasiyası tərəfindən verilən Milli Təqaüd Proqramının qalibi olub. Yerli və xarici jurnallarda çap olunan 20-dən çox məqalə və tezisin müəllifidir.
Hacıyev Şərif Hacı oğlu 28 noyabr 1961-ci ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonunun Çaykənd kəndində anadan olub. 1978-ci ildə Bala Əfəndiyev adına Çaykənd kənd orta məktəbini bitirib. 1980-1985-ci illərdə keçmiş Kirovabad – indiki Gəncə Kənd Təsərrüfatı Akademiyasında ali təhsil alıb və həmin ildə Moskva şəhərində Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının əyani aspiranturasına qəbul olunub.
1989-cu ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək kənd təsərrüfatı elmləri namizədi adına layiq görülüb. 2000-2004-cü illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alaraq Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 1985-ci ildə Elmi-Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda böyük elmi işçi kimi başlayıb. 1991-2001-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətində əvvəlcə şöbə müdiri, daha sonra icra başçısının müavini, eləcə də Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi vəzifələrində çalışıb.
2001-2012-ci illərdə Təhsil Nazirliyinin tabeliyində olan Bakı Peşə Liseyinin direktoru vəzifəsini icra edib. 2012-2022-ci illərdə isə özəl tikinti şirkətinə rəhbərlik edib.
Məmmədov Yasin Nəsir oğlu 1 may 1963-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Çəmbərək rayonunun Çaykənd kəndində müəllim ailəsində anadan olub. 1980-ci ildə Çaykənd orta məktəbini bitirib və həmin il Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə qəbul olunub. 1983-cü ildə üçüncü kursu tamamladıqdan sonra təhsilini Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama Riyaziyyatı və Kibernetika fakültəsində davam etdirib.
1986-cı ildə universiteti bitirib və eyni fakültədə aspiranturaya qəbul olunub. 1989-cu ildə aspiranturanı başa vurub, 1990-cı ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. İxtisası differensial tənliklər üzrədir.
1990-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 1992-ci ilin əvvəlində Moskvaya köçüb və daimi olaraq orada yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur, öz firmasına rəhbərlik edir və xarici şirkətlərə konsultasiya xidmətləri göstərir.
Oğlu, Məmmədov Dəniz Yasin oğlu, 30 yaşındadır və Moskva Turizm Universitetini bitirib. Həyat yoldaşı, Məmmədova Olqa Konstantinovna, Moskva Tibb Universitetinin məzunudur.
Onun dissertasiya mövzusu “Qarışıq tip differensial tənliklər” olub.
Kimya üzrə elmlər doktoru, professor Misir Albaba oğlu Əhmədov 24 iyul 1936-cı ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində zəhmətkeş bir ailədə anadan olub.
1943-1950-ci illərdə Çaykənd kənd 8 illik məktəbində təhsil alıb və yeddinci sinfi bitirdikdən sonra Qazax Rayon Kənd Təsərrüfatı Məktəbində dörd illik baytarlıq kursunu başa vurub. Daha sonra hərbi xidmətə çağırılıb. Hərbi xidmətini tamamladıqdan sonra Sumqayıt şəhərinə gedərək Sumqayıt Boru Prokat Zavodunda işləməyə başlayıb və eyni zamanda orta təhsilini başa çatdırıb.
1961-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində ali təhsil alıb.
11 aprel 1974-cü ildə kimya üzrə dissertasiya müdafiə edərək elmlər namizədi elmi dərəcəsini alıb. 21 aprel 1982-ci ildə baş elmi işçi, 22 may 1992-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru olub.
1999-2003-cü illərdə Türkiyə Respublikasının Firat Universitetində professor kimi fəaliyyət göstərib və kafedra müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materiallar İnstitutunda və Firat Universitetində davam etdirib. Xarici jurnallarda 100-dən çox elmi məqaləsi dərc olunub. 2003-cü ildən təqaüddədir və hazırda Türkiyənin İzmir şəhərində yaşayır.
Ailəlidir. Oğlu Pərviz Əhmədov, İzmir Ege Universitetinin İnşaat fakültəsində çalışır və inşaat elmləri üzrə professordur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika və Kimya kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Nəbi Miri oğlu Babayev 1949-cu il fevralın 12-də Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Çaykənd kəndində anadan olub.
1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsini bitirib. 1976-cı ildən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyət göstərir. 1982-ci ildə Dnepropetrovsk Dövlət Universitetində “Aromatik karbohidrogenlərin luis turşularının iştirakı ilə epixlorhidrinin alkenil törəmələri ilə alkilləşməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
1996-cı ildən AzMİU-nun Kimya kafedrasının dosenti vəzifəsində çalışır.
Elmi tədqiqatlarında polifunksional üzvi monomerlərin müqayisəli reaksiyaya girmə qabiliyyətlərini araşdırıb. İlk dəfə aromatik birləşmələrin epixlorhidrinin alkeniləvəzli törəmələri ilə tsikloalkenləşmə reaksiyalarını tədqiq edib. Həmçinin çoxnüvəli aromatik karbohidrogenlərin epoksid törəmələrinin alınma üsullarını müəyyənləşdirib.
Aromatik sıra epoksid birləşmələrin, ED-20 və digər epoksid qatranların modifikasiya, plastifikasiya və stabilləşdirici xassələrini tədqiq edib və bu əsasda müxtəlif tərkibli kompaundlar hazırlayıb.
Azərbaycan müəllimi, 3 Aprel, 2025
https://muallim.edu.az/qerbi-azerbaycan-mektebleri-caykend-tehsilinin-kecdiyi-yol-arasdirma