Dekabrın 4 -də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan mixiyazılı mənbələrdə” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.
Tədbiri açan Tarix kafedrasının müdiri, Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri Firdovsiyyə Əhmədova bildirib ki, son illərdə Qərbi Azərbaycanla bağlı müxtəlif istiqamətlərdə sistemli elmi tədqiqatlara başlanılıb. O, Mərkəzin arxiv və xəritə materialları üzərində apardığı işlərdən, beynəlxalq elmi əlaqələrdən danışıb.
Firdovsiyyə Əhmədova vurğulayıb ki, məqsəd yalnız tarixi faktları toplamaq deyil, həm də Qərbi Azərbaycan irsinin elmi əsaslarla dünyaya təqdim edilməsidir. O, mixiyazılı mənbələrin xüsusilə mühüm rol oynadığını, bu tip yazılı qaynaqların Azərbaycan ərazilərinin qədim dövrlərdən etibarən regional proseslərdə yerini təsdiq etdiyini söyləyib.
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri professor Hikmət Babaoğlu milli yaddaşın tarixi ədalətin bərpası baxımından müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan dövləti bu gün tarixi həqiqətlərin üzə çıxarılması və sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu siyasətin ideya əsasını isə Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı irəli sürdüyü konseptual yanaşma təşkil edir.
Hikmət Babaoğlu qeyd edib ki, mixiyazılı mənbələr kimi ən qədim tarixi qaynaqlarda Qərbi Azərbaycan əraziləri ilə bağlı faktların mövcudluğu Azərbaycan xalqının bu torpaqlardakı dərin tarixi köklərinin danılmaz sübutudur.
DİA rektorunun müşaviri, Bakı Politoloqlar Klubunun (Mərkəzi) rəhbəri Zaur Məmmədov qeyd edib ki, Qərbi Azərbaycan tarixi Prezident İlham Əliyevin təşəbbüs və tapşırıqları çərçivəsində ölkənin elmi və ictimai gündəliyinin prioritet istiqamətlərindən birinə çevrilib. O vurğulayıb ki, dövlətimiz tərəfindən Qərbi Azərbaycanla bağlı mövzuların araşdırılması, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu sahədə akademik potensialın səfərbər edilməsi üçün geniş imkanlar yaradılıb.
Zaur Məmmədov çıxışında, həmçinin qeyd edib ki, Qərbi Azərbaycan məsələsi təkcə tarixi yaddaşın bərpası deyil, həm də milli kimliyin, ədalət prinsipinin və sülhün bərpasına yönəlmiş strateji dövlət siyasətinin bir hissəsidir. Bu kimi tədbirlərin keçirilməsi isə həm elmi ictimaiyyət, həm də tələbələr üçün mühüm maarifləndirici əhəmiyyət daşıyır.
Seminarın əsas məruzəçisi AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə “Qərbi Azərbaycan mixiyazılı mənbələrdə” mövzusunda geniş elmi araşdırma ilə çıxış edib. O, məruzəsində mixiyazının yaranması və Qafqaz regionunda yayılması, Urartu mənbələrində Qərbi Azərbaycan, Assuriya-Babil yazılarında Azərbaycan izləri, Midiya və Əhəməni mixiyazılı kitabələri, Qərbi Azərbaycanla bağlı yeni elmi faktlar haqqında danışıb. Qeyd edib ki, mixiyazılı mənbələrin analizi Qərbi Azərbaycan tarixinin dərin köklərə malik olduğunu sübut etməklə yanaşı, bölgədə azərbaycanlıların qədim etnomədəni varlığının danılmaz elmi əsaslarını ortaya qoyur. Bu istiqamətdə aparılan tədqiqatlar yalnız tarixi həqiqətlərin bərpası deyil, həm də müasir dövr üçün strateji əhəmiyyət daşıyır.
AZƏRTAC