Tərtər rayonu haqqinda ümumi məlumat

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş tədbir keçirdi
Kazimirovun KVAZİBARIŞIĞI – erməni işğalçıları üçün “müqəddəs yazı”
İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıya səfər ediblər

Tərtər – Azərbaycanda rayon. Sovet dövründə adı Mirbəşir olmuşdur.

Tərtər rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində və Qarabağ düzündə yerləşir. Sahəsi 957 km², əhalisi 98,1 min nəfərdir (01.01.2009). Mərkəzi Tərtər şəhəridir.

Tarixi

Tərtər Azərbaycan Respublikasında inzibati rayondur. 1920-ci ilin aprel ayında Cavanşir qəzası yaradılmışdır. Həmin ildə Tərtər sahəsi yaradılmış və 1920-1922-ci illərdə Cavanşir qəzasının tabeliyində olmuş, 1922-ci ildə adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılıb. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyində, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyində olmuşdur. 8 avqust 1930-cu ildə Tərtər rayonu yaradılıb. 24 fevral 1931-ci ildə Tərtər rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə verilmişdir. 27 yanvar 1934-cü ildə yenidən Tərtər rayonu yaradılmışdır. 5 avqust 1949-cu ildə rayonun adı dəyişdirilərək Mirbəşir rayonu adlandırılmışdır. 4 yanvar 1963-cü ildə Mirbəşir rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə keçirilmiş, 6 yanvar 1965-ci ildə yenidən Mirbəşir rayonu yaradılmışdır. 7 fevral 1991-ci ildə Mirbəşir rayonunun adı dəyişdirilərək yenidən Tərtər rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunu inzibati tərkibinə verilmişdir. Ağdərə rayonu ərazisindən verilən yaşayış məntəqələri də daxil olmaqla hazırda rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd vardır. Hazırda keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilən Ağdərə şəhəri və kəndlərdən 13-ü erməni işğalı altındadır.

Coğrafi mövqeyi

Rayonun səthi şimal-şərqdə düzənlik, cənub-qərbdə dağlıqdır. Dağlıq sahədə Yura-Tabaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: neft, daş kömür, tikinti materialları, səpinti qızıl. İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru-çöl tipli, qışı mülayim soyuqdur. Orta temperatur yanvarda -2°C-dən 3°C-yədək, iyulda 18-26°C-dir. İllik yağıntı 300-500 mm-dir. Rayon ərazisindən Tərtər və İncəçay, cənub sərhədindən isə Xaçın çayı axır. Ərazisi şabalıdı, boz və çəmən-boz torpaqlardan ibarətdir. Yovşanlı-şoranotulu yarımsəhralar, seyrək kollu çəmənliklər, meşələr və subalp çəmənləri yayılmışdır. Tərtər rayonu Tərtər çayının aşağı hissəsində yerləşir və şimaldan İncə çayı ilə həmhüduddur. Rayonda iqlim şəraiti mülayim iqlimdən başlamış isti yarımsəhra və səhra iqliminə qədər dəyişir. Tərtər və Xaçınçay çayları bu rayonun ərazisi ilə axır. Rayon Kür-Araz ovalığının qərb hissəsində, Qarabağ düzündə yerləşir. Burada neft yataqları, tikinti materialları mövcuddur. Rayonun ərazisində 58 yaşayış məntəqəsi vardır. Rayonun inzibati mərkəzi Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərindən qədim karvan yolu üzərində yerləşir. Buranın tarixi adı Çaparxana olmuşdur. Alban dövlətinin qədim paytaxtı Bərdədən 17 km aralıda yerləşən bu ərazidə vaxtilə karvansara və qala olmuşdur.

Tarixi və Memarlıq Abidələri

Rayonda 24 tarix və mədəniyyət abidələri var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi yerli əhəmiyyətli memarlıq, 1 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Həmin abidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bəyim Sarov, Xoruzlu, Dəmirçilər kəndlərində yerləşir. Göstərilən ərazilərdə 3 məscid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə mövcuddur. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.