Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb
Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub
Narkoloji Mərkəzdəki yanğında 24 nəfər ölüb

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yaydığı məlumata istinadən xəbər verir ki, 27 apreldən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər.

Vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq.

“Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər. Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər”, – deyə birgə məlumatda qeyd olunub.