Elxan Süleymanov: “Zəfərlə başa çatan Vətən Müharibəsi yeni ictimai-siyasi ənənələrin də əsasını qoydu”

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Qubadlı şəhərinin işğaldan azad olunmasından bir il ötür

“İşğal altında ərazilərimizin azad edilməsi uğrunda 44 gün davam etmiş Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bəyanatın imzalanması ilə başa çatdı. Bununla da müharibənin hərbi fazası Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi qələbəsi ilə yekunlaşdı və bölgədə yeni dövr, özündə dinc yanaşı yaşamaq üçün əsasların formalaşmasını ehtiva edən post-münaqişə dövrü başladı”.

Musavat.com xəbər verir ki, bunu AVCİYA prezidenti Elxan Süleymanov bildirib. O, daha sonra qeyd edib: “Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsi, hər bir müharibədə olduğu kimi itkisiz ötüşmədi. Belə ki, Müdafiə Nazirliyinin 3 dekabrda verdiyi məlumatda deyilir ki, “Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir”. Sonradan müharibədə həlak olmuş hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə məlumatlar ölkə ictimaiyyətinə təqdim olundu. Allah Şəhidlərimizə rəhmət eləsin!

Vətən müharibəsi zamanı Azərbaycan xalqı yüksək ruh yüksəkliyi nümayiş etdirərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Silahlı Qüvvələrinin ətrafında dəmir yumruq kimi birləşdi və bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı ümummilli maraqlara nail olmaq üçün birlik və ruh yüksəkliyi nümayiş etdirməyə qalibdir. Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində qələbəsi Azərbaycan xalqının yenilməz xalq olması, öz Vətənini və dövlətini qorumağa qadir olması barədə inamını özünə qaytardı. Azərbaycan xalqı tarix yazan, öz qürurunu qoruyub saxlayan bir xalq olmasını yenidən təsdiq etdi.

Bununla bərabər müharibənin gedişatında Azərbaycan Silahlı Qüvvələri qısa bir zamanda Ermənistan Ordusunun hərbi texnikasının böyük bir hissəsini və canlı heyətini məhv etdi və Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı uydurulmuş əfsanələri darmadağın elədi.
Vətən Müharibəsinin ən vacib nəticələrindən biri də ondan ibarət oldu ki, işğal altında olan torpaqlarımızın azad edilməsi, həmin ərazilərdə Azərbaycanın dövlət suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli səviyyədə şüurunda, düşüncə tərzində və davranışında dönüş yaratdı – ölkəmizdə yeni ictimai-siyasi ənənələrin əsası qoyuldu. Belə ki, Prezident İlham Əliyevin 2 dekabr tarixli Sərəncamları ilə ölkəmizdə Anım günü və Zəfər günü təsis edilmişdir. Bu sərəncamlara əsasən hər il 27 sentyabr Anım günü kimi qeyd ediləcək və bu gün Azərbaycan xalqı canlarını vətən uğrunda qurban vermiş şəhidlərimizin ruhunu yad edəcək. hər il 8 noyabrda isə Zəfər günü kimi Vətən müharibəsində əldə edilmiş qələbəni qeyd edəcək. Bundan əlavə, Prezident İlham Əliyev 3 dekabrda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılması barədə Sərəncam imzaladı. Eyni zamanda Prezidentin 3 dekabr tarixdə imzaladığı digər Sərəncam əsasında 4 dekabr 2020-ci il saat 12:00-da ölkə ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Nəhayət, 10 dekabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin Zəfər Paradı keçirildi.

Qeyd edilən tədbirlər insanların davranışına və düşüncələrinə ciddi təsir göstərir, insanlar müqəddəs saydığı tarixi və vacib dəyərlər ətrafında birləşirlər. Əlbəttə ki, Zəfər günü, Anım günü, Zəfər Paradı, şəhidlərin xatirəsinin milli səviyyədə yad edilməsi Azərbaycan xalqını ümummilli dəyərlər ətrafında daha da sıx birləşdirdi. Aydındır ki, xalqımızın gələcəyi olan gənc nəsillərimiz ənənə xarakteri almış bu ictimai-siyasi hadisələrin əvəzedilməz təsiri altında formalaşacaq. İnanıram ki, bu kimi ictimai-siyasi ənənələrin təsiri altında formalaşmış gələcək nəsillər Azərbaycanı daha da qüdrətli dövlətə çevirəcəklər”.


Musavat.com