TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub

Türk İnvestisiya Fondu ilə Türk Ticarət və Sənaye Palataları Birliyi arasında Anlaşma Memorandumu imzalanıb
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub
Özbəkistan portalı Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi cəhdləri ilə bağlı məqalə yayıb

Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə müəyyənləşdirilən yeni vəzifələrin və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY-la əməkdaşlığa xüsusi önəm verdiklərini, bu əməkdaşlığın ildən-ilə genişlənərək yeni məzmun qazandığını qeyd edib. Nazir Türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən ortaq layihələrin əhəmiyyətini vurğulayıb.

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, əlaqələrin möhkəmlənməsində göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib.

Görüş zamanı TÜRKSOY-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni təyin olunan nümayəndəsi Vüqar Məmmədov Baş katibə təqdim edilib. Qeyd olunub ki, o, yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq.

Tərəflər təşkilatın cari il üzrə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıb, birgə layihələrin icrasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

AZƏRTAC