SAMF media saytlarının monitorinqini aparıb

Azərbaycanda təhsil tələbə kreditləri (TTK) veriləcək
Media nümayəndələri Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla tanış olublar
Azərbaycan Milli Məclisinə seçkilərdə səsvermə başa çatıb

Söz Azadlığını Müdafiə Fondu (SAMF) qəzetlərə məxsus internet saytlarında məlumatların yenilənməsi vəziyyətinə dair monitorinq aparıb. Qeyd edək ki, monitorinq dekarın birinci ongünlüyünü əhatə edib.
SAMF-ın əməkdaşları tərəfindən keçirilən monitorinqin məqsədi qəzetlərin internet saytlarındakı məlumatların yenilənməsi ilə bağlı real vəziyyəti aydınlaşdırmaq olub. Çünki indi Azərbaycanda fəaliyyət göstərən əksər kütləvi informasiya vasitələrinin internet saytları mövcuddur. Həmin resurslar imkan verməlidir ki, bu KİV-ləri izləyənlər günün istənilən saatında yeni xəbərlər, informasiyalar əldə edə bilsinlər. Bəs saytların fəaliyyəti ilə bağlı real vəziyyət necədir? İnformasiya əsrində fəaliyyət göstərən qəzetlərin internet istifadəçilərinə xidmətinin operativliyi, dizaynı, saytda qəzetin özü haqqında bilgilər müasir tələblərə cavab verirmi?
Kollektiv üzvləri bu parametrləri aydınlaşdırmaq üçün on gün ərzində mütəmadi olaraq gün ərzində qəzetlərin internet saytlarına bir neçə dəfə baxış keçiriblər. Saat 11.00, 13.00, 16.00, 18.30 – 19.00-da. İstifadə olunan internet saytları 31 qəzeti əhatə edib. Onlardan 18-i gündəlik, 13-ü həftəlik dərc olunan qəzetlərdir.
Məlum olub ki, həftəlik qəzetlərin əksəriyyəti çapdan çıxan günün səhərindən etibarən öz materiallarını yerləşdirib növbəti həftə çap olunacaqları günü gözləyirlər. Amma onların 15 faizə qədəri özləri “qaynar xəttlər” yaradıb yeni xəbərləri internet resurslarında yerləşdirirlər. Bu azlığı əhatə edir. Halbuki vaxt baxımından onların həftə boyu oxucularla internet resursları vasitəsilə görüşməyə daha çox imkanları var.
Gündəlik qəzetlərdə isə internetlə işləmə mexanizmi fərqli qaydalarda qurulub. Belə ki, onların 33 faizi səhər saat 10.00-11.00 –dan etibarən çap olunmuş yeni materiallarını saytlarında yerləşdirməyə başlayırlar. Bunlar hələ həmin gün qəzetdə dərc olunmuş materiallardır. Saat 13.00-dan etibarən isə digər 67 faiz media orqanları çap olunmuş materialların internetdə yerləşdirilməsi bütün gündəlik qəzetləri əhatə edir. Bu zaman artıq saytların 18 faizində yeni, çap olunmamış informasiyalar görünməyə başlayır. Aparılan müşahidələr zamanı günün sonuna qədər həmin informasiyaların sayında nəzərəçarpacaq say artımı özünü göstərməyib. Elə bil ki, qəzetlər hələ çap olunmamış məlumatların başqa KİV-lərin əlinə düşəcəyindən ehtiyatlanıb onların sayta yerləşdirilməsinə tələsmirlər. Saytlara yerləşdirilənlərsə əsasən hadisə xarakterli, əksəriyyətin telekanallardan müəyyən konturları barədə məlumatlandığı xəbərlər olur. Bu da internet istifadəçilərinin tələbatını ödəməyə tamamilə kifayət etmir.
Monitorinq nəticəsində o da bəlli olub ki, saytların təşkili də fərqli qaydadadir. Burada dizayn müxtəlifliyi təbiidir. Çünki dizaynları sifariş verənlərin və hazırlayanların zövqləri də fərqlidir. Bu baxımdan saytların 35-40 faizinin yüksək zövqlə hazırlanması da diqqət mərkəzində olub: “Qalanları isə sadəcə “dəstədən geriyə qalmamaq üçün” internet resursları açmış təsiri bağışlayırdılar. Yəqin ki, onlar da saytlarının təkmilləşdirilməsi prosesi ilə məşğul olacaqlar. Həm operativlik, həm də dizayn baxımından”.
Məlumatda həmçinin bildirilir ki, müşahidələr nəticəsində qəzetlərimizin internet saytlarının operativliyə görə 26 faizinin normal, 34 faizinin orta, 40 faizininsə zəif fəaliyyət göstərdiyi qənaəti formalaşıb.
Monitorinqi reallaşdıran SAMF kollektivi qəzetlərin internet saytlarının əksəriyyətində onların özləri haqqında müfəssəl məlumatların yox dərəcəsində olduğunu da aydınlaşdırıb: “Bəzilərində bu məlumatlar cüzi olsa da, var. Bəziləri isə ümumiyyətlə belə minvallı bölüm yaratmayıblar. Halbuki, qəzetin tarixi, strukturu, ünvanı, telefonları, eləcə də daşıdığı missiyasından müəyyən ştrixlərin də olsa belə saytlarda yerləşdirilməsi daha məqsədəuyğun olardı”.
SAMF bundan sonra da mütəmadi olaraq analoji monitorinqləri davam etdirməyi nəzərdə tutur.

SAMF