Qarabağ abidələri: Həsrətin bitdiyi Xudafərin

Bakıda Maliyyə və Texnologiyalar Sammiti işə başlayıb
Türkiyəli müəllim: Xocalı soyqırımı ilə bağlı heykəl düzəltmək mənəvi borcum idi
Azərbaycan tərəfi Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, AVCİYA.az olaraq bu gündən həyata keçirdiyimiz “Qarabağın abidələri” layihəsi çərçivəsində Azərbaycanın əbədi və tarixi ərazisi olan Qarabağda yerləşən tarixi abidələr haqqında məlumatlar təqdim olunacaq. 

Təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirirdi.

Tarixi mənbələrə əsasən Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.

Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır.

Hər iki körpü İpək yolunun üzərində yerləşir.

İpək Yolunun üzərində yerləşən Xudafərin körpüləri haqqında tarixi mənbələrdə ətraflı məlumatlara rast gəlmək olur. Araz çayının üstündə çoxlu körpülər salınsa da, onlardan ən məşhuru Xudafərindir. Tarixə şahidlik edən bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.

Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsü həm də simvolik abidə hesab olunur. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Azərbaycanın memarlıq məktəbinin bu əzəmətli abidələri dünyanın bir çox tarixçilərinin diqqətini cəlb edib. Xudafərin körpüləri Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən gözəl nümunələrindən sayılır.

Tədqiqatçıların bir çoxunun fikrincə, körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan ona “Xudafərin” adı verilib. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər söylənilir.

Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.