“The Washington Times”da Azərbaycan səfirinin Kəlbəcərin işğalı ilə əlaqədar məqaləsi dərc edilib

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
AVCİYA-nın 2022 – Şuşa ilinə dəyərli töhfəsi: Assosiasiya Şuşa layihələri çərçivəsində dördcildlik monoqrafik toplu hazırlayaraq dərc etmişdir
Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edilib

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə bağlı “The Washington Times” qəzetində “Ulu dağlar: Azərbaycanın Qarabağa möhkəm bağlılığı münaqişənin nizamlanmasında mühüm əhəmiyyət kəsb edir” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında danışıqların davam etməsinə baxmayaraq, uzun illərdir bu danışıqlarda heç bir real uğura nail olunmadığını bildirir. Qeyd edilir ki, məhz bu irəliləyişin olmaması səbəbindən bir çox insanlar işğal olunmuş Azərbaycan torpaqlarını və Azərbaycanın mülki əhalisinin kütləvi şəkildə məcburi köçürülməsini mücərrəd termin və ifadələrdə təsvir etməyə meyillidirlər. Lakin reallıq budur ki, Azərbaycanın beynəlxalq hüquqda tanınmış əraziləri Ermənistan tərəfindən işğal edilib və azərbaycanlıların bütöv bir nəsli köçkün həyat şəraitində böyüyüb. Diplomat vurğulayır ki, Azərbaycanın bu torpaqları erməni siyasətçilərinin əksər hallarda təkrarladıqları kimi danışıqlar üçün “alver mövzusu” deyil, məhz bir milyondan çox insanın Vətənidir.

E.Süleymanov qeyd edir ki, möhkəm sülhün qurulmasından ötrü münaqişənin hər hansı dinc yolla həlli təkcə qeyri-sabit status-kvonu əks etdirməməli, həmçinin regionun uzunmüddətli perspektivlərini nəzərə almalıdır. Azərbaycanlılar üçün bu, Qarabağa sıx bağlılıqlarını etiraf etmək, həmçinin məcburi köçkünlərin doğma yurdlarına qayıtması deməkdir. Qarabağda yaşayan ermənilər üçün isə bu, özünüidarə imkanları və erməni icmasının özünü təhlükəsizlikdə hiss etməsinin vacibliyi kimi başa düşülür. Fəal inkişaf edən Azərbaycan ilə Ermənistanın getdikcə artan təcridi arasında parlaq seçilən fərq hətta regionda olan təsadüfi müşahidəçinin diqqətini çəkməyə bilməz.

Potensial güzəştlərdən danışarkən hər bir tərəfin yaşamaq və ləyaqət hüququnu tanımaq vacibdir. Azərbaycan bütün vətəndaşlarının, o cümlədən ölkənin işğal olunmuş ərazilərində yaşayan erməni əsilli vətəndaşların dini və etnik mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqa malik olduqlarını qəbul edir. Ermənistan isə öz işğalçı siyasəti ilə son iyirmi il ərzində nümayiş etdirdi ki, onun xəyalları etnik mənsubiyyətin dar sərhədlərindən kənara çıxmır.

Elin Süleymanov qeyd edir ki, danışıqların düyünə düşməsindən Azərbaycan xalqının narazılığının artması sirr deyil. Ölkənin siyasi rəhbərliyi bu barədə yaxşı məlumatlıdır. Bu barədə həm erməni liderləri, həm də beynəlxalq vasitəçilər iki səbəbə görə məlumatlandırılmalıdırlar: əgər münaqişənin nizamlanmasında müəyyən irəliləyişə nail olunmasa, bu cür əhval-ruhiyyə dərinləşəcək və elə Ermənistanın inkişafının özü də bu münaqişənin nə dərəcədə tez həll olunmasından asılıdır.

Müəllif yazır ki, Qarabağ Azərbaycanın ayrılmaz və milli identikliyinin ən ağrılı hissəsi olduğu kimi, Kəlbəcər də mənim şəxsi identikliyimin bir hissəsidir. Qarabağ və ona bitişik torpaqlarla möhkəm şəxsi bağlılığı olan ermənilərdən qat-qat çox olan azərbaycanlılar var. Bu qədər insanın qəflətən doğma yerlərini yaddan çıxarmasını hesab etmək çox sadəlövhlükdür. Ermənistanın işğalı altında olan ərazilər hazırda əsasən boşdur, çünki Qarabağın çoxsaylı yerli azərbaycanlı icması öz torpaqlarından qovulub. Bu icmanın nümayəndələrinin qayıtmasının qarşısını həmişəlik almaq mümkün deyil.

Səfir Süleymanov məqalənin sonunda yazır ki, hər iki icma çiyin-çiyinə yaşamağı öyrənməlidir. Ermənilər üçün birinci vacib addım isə onların doğma torpaqlarından zorla qovduqları insanların mücərrəd statistik rəqəmlər deyil, məhz real insanlar olmasını dərk etmələridır.

Yusif Babanlı, AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton