Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzərində rəqəmsal məkanın yaradılması baxımından əhəmiyyətlidir

İşaxtaran şəxslərin əmək bazarına çıxışının daha çevik olması üçün “Məşğulluq xəritəsi” hazırlanır
Prezident İlham Əliyev Bakının Neapol küçəsindəki yerüstü piyada keçidinin açılışında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzərində rəqəmsal məkanın yaradılması baxımından əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 19-da Azərbaycan Rəqəmsal Ticarət Qovşağına dair keçirilən ilk beynəlxalq konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib. Bildirib ki, konfransın keçirilməsində məqsəd rəqəmsal ticarət mərkəzinin infrastrukturuna xüsusi diqqət yetirərək, transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivlərini müzakirə etməkdir.

“Rəqəmsal Ticarət Qovşağı elektron ticarət və elektron kommersiya sahəsində dövlət-özəl əməkdaşlığı üçün gözəl nümunədir. Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzərində rəqəmsal məkanın, eyni zamanda, Avropa coğrafiyasında vahid elektron məkanın yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Rəqəmsal Ticarət Qovşağı müsəlman dünyasında elektron iqtisadiyyatın inkişafı üçün də çox əhəmiyyətlidir. ISESKO ilə Rəqəmsal Ticarət Qovşağı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Beləliklə, bu gün həm Avropa İttifaqı, həm də Rusiya ilə imzaların qarşılıqlı tanınması, transsərhəd elektron iqtisadiyyatın inkişafı üçün imzalanmış anlaşma memorandumları Azərbaycanın rəqəmsal ticarət mövqeyini gücləndirəcək”, – deyə V.Qasımlı qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov diqqətə çatdırıb ki, Azərbaycanda Rəqəmsal Ticarət Qovşağının yaradılması beynəlxalq ticarətə inteqrasiyanın yeni bir mərhələsidir. Belə bir qovşağın yaradılması Prezident İlham Əliyevin ölkəmizdə apardığı məntiqi siyasətin uğurlu nəticəsidir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir ki, bunlardan biri də “Azexport” portalının yaradılmasıdır. Portala 50-dən çox ölkədən daxil olan sifarişlərin həcmi 300 milyon dollardan artıqdır. “Azexport”a təkcə Azərbaycan istehsalçıları deyil, qonşu ölkələrin istehsalçıları da qeydiyyatdan keçməyə maraq göstərirlər.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev ölkədə qeyri-neft sektorunun inkişafı üçün görülən tədbirlərdən danışıb. O, yeni yaradılan Ticarət Evlərinin əhəmiyyətini qeyd edib: “Artıq Belarusda Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir. Hazırda bu istiqamətdə Ukraynada hüquqi baza yaradılıb. Eyni zamanda, yeni Ticarət Evi Rusiyada yaradılır və gələn ildən fəaliyyətə başlaması planlaşdırılır. Bundan başqa, Azərbaycan qeyri-neft sektorunun inkişafı sahəsində sənaye parklarının inkişafına böyük önəm verir. Bu parkların yaradılmasına 1,1 milyard dollar həcmində sərmayə yatırılıb, 11 rezidentin statusu təsdiq edilib.

S.Babayev qeyd edib ki, bu ilin 8 ayında qeyri-neft ixracı 30 faiz, kənd təsərrüfatı 35 faiz, qeyri-neft sənayesi 25 faiz, sənaye istehsalı isə 20 faiz artıb.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, Aİ Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına dair keçiriləcək bütün layihələrə dəstək olmağa hazırdır. Azərbaycan bu sahədə ciddi addımlar atır. İnanıram ki, noyabrın 24-ü keçiriləcək Şərq Tərəfdaşlığı sammitində təqdim etmək üçün əlinizdə konkret nəticələriniz olacaq.

K. Yankauskas deyib: “Aİ Azərbaycanla çoxşaxəli əməkdaşlıq üçün intensiv danışıqlar aparır. Azərbaycan və Avropa İttifaqı önəmli ticarət tərəfdaşlarıdır. Azərbaycanın ixracının yarısı bizə aiddir. Avropa İttifaqı Azərbaycanın iqtisadi və ixrac potensialını artırmaq üçün dəstək verməyi düşünür”.

Konfrans işini panel iclaslarla davam etdirir.

Qeyd edək ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Prezident İlham Əliyevin 2017-ci il fevralın 22-də imzaladığı “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında yaradılıb. Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir