“Şuşa İli” mədəniyyət paytaxtımızın inkişafında yeni bir səhifə olacaq – Şuşadan reportaj

Xocavənd rayonunun işğalından 27 il ötür
Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib
Hərb tariximiz: Cavanşir

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, incəsənətimizin, mədəniyyətimizin beşiyi, qürur mənbəyimiz olan Şuşa işğaldan azad edildikdən sonra AZƏRTAC-ın müxbirləri Pənahəli xanın yurduna dəfələrlə səfər edib, müxtəlif istiqamətlərdə çoxsaylı reportajlar, xəbərlər hazırlayıblar. Bölgə müxbirimizin dağlar qoynundakı bu gözəl şəhərə növbəti səfəri isə Prezident İlham Əliyevin “Şuşa İli” elan etdiyi 2022-ci ilə təsadüf etdi. Müxbirimizin Şuşaya səfərindən hazırladığı reportajı təqdim edirik:

Şuşanın Günəşli səhəri

Şuşaya bir qış səhərində gəlsək də, şəhər bizi yanvar ayına xas olmayan günəşli hava ilə, buradakı insanlar isə gülərüz və mehribanlıqla qarşılayır. Elə ilk anlardan quruculuq işləri və şəhərin təmizliyi diqqətimizi cəlb edir. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Prezident İlham Əliyev tərəfindən mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb, mədəni-kütləvi tədbirlərin keçirilməsi bərpa edilib. 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı da mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq, Qarabağın tarixinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.

Şuşalıların “Şuşa İli” sevinci

Şuşaya budəfəki səfərdə şəhərin tarixi məkanlarını gəzmək, əslən şuşalı olan insanlarla həmsöhbət olmaq istəyirdik. Modul tipli xəstəxananın qarşısından keçərkən bir neçə nəfərin söhbət etdiyini görüb, onlara yaxınlaşdıq. Salamlaşıb fikrimizi bildirdik. Onlardan biri – “Mən şuşalıyam, şəhərin hər qarışını, insanlarını yaxşı tanıyıram. Sizə nə lazımdırsa, kömək edə bilərəm”, – dedi.

Şuşalı həmsöhbətimiz, sürücü Ceyhun Əliyevlə bir yerdə şəhəri gəzməyə başlayırıq. Yolboyu Şuşanın tarixi, abidələri, qədim məhəllələri, işğaldan əvvəlki xoşbəxt günləri ilə bağlı ağızdolusu bəhs edir. 30 ildən sonra doğma şəhərinə qovuşduğu üçün özünü dünyanın ən xoşbəxt insanı hesab etdiyini deyərək, tezliklə Şuşanın işğaldan əvvəlki gözəl günlərinin yenidən qayıdacağına əminliyini ifadə edir: “İşğal altında qaldığı 28 il ərzində erməni vandalları Şuşadakı tarixi abidələri, Azərbaycanın tanınmış simalarının evlərini viran qoyub, xalqımızın izini buradan silmək istəyiblər. Bir şəhərə baxın, 30 ilə yaxın bir dövr ərzində şəhərdə heç bir tikinti aparılmayıb. Çünki, onlar bilirdilər ki, 30 il yox, 130 il keçsə də, Şuşanın əsl sahibləri bura qayıdacaqlar. Artıq biz qayıtmışıq, Şuşa azaddır və onun yeni inkişaf dövrü başlayır. Bir ildir ki, dövlətimiz tərəfindən Şuşanın bərpası, inkişafı üçün xeyli iş görülüb. Bu il isə Prezidentimiz tərəfindən “Şuşa İli” elan edilib. Bu, şuşalıları sevindirir. Əminik ki, 2022-ci ildə Şuşada bərpa-quruculuq işləri daha geniş vüsət alacaq. 30 il ərzində Şuşaya vurulan yaralar sağalacaq. Şuşa yenidən Azərbaycan mədəniyyətinin mərkəzi olacaq, şuşalıların Şuşada yenidən xoşbəxt günləri başlayacaq”.

Şuşa qədim, əzəli və əbədi Azərbaycan şəhəri kimi dünyada daha geniş tanınacaq

Bu gün Şuşada müxtəlif sahələrdə çalışan insanlar arasında şuşalılar az deyil. Ali Baş Komandanın qətiyyəti və ordumuzun qüdrəti sayəsində uzun illərin həsrətindən sonra doğma şəhərlərinə qovuşmuş bu insanların sevincinin həddi-hüdudu yoxdur. Şuşa modul tipli xəstəxanada baş tibb bacısı işləyən Nəcibə İsmayılova da 29 ildən sonra doğulub böyüdüyü şəhərinə qayıtdığı, burada işlədiyi üçün özünü xoşbəxt sayır. “Həmişə arzu edirdim ki, kaş quş olaydım, uçub Şuşanı, Cıdır düzünü görüb qayıdardım. Bu gün uzun illərdən sonra ən böyük arzuma çatmışam. Xəyallarımız yerinə yetib. 28 ildən sonra yenidən Şuşadayam. Burada yaşayır, işləyirəm. Şuşada çalışan həmvətənlərimizə tibb sahəsində xidmət edirəm. Buna görə çox sevinirəm. Bu sevinci, bu xoşbəxtliyi bizə bəxş etdiyinə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Dövlətimizin başçısına, həmçinin 2022-ci ilin “Şuşa İli” elan edilməsinə görə də minnətdaram. Bu, dövlətimizin, Prezidentimizin Şuşaya nə qədər böyük əhəmiyyət verdiyini bir daha göstərir. Şuşa nəinki şuşalılar, eləcə də hər bir azərbaycanlı üçün əzizdir, müqəddəs şəhərdir. Odur ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi şuşalılar kimi, bütün xalqımız tərəfindən rəğbətlə qarşılanıb. İnanırıq ki, “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər Şuşamızın daha sürətlə inkişafına səbəb olacaq, Şuşa qədim, əzəli və əbədi Azərbaycan şəhəri kimi dünyada daha geniş tanınacaq”.

Dağıdılmış tarixi-mədəni abidələr bərpa edilir

Şuşa səfərimiz zamanı havanın əlverişli olmasından istifadə edib, imkan daxilində daha çox yeri gəzmək, qədim məhəllələri, tarixi abidələri görmək, təbiət gözəlliklərini seyr etmək istəyirik. Şuşanın əsasını qoymuş Pənahəli xanın sarayının, xan qızı Natəvanın, dahi Üzeyir Hacıbəylinin, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskinin, tarzən Sadıqcanın evlərinin, qədim məhəllələrdəki məscidlərin, Şirinsu hamamının, digər tikililərin erməni vandalizminə məruz qalaraq dağıdılmış görkəmi ürəyimizi dağlasa da, tarixi mədəniyyət abidələrində dövlətimizin apardığı bərpa işləri bizi sevindirdi. Şuşa işğaldan azad edildikdən sonra “Xan qızı” bulağı bərpa edilib. Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri görülüb. Şəhərdə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Hazırda Şuşada bir sıra infrastruktur layihələri icra edilir, Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati bina müasir şəkildə yenidən qurulur. Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır.

Dünya mədəniyyət paytaxtımızda baş verən möhtəşəm hadisələrin şahidi olacaq

Şuşa şəhərində ziyarət etdiyimiz sonuncu məkan Xalq artisti Bülbülün ev-muzeyi oldu. 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeydə ötən il Prezident İlham Əliyevin tapşırığına əsasən təmir-bərpa və yenidənqurma işləri aparılıb. Muzeyin ziyarətçiləri burada nəinki görkəmli ifaçı Bülbülün həyat və yaradıcılığı ilə tanış olur, eləcə də Qarabağın musiqisi, mədəniyyəti, tarixi ilə bağlı məlumatlar alırlar.

Muzeyin direktoru – əslən Şuşadan olan Fəxrəddin Hacıbəyli söhbət zamanı illərdir həsrətində olduğu baba yurduna gəlişi, muzeyin fəaliyyəti, mədəniyyət paytaxtımızın inkişafı ilə bağlı fikirlərini bizimlə bölüşdü: “Mən Şuşada doğulmasam da, babam, nənəm buralıdırlar. Mərdinli məhəlləsində çörəkçi Muxtarın nəvəsiyəm. Şuşa mənim çox doğma yurd yerimdir. İllərdir Qarabağımızın, Şuşamızın həsrəti ilə yaşamışıq. Odur ki, ilk dəfə Şuşaya gələrkən hansı hisslər keçirdim, onu ifadə edə bilmirəm. Bu şəhərdə ata-baba yurdum var. Bu torpaq mənim üçün əzizdir. Bunlar adi hisslər deyil. Elə duyğular var ki, onu sözlə ifadə etmək olmur”.

F.Hacıbəyli Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi mədəni həyatına qovuşması istiqamətində görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək bildirdi ki, Şuşa təkcə şuşalılar, qarabağlılar, azərbaycanlılar üçün deyil, bütün türk dünyası üçün dəyərli, sevimli bir şəhərdir. 2022-ci ilin “Şuşa İli” elan edilməsi mədəniyyətimizin beşiyi, Qarabağımızın incisi sayılan Şuşanın inkişafına böyük təkan verəcək. Dünya 2022-ci ildə mədəniyyət paytaxtımızda baş verən möhtəşəm hadisələrin şahidi olacaq. Bu baxımdan 2022-ci ilin “Şuşa İli” elan olunması Şuşanı qəlblərinin bir parçası hesab edən insanların arzularının gerçəkləşməsi, mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi, incəsənətimizi, musiqimizi, muğam sənətimizi dünyaya bəyan etməkdir.

Artıq axşam düşür. Şuşada vaxt sanki daha tez keçir. İnsan burada vaxtı saxlamaq, daha çox yeri gəzmək, daha çox görmək, bu möcüzəli şəhərdə daha çox qalmaq, buradan ayrılmamaq, havasını daha çox udmaq istəyir. Bu torpağın, bu şəhərin sanki bir sehri, möcüzəsi var. Hər kəsə təsir edən tilsimli aurası var. Ancaq bir daha qayıtmaq üçün ayrılmaq məcburiyyətindəyik. Ümid edirik ki, dağlar qoynundakı bu gözəl şəhərə növbəti səfərimizdən daha böyük təəssüratlarla dönəcəyik.

AZƏRTAC