Sual-cavab

AVCİYA Seçki Qərargahının rəhbəri ATƏT nümayəndələri ilə görüşdü
Ermənistan Azərbaycana qarşı sudan ekoloji silah kimi istifadə edir
Bakıda “Avropa İttifaqına inteqrasiyada Avronest Parlament Assambleyası və vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkiləri əhatə edəcək çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.
– Seçki bülletenləri necə və hansı sayda hazırlanır?
– Seçki bülletenlərinin hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə azı 35 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.
Seçki Məcəlləsinin tələblərinə görə bülletenlərdə namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir.
Hər bir seçki bülleteni Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir. Nömrə seçki bülleteninin kəsilən küncündə yerləşdirilir.
Seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır. Hazırlanmış seçki bülletenlərinin sayı müvafiq seçki dairəsində qeydə alınmış seçicilərin sayından ən çoxu 3 faiz artıq ola bilər.
Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən seçki bülletenlərini aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyasının sədrinin və katiblərinin iştirakı ilə bülletenlərin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, seçki bülletenlərini dairə seçki komissiyasının sədrinə verir. Hər bir məntəqə seçki komissiyasına verilən seçki bülletenlərinin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilir. Dairə seçki komissiyası səsvermə gününə azı 3 gün qalmış seçki bülletenlərini göstərilən qaydada məntəqə seçki komissiyalarına verir. Məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi üzrə siyahıya daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən isə artıq ola bilməz. Seçki bülletenləri məntəqə seçki komissiyası tərəfindən sayılır və alınmış seçki bülletenlərinin sayı məntəqə seçki komissiyasının qərarı ilə təsdiq edilir. Əgər verilməli olan və alınan seçki bülletenlərinin sayı düz gəlməzsə, dairə seçki komissiyası bu uyğunsuzluq haqqında dərhal məlumatlandırılır. Seçki bülletenlərinin üz tərəfinin yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə təsdiq edilir.
Müstəsna hallarda Seçki Məcəlləsinin 35.4 və 35.6-cı maddələrinə uyğun olaraq səsvermə günü üzən gəmilərdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələrində texniki imkanlar olduqda seçki sənədlərinin, o cümlədən seçki bülletenlərinin məntəqə seçki komissiyaları tərəfindən hazırlanmasına icazə verilir. Müvafiq tirajı göstərilməklə seçki sənədlərinin hazırlanması barədə qərar Mərkəzi Seçki Komissiyası ilə razılaşdırılmaqla, müvafiq məntəqə seçki komissiyası tərəfindən qəbul edilir.
– İstifadə olunmamış seçki bülletenləri harda saxlanılır və seçkidən sonra onlar hara təqdim olunur?
– Seçki Məcəlləsinin 99.9-cu maddəsinin tələblərinə görə səsvermə günü səsvermə vaxtı başa çatdıqdan sonra dairə seçki komissiyasında qalan istifadə edilməmiş seçki bülletenləri ləğv edilir və bu barədə dairə seçki komissiyası akt tərtib edir. Ləğv edilmiş seçki bülletenləri komissiyanın digər sənədləri ilə birlikdə seçki komissiyasının katibində saxlanılır.
Seçki bülletenləri hazırlandıqdan sonra bəzi namizədlər çıxdıqda və ya onların qeydiyyatı ləğv edildikdə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə dairə və ya məntəqə seçki komissiyaları seçki bülletenlərindən belə namizədlər və ya siyasi partiyalar, siyasi partiyaların blokları barədə məlumatları, çap olunmuş seçki bülletenində qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku haqqında məlumata əlavə və ya dəyişikliklər haqqında müvafiq məlumatları məntəqə seçki komissiyasının məlumat lövhəsində yerləşdirir.
– Seçki komissiyasınm səsvermə protokoluna hansı məlimatlar daxil edilir?
– Seçki Məcəllənin xüsusi hissəsinin tələbləri nəzərə alınmaqla, seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə ən geci 45 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.
Hər bir protokola aşağıdakı məlumatlar daxil edilir:
1. seçicilər siyahısındakı seçicilərin ümumi sayı;
2. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı;
3. məntəqə seçki komissiyasına dairə seçki komissiyasından (dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyasından) verilmiş seçki bülletenlərinin sayı;
4. seçki bülletenləri almış seçicilərin sayı;
5. səsvermə otağından kənarda səs verən seçicilərə verilmiş seçki bülleteni qoyulması üçün zərflərin və seçki bülletenlərinin sayı;
6. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi ilə səs vermiş seçicilərin sayı;
7. istifadə edilməmiş seçki bülletenlərinin sayı;
8. ləğv edilmiş seçki bülletenlərinin sayı;
9. etibarlı sayılmış səslərin sayı;
10. etibarsız sayılmış səslərin sayı (eləcə də ayrıca sətirlərdə – müəyyənləşdirilmiş formada olmayan və heç bir qeyd edilməmiş seçki bülletenlərinin sayı);
11. korlanmış seçki bülletenlərinin sayı;
12. protokolun tərtib edilmə tarixi və vaxtı.
Protokol 3 nüsxədən ibarət olaraq (hər bir nüsxəsi müxtəlif rəngdə olmaqla) karbonlaşdırılmış kağızdan buklet formasında hazırlanır.
Hər bir protokol Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və seçki dairələrinin sayına uyğun olaraq onların seriyaları göstərilməlidir.
Protokollar dövlət dilində çap edilir.