Türkiyə XİN: Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır

Hikmət Hacıyev: “Minsk qrupu həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb”
Günnüt kəndində etibarlı müdafiə sistemi yaradılıb
Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iki ölkə arasında 2009-cu ildə İsveçrənin Sürix şəhərində imzalanmış protokollarla bağlı açıqlamasına dair bəyanat yayıb.

AZƏRTAC Türkiyə XİN-in saytına istinadla xəbər verir ki, bəyanatda Edvard Nalbandyanın dekabrın 13-də Afinada verdiyi açıqlamasının əsassız olduğu bildirilir. Qeyd edilir ki, erməni nazirin protokolların təsdiqlənməsindəki gecikmələrin məsuliyyətinin Türkiyənin üzərinə düşdüyünə dair iddiaları həqiqəti əks etdirmir. Bəyanatda deyilir: “Protokollar İsveçrənin təşəbbüsü ilə aparılan danışıqlarda hazırlanıb və Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşdırılması məqsədi daşıyırdı. Lakin ilk olaraq Ermənistan Konstitusiya Məhkəməsi 12 yanvar 2010-cu il tarixində protokolların mətninə və ruhuna zidd və məhdudlaşdırıcı şərtlər irəli sürdü. Sonradan Ermənistan prezidenti Serj Sarkisyan 2010-cu il 22 aprel tarixində protokolların ratifikasiyasının təxirə salındığını açıqlayıb. Ermənistan diasporunun da bu protokollara qarşı çıxdığı və protokolların təsdiqlənməməsi üçün Ermənistan hökumətinə təzyiq göstərdiyi də reallıqdır. Son olaraq, S.Sarkisyan 2017-ci il 19 sentyabr tarixində BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında protokolların gecikməsinin məsuliyyətini əsassız şəkildə Türkiyənin boynuna qoyaraq, tərəqqi olmadığı üçün protokolları qüvvədən düşmüş sayacaqlarını və 2018-ci ilin baharına bu protokollar olmadan girəcəklərini açıqlayıb”.

Bəyanatda bildirilir ki, Ermənistanın bu mənfi mövqeyinə baxmayaraq, Türkiyə protokolların əsas müddəalarına sadiqliyini qoruyur. Protokollar hələ də TBMM Xarici işlər komissiyasının gündəmindədir. Bu protokolların ratifikasiyası üçün Cənubi Qafqazda uyğun siyasi mühitin və sülhün bərqərar olması zəruridir. “Ölkəmizin protokol prosesində əsas məqsədi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin Cənubi Qafqazda əhatəli sülh və sabitliyi təmin edəcək şəkildə həyata keçirilməsi, bu çərçivədə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü təməlində irəliləyişin əldə olunması idi. İstənilən halda, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır,- deyə açıqlamada vurğulanır.

Türkiyə XİN-in açıqlamasında E.Nalbandyanın çıxışında dilə gətirdiyi “soyqırımı” iddialarının həqiqəti əks etdirmədiyi bildirilir: “Ermənistandan gözləntimiz mübahisəli tarixi mövzuları kənara qoyub, yaxın tarixin ən önəmli insanlıq cinayətlərindən biri olan Xocalı qətliamının hesabını verməsidir”,- deyə bəyanatda vurğulanır.