Vətəndaşlar işğaldan azad olunmuş ərazilərə səfər edə biləcəklər

Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycanda yeni medal təsis edilib
AVCİYA-nın yeni layihəyə start verdi “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu”

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və tarixi torpaqlarımıza Böyük Qayıdışın əsası qoyuldu. Bu gün işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun qurulması, doğma yurdlarına qayıtmaq istəyən vətəndaşların yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin yaradılması dövlət siyasətinin prioritetlərindən biridir.
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının fəaliyyəti dövlətimizin başçısının bu ərazilərdə quruculuq işlərinin aparılması üzrə müəyyənləşdirdiyi strateji istiqamətlərə və tapşırıqlara uyğun olaraq davam etdirilir. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir. Bu istiqamətdə görülən işlər çərçivəsində vətəndaşların mərhələli şəkildə həmin ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərə avtobus marşrutları açılır.
Müxtəlif sosial qruplardan olan insanların işğaldan azad edilən ərazilərə mütəmadi səfərlərinin təşkili və yenidənqurma işlərinin genişlənməsi ilə əlaqədar olaraq müvafiq icazə əsasında ezam edilən işçilərin say çoxluğu müntəzəm avtobus marşrutunun yaradılmasını zəruri edir. Bu məqsədlə, ilkin olaraq daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması qərara alınıb.
AZƏRTAC xəbər verir ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə əlaqədar yanvarın 18-də brifinq keçirilib. Brifinqdə bildirilib ki, yanvarın 24-dən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ Müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir. Sərnişin daşınması ilə bağlı müəyyən olunmuş kateqoriyalar üzrə növbəliliyin təmin edilməsi, kvotalara riayət edilməsi və güzəştlərin tətbiqi məqsədilə onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin COVID-19 virusuna yoluxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.
Hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla birgə marşrutun hərəkət sxemi və dayanacaq yerləri müəyyən olunub.
Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşurası yerləşdiriləcək. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib.

AZƏRTAC