Suriyadan daha 5 Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya edilib

Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib
Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir

Azərbaycan Hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Prezident İlham Əliyevin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq aprelin 21-də Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 2 (iki) qadın və 3 (üç) uşaq olmaqla, ümumilikdə 5 (beş) nəfər Azərbaycan vətəndaşının Türkiyədən ölkəmizə repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidi təşkil olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyənin İstanbul şəhərinə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycanın Türkiyədəki səfirliyi və İstanbuldakı baş konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, – deyə XİN-in məlumatında bildirilib.

AZƏRTAC