“Şuşa boşdur…” – Heç kəsin danışmaq istəmədiyi 3 fakt

Həmsədrlərin uğursuzluğu müharibəni qaçılmaz edir
“Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” adlı müsabiqə haqqında ƏSASNAMƏ
“Qarabağ münaqişəsinin həlli güclü cəmiyyətin formalaşdırılmasından keçir”

1992-ci ilin mayı çox soyuq idi.

Şuşadan gələn şəhidləri Ağdamda torpağa tapşırdığımız gün yağış da yağırdı. Qar soyuğu vardı havada.

Hamının üzündə bir sual vardı: Axı niyə?

İllərdir bu suala cavab axtarılır. Hər üzə çıxan yeni bir həqiqət isə bizi daha da məyus edir.

“Qala” cəmiyyəti

Şuşanın ağır günlərində “Qala” cəmiyyəti adlı bir təşkilat yaradılmışdı. Amma bu təşkilat, bu təşkilatın məqsədi, fəaliyyəti barədə heç vaxt danışılmayıb.

Şuşanın kifayət qədər sanballı insanlarının üzv olduğu bu təşkilat barədə nə onları özləri, nə də başqaları danışır.

Şuşanın işğalında ittiham olunan Rəhim Qazıyev də, Şuşa düşmənə təslim olan zaman qalanın müdafiəsinə cavabdeh olan Elbrus Orucov da bu təşkilat haqqında susur. Ona görə yox ki, bu təşkilatdan xəbərləri yox idi. Xəbərləri olmaya bilməzdi. Amma niyə susduqları bəlli deyil.

Şuşanın işğalı ilə bağlı cinayət işinin istintaqında “Qala” cəmiyyətinin fəaliyyətinin araşdırılmasına cəhd edilib. Amma sonra bu məslə gündəlikdən çıxıb.

Niyə ermənilər 9-da, biz isə 8-də?…

Şuşanın “qara bayramını” həmişə mayın 8-də qeyd edirik. Amma ermənilər qələbələrini mayın 9-da qeyd edirlər.

Yox… Bu məsələdə heç bir sətiraltı səbəb yoxdur.

Şuşanın işğalı əməliyyatına rəhbərlik edən erməni general Arkadi Ter-Tadevosyanın sözlərinə görə, əməliyyatın 3-4 gün davam edəcəyi nəzərdə tutulub. Amma ayın 8-ə keçən gecə saat 2-dən sonra başlayan hücumun elə həmin gün yekunlaşacağını ağlına gətirməyən ermənilər Şuşaya bir gün sonra girib. Və buna görə də biz Qalanın işğal gününü 8-də, ermənilər isə 9-da qeyd edir.

AYIN 8-DƏ VƏ 9-U GÜNÜN BİRİNCİ YARISI ŞUŞA BOŞ QALIB.

Bunu sübut edən şahid ifadələri də var.

Şuşaya hücum xəbəri alınan kimi Azərbaycanın ilk hərbi təyyarəsi, ilk döyüş uçuşuna qalxır. Şəkidən.

Hərbi təyyarəçi Vaqif Qurbanov geri qayıdan kimi bildirir ki, Şuşa boşdur.

Həmin gün uçuşlara sabiq müdafiə naziri Səfər Əbiyev rəhbərlik edib.

Vaqif Qurbanova bir daha tapşırılır ki, verilən koordinatları vur, düşmən maskalanıb.

İkinci uçuşdan sonra Vaqif bildirir ki, mən 50-100 metr hündürlükdə uçuram, heç bir hədəf yoxdur, verilən koordinatlar boşdur.

Koordinatları isə uçuşu idarəetmə mərkəzinə Bakıdan Baş qərargah rəisi Şahin Musayev verib.

Mayın 9-da səhər Vaqif yenidən Şuşaya uçur və yenə də bildirir ki, ŞUŞA BOŞDUR.

Bu fakt Şuşanın işğalı ilə bağlı nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqında araşdırılıb.

Vaqif Qurbanov 1992-ci ilin yay əməliyyatları zamanı qəhrəmanlıqla həlak olub. Amma həmin gün Vaqif Qurbanovla bərabər Şuşa istiqamətinə 3 hərbi vertolyot da uçub. Çox güman ki, onlar da Vaqif Qurbanovun gördüklərinin şahidi olublar.

Ermənilərin Şuşaya hücum planının əsas elementi kimi xof yaradaraq, şəhərin boşaldılmasını təmin etmək olub. Bu əməliyyat planının ən maraqlı elementi isə ermənilərin əsas qüvvələrinin Şuşa-Laçın yolu istiqamətinə çıxarılmasıdır. Şuşanın müdafiəsində olan qüvvələr məhz mühasirəyə düşməmək üçün Qalanı tərk edib.

Şuşada əsas hədəflərdən biri də “Qrad” mərmilərinin anbarı kimi istifadə olunan kilsə olub. Amma Vaqif Qurbanova verilən hədəflər arasında… kilsənin koordinatları olmayıb.

Ermənilər Şuşanı yandırmağa başlayıb

Şuşanın işğalından dərhal sonra ermənilər qarətə, talançılığa və mülklərin yandırılmasına başlayıb. Şuşada kütləvi yanğınlar törədilib. Bu faktı şəhərin alınmasına rəhbərlik etmiş Ter-Tadevosyan da etiraf edib.

Ən qəribəsi isə odur ki, bu məsələ barədə heç vaxt danışılmayıb.

Axı ermənilər Şuşanı niyə yandırırdılar?

Özlərinin tarixi şəhəri hesab etdikləri Şuşanı yandırmaq nəyə lazım idi?

İki mühüm səbəb var.

Birincisi, Şuşanı yandırmaqla ermənilər etiraf edirdi ki, bu, bizim şəhər deyil.

İkincisi, ermənilər Şuşada qala biləcəklərinə inanmırdı…

Vəssalam.

Asəf Quliyev

https://news.lent.az/news/274088

Müəllif müsabiqənin xüsusi diplomuna layiq görülüb.