Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycana ilk dəfə seçki müşahidə missiyası göndərir

Azərbaycanda prezident seçkilərini izləyəcək MDB müşahidə missiyasının rəhbəri təyin edildi
Respublika Günü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib
Fransanın səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizə nümayəndə heyəti göndərəcək.

AZƏRTAC xəbər verir ki, bu, ŞƏT-in ölkəmizdə keçirilən seçkiləri izləyəcək ilk müşahidə missiyası olacaq. Təşkilatın baş katibi Rəşid Alimovun rəhbərlik edəcəyi və 20 nəfərə yaxın şəxsdən ibarət missiyanın tərkibinə ŞƏT-in Pekindəki mənzil-qərargahının məsul əməkdaşları, habelə üzv ölkələrin nümayəndələri daxil olacaq.

ŞƏT-in müşahidəçiləri Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənəcək, Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron rayonunda və Mingəçevirdəki məntəqələrdə səsvermə prosesini izləyəcəklər.

Aprelin 5-dən 13-dək davam edəcək səfər çərçivəsində ŞƏT-in baş katibi Rəşid Alimovun bir sıra görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Ötən il Hindistan və Pakistan ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib. Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş status ilə təmsil olunur.

Şahin Cəfərov, AZƏRTAC-ın xüsusi müxbiri

Pekin