Sərsəng su anbarına dair qətnamə təklifi məruzə üçün Avropa Şurasının Sosial Məsələlər Komitəsinə yönləndirilib

“Con Batçelor Şou”: Tərtər rayonundan reportaj
Azad edilən ərazilərdə təmizləmə əməliyyatları sürətlə davam etdirilir
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
11 aprel 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Elxan Süleymanov və Avropanın 11 ölkəsini təmsil edən digər 27 assambleya üzvü tərəfindən irəli sürülmüş “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” başlıqlı qətnamə təklifini müzakirə etdi.

Bu təklifin məruzə üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə yönləndirilməsi barədə təklif assambleya Bürosu tərəfindən yekdilliklə qəbul olundu. Bu qərar elə həmin gün Büronun iclasından dərhal sonra assambleyanın plenar sessiyasında təsdiqləndi.

Təklif Azərbaycanın 6 cəbhəyanı rayonunda (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Yevlax və Tərtər) yaşayan 400.000-dən artıq Azərbaycan vətəndaşının kəskin su qıtlığı səbəbindən gündəlik olaraq ciddi humanitar, iqtisadi və ekoloji problemlərlə üzləşdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Bundan əlavə, 125 metr hündürlüklü Sərsəng su anbarı illərdən bəri təmir edilməyib, bu isə anbarın texniki problemlərinin Azərbaycanın yuxarıda qeyd edilmiş altı rayonunda gözlənilməz və kütləvi daşqına səbəb ola biləcəyi baxımından orada yaşayan 400.000 əhalinin həyatını təhlükəyə atır.

Bu səbəbdən AVCİYA (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) 2013-cü ilin may ayında məsələyə dair geniş layihəyə start verdi. Layihənin əsas məqsədi müxtəlif beynəlxalq təşkilatlarda bu problem barədə məlumatlılığı artırmaq və bu təşkilatların qəbul etdiyi məruzə və qətnamələr vasitəsilə konkret və qəti qərarlara nail olmaqdır.

Mən, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü kimi, Sərsəng su anbarının vəziyyəti barədə bir neçə qətnamə təklifini irəli sürmüşəm. Təklif əsasında məruzə hazırlanmasına ilk və ikinci cəhd təəssüf ki, uğursuzluqla nəticələnmişdi, belə ki, bu təkliflər ciddi qərəz və hətta tam etinasızlıqla üzləşmişdi. Lakin Sərsəng məsələsi və həmin 400.000-dən artıq vətəndaşın dəhşətli vəziyyəti mənim üçün dəyərli olduğundan, 2014-cü ilin mart ayında yeni təklif irəli sürdüm.

Avropanın 11 ölkəsinin 27 deputatı tərəfindən imzalanmış bu təklif əvvəlcə bazar günü, aprelin 6-da Strasburqda AŞPA-nın Sədarət Komitəsində müzakirə edildi. Bu dəfə Sədarət Komitəsinin məsələyə dair tam məruzə hazırlanması barədə rəyi ilə təklifə aprelin 11-də AŞPA Bürosunda baxıldı və Büro məsələni məruzə hazırlanması üçün AŞPA Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə yönəltmək barədə qərar verdi. Prosesdə növbəti addım kimi, mayın 12-də Kiprdə, Nikosiyada Sosial Məsələlər Komitəsi həmin qərarı nəzərə alaraq, məruzəçi təyin edəcək.

Avropa institutlarının mövqeyindən irəli gələn ikili standartları sual altına qoyaraq Rusiya ilə Ukrayna arasındakı cari böhranı nəzərə alsaq, AŞPA-nın Sərsəng su anbarının vəziyyəti barədə məruzə hazırlamaq qərarında qəti element, şübhəsiz ki, Azərbaycanın Avropaya sərt reaksiyası oldu. Hesab edirəm ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, bütövlükdə Cənubi Qafqazda təhlükəli qeyri-sabitlik mənbəyidir və Ukrayna böhranı ilə eyni diqqətə layiqdir. Odur ki, beynəlxalq təşkilatlar və Avropa institutları öz qərarlarına hörmətlə yanaşmalı və qəbul etdikləri qərarları yerinə yetirməlidirlər.

Lakin beynəlxalq təşkilatlar hər vəchlə Ermənistanın müdafiəsində durur, ona havadarlıq edir, işğala son qoyulması istiqamətində heç bir real hərəkət etmək istəmirlər, yalnız qətnamələr qəbul etməklə kifayətlənirlər. Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən beynəlxalq qurumlar hətta işğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistan arasında heç bir fərq qoymurlar.

Bu gün bütün Qərb institutları görünməmiş sanksiyalar tətbiq edərək, hətta sanksiyaları daha da artırmaqla təhdid edərək, Rusiyanı kəskin pisləyirlər. Aprelin 10-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı ilin sonuna qədər səsvermə hüququndan məhrum edərək və ona AŞPA-nın aparıcı qurumlarında qadağa qoyaraq, olduqca mürəkkəb qərar verdi. Belə sanksiyaları bəs işğalçı Ermənistana nə üçün tətbiq etmirlər?

Bu günə qədər Dağlıq Qarabağ genosidi ilə bağlı qəbul edilən bir neçə qətnamədən yalnız beynəlxalq institutların arxivlərini doldurmaq məqsədilə istifadə olunur. Heç bir nəticə isə yoxdur, çünki, ortada siyasi iradənin olmadığı aydın görünür. Dağlıq Qarabağın qanunsuz işğalı məsələsi qaldırıldıqda və bir çox deputatlar buna etiraz etdikdə, hətta qəzəblə cavab verdikdə, bu, daha aydın görünür.

Nəhayət ki, Sərsəng su anbarı ilə bağlı AŞPA məruzəsi və qətnaməsi vasitəsilə Azərbaycan üçün yeni bir imkan yaranıb. Əgər vəziyyətlə bağlı həqiqətlər olduğu kimi məruzədə öz əksini taparsa və biz bunun həyata keçirilməsinə nail olarıqsa, bu məruzə tarixi sənədə çevrilə bilər. Ola bilsin ki, o, dərhal tarixə çevrilməsin, amma vaxtı çatanda zaman onun əhəmiyyətini sübut edəcək. Əlbəttə ki, bir milyon qaçqından savayı, işğal altında olmayan, lakin bu işğaldan əziyyət çəkən 400 000 sakinin vəziyyəti barədə konkret nümunələr əsasında məruzənin hazırlanması dərhal öz təsirini göstərmiş olacaq. Bu, Azərbaycan torpaqlarının işğal altında olması faktını yenidən beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq.

AVCİYA 2013-cü ildə Sərsəng layihəsinə başladıqdan keçən müddət ərzində bu dözülməz vəziyyətin şahidləri tərəfindən bir sıra beynəlxalq təşkilatlara minlərlə məktub göndərilib. Göndərdikləri məktublarının cavabsız qalmasına məyus olanların vəziyyətini də başa düşmək olar. Yeri gəlmişkən, təəssüflə qeyd edirəm ki, Azərbaycanda da Sərsəng məsələsinə kifayət qədər diqqət yetirilməyib.

Bu səbəbdən mən bütün Azərbaycan mediasını, vətəndaş cəmiyyətini, siyasi partiyaları və bütün Dünya azərbaycanlılarını Sərsəng məsələsinə yerli və beynəlxalq səviyyədə diqqət yetirilməsinə həmrəylik nümayiş göstərməyə çağırıram. Biz birlikdə dünyaya göstərməliyik ki, erməni təcavüzkarlığı təkcə bir milyon vətəndaşımızın qaçqın düşməsinə səbəb olmayıb, eyni zamanda ətraf rayonlarda məskunlaşan 400 000 sakini əzaba və təhlükəli həyat yaşamağa düçar edib.

Elxan Süleymanov

AVCİYA-nın prezidenti