Şəki-Zaqatala bölgəsi üzrə dairələrdə qeydiyyatda olan seçicilərin 584 nəfəri ilk dəfə səs verəcək

AVCİYA növbəti tədbirləri Qarabağ regionunda keçirdi
Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib
Şamaxıda qədim türklərə aid küplər tapıldı – İlk dəfə

Fevralın 9-da Şəki-Zaqatala bölgəsini əhatə edən rayonlarda da Milli Məclisə seçkilərə vaxtında start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 08.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 9 seçki dairəsinin 418 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb. Bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 387 min 297 nəfərdir. Onlardan 584 nəfəri seçkilərdə ilk dəfə iştirak edir. Seçkiyə 5 gün qalmış 113 saylı Şəki şəhər seçki dairəsinin tərkibində, Şəki Penitensiar Xidmət Müəssisəsində əlavə seçki məntəqəsi də yaradılıb və bu məntəqədə 880 vətəndaş səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə bu rayonlar üzrə Milli Məclisə 9 yer uğrunda 73 namizəd mübarizə aparır. Namizədlərin 12 nəfəri siyasi partiyaları təmsil edir. 61 nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Namizədlərin 19-u qadınlardır.

Vətəndaşların sərbəst şəkildə səs vermələri üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, həmçinin etibarlı rabitə sistemi və elektrik generatorları ilə təchiz olunub. Bu dairələr üzrə seçkilərin gedişini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 5133 yerli və beynəlxalq müşahidəçi izləyir.

AZƏRTAC-ın bölgə müxbiri 112 saylı Qax seçki dairəsinin şəhər 2 nömrəli məktəb-liseydə yerləşən 2 saylı seçki məntəqəsində səsvermə prosesinin başlanmasını izləyib. Seçki komissiyasının sədri Abdulla Orucovun bildirdiyinə görə, məntəqədə 1143 seçici qeydə alınıb. Onlardan 18 nəfəri seçkilərdə ilk dəfə səs verəcək. Məntəqə üzrə yaşlı və səhhətində problemləri olan seçicilərin də siyahısı çıxarılıb.

Güclü qarın yağmasına baxmayaraq, əvvəlki seçkilərdə olduğu kimi, yenə də ilk olaraq məntəqəyə Qax şəhər sakini, 81 yaşlı Fikrət Adaşov gəlib. O, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu seçkidə iştirak etməkdən qürur hissi keçirdiyini, arzuladığı namizədə səs verdiyini bildirib. 18 yaşı yenicə tamam olan Zalxa Hacızadə isə ilk dəfədir səs verir. Gənc seçici bu tarixi günün yaddaşında xoş bir xatirə kimi əbədi qalacağını bildirib. Digər seçicilər də məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını qeyd ediblər.