Şuşada ilk uşaq tədbiri keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Instagram” səhifəsində paylaşım edib
Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə başlayıb
Prezidentin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncamı
Şuşada məktəblilər arasında təşkil olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konserti keçirilib.  
“Report” xəbər verir ki, uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf edən tədbir Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra burada keçirilən ilk respublika uşaq tədbiridir.
Tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında baş tutub.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Şuşa Dövlət Qoruğu İdarəsinin nümayəndəsi və digər dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, festival müsabiqənin qalibləri iştirak edib.
Təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq tədbirin Şuşada təşkilinin qürurverici olduğunu qeyd edib. Şəhidlərimizin xatirəsini yad edən, qazilərimizə Allahdan şəfa diləyən təhsil naziri Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Müzəffər Ordumuzun şanlı qələbəsi sayəsində bu gün gələcəyimiz olan uşaqların azad Şuşada bayramı qeyd etməsini xüsusi vurğulayıb. 
Nazir çıxışının sonunda bütün uşaqları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, müsabiqənin keçirilməsində əməyi olan hər kəsə təşəkkür  bildirib və qaliblərə uğurlar arzulayıb. 
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova əvvəlcə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib. Hər bir vətəndaş üçün dövlət və onun mənafeyinin öndə gəldiyini qeyd edən komitə sədri müsabiqənin gənclərimizin vətənpərvər ruhda yetişməsində oynadığı rolundan danışıb, iştirakçılara uğurlar arzulayıb. 
Konsert proqramında 150-ə yaxın məktəbli çıxış edib, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. 
Tədbirin sərgi hissəsində müsabiqə qaliblərinin rəsm və əl işlərinə baxış keçirilib.
Qeyd edək ki, “Şuşa İli”nə həsr olunmuş festival-müsabiqəyə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 4 nominasiya – ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət üzrə keçirilən müsabiqəyə ümumilikdə 10000-dən çox istedadlı şagird qatılıb. Müsabiqənin təşkilində məqsəd uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək olub.
Həmçinin, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, təhsilalanları vətənpərvərlik, həmçinin torpağa, dövlət rəmzlərinə, tariximizə hörmət ruhunda tərbiyə etmək, məktəblərin asudə vaxtlarını təmin etmək də məqsədlər sırasındadır.