QULİYEV Vahid Həbibulla oğlu (20.9.1955, Cəbrayıl r-nunun Qumlaq k.) – Azərbaycanın Milli Qəhrəmanı (9.11.1994).
20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fızika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada
müəllimlik etdikdən sonra Bakıya qayıdır və “Azon” Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir. 1992-ci ilə qədər bu zavodda çalışmış və öz işinin öhdəsindən layiqincə gəlmişdir. O, 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salırlar. Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur. Beləliklə erməni yaraqlılarının hücumunun qarşısı alınır. Vahidin yoldaşları arasında hörməti getdikcə artırdı. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasnı və xeyli canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü il… O, yenidən Ağdam döyüş bölgəsinə dönür. V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdı. Bunun səkkizi tank, ikisi isə PDM (piyada döyüş maşını) idi.
O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirmişdir. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunmuşdur. Polkovnik-leytenant Vahid Quliyev bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləmişdir. Hazırda təqaüddədir.
Ailəlidir. İki övlad atasıdır.
Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 174-175