TEYMUROV Rizvan Rəhman oğlu

ƏLİYEV Yunis Əsgər oğlu
MUSTAFAYEV Alı Mustafa oğlu
ƏHMƏDOV Riad Fikrət oğlu

TEYMUROV Rizvan Rəhman oğlu (16.4.1967, Şuşa r.-nunun Quşçular k. – 9.12.1991, Xankəndi ş.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində doğulmuşdur. 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra bir il sovxozda işləmişdir. 1985-ci ildə ordu sıralarına çağırılmış, əsgəri xidmətini Omsk şəhərində başa vurduqdan sonra Vətənə dönmüşdür. O, 1987-ci ildə iş dalınca Rusiyanın Arxangelsk vilayətinə gedir. Lakin torpaq qeyrəti 1990-cı ildə onu yenidən Vətənə dönməyə vadar edir. O, bir müddət doğma rayonunda iaşə xidməti sahəsində işləyir. Şuşa rayon DİŞ-nin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda o, tərəddüd etmədən bu dəstəyə daxil olur. Qorxubilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində erməni yaraqlılarının zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərmişdir. R.Teymurov Qarabağ torpağını qarış-qarış gəzmişdi. O, Xankəndi, Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşmuşdur.

9 dekabr 1991-ci il… Cəsur əsgərin son döyüşü… Rizvan səhər tezdən əməliyyata gedəcəkdi. O, dincəlməli idi. Gecədən xeyli keçsə də gözünə yuxu getmirdi. O, qalxıb yoldaşlarının yanına – Kərkicahana getməyi qərara aldı. Gecə erməni yaraqlıları qəfıl hücuma keçdilər. Lakin cəsur döyüşçülərimizin qarşısında tab gətirə bilməyəcəklərini görüb geri çəkildilər. O, Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Şuşa rayon Quşçular kəndində dəfn edilmişdir.

Bakının Nizami rayonunda küçələrdən biri adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 274