Şahin Camalov
XXI əsr-Azərbaycan Fondunun prezidenti, Fondun Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə keçirilmiş “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyasının əlaqələndiricisi
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyasının II mərhələsi çərçivəsində çərçivəsində Şamaxı, Xaçmaz, Salyan və Yevlax rayonlarında “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda Dəyirmi Masalar keçirilib. Dəyirmi Masalarda layihə çərçivəsində həyata keçirilmiş sosioloji tədqiqatın nəticələrinin təqdimatı edilmiş, habelə, ölkəmizdə yetkinlik yaşına çatmayanlara siqaret satışına olan məhdudiyyətlərin vəziyyəti, qadağalara nəzarət mexanizmləri, bu sahədə birgə fəaliyyət, QHT, biznes qurumları və dövlət əməkdaşlığı perspektivləri müzakirə edilib.
Qeyd olunduğu kimi, layihə çərçivəsində tütün məmulatlarının ticarətdə dövriyyəsinin qanunauyğunluğunu müəyyən etmək məqsədilə Bakı şəhərində siqaret satılan ticarət obyektlərinin monitorinqi və satıcılarının rəy sorğuları həyata keçirilib. Sorğu 2017-ci ilin mart ayının 9-dan 11-dək Bakı şəhərinin Nizami, Xətai, Səbail, Yasamal, Binəqədi, Nəsimi rayonları ərazisində yerləşən ticarət obyektlərində «Face to face» metodologiyası ilə keçirilmiş sorğunun anonimliyi təmin olunub. Sorğu anketləri peşəkar sosioloqlar tərəfindən tərtib olunmuşdur. Tədqiqatın məqsədinin gənc nəslin ziyanlı vərdişdən çəkindirilməsi olduğunu nəzərə alaraq məktəblərin yaxınlığında yerləşən 150 ticarət obyektinin vizual monitorinqi və satıcılarının rəy sorğusu aparılib.
Bunların 17,2%-i – market (bundan sonra “M”), 82,8%-i isı köşklər (bundan sonra “K”) olub. Tütün məhsulları bütün obyektlərdə ən çox satılan məhsul kimi qeyd edilib. Belə ki, köşklərdə ən çox satılan məhsul kimi rəyi soruşulanların 91,7 %-i bunu qeyd ediblər. Marketlərdə siqaretə tələbat ərzaq məhsulları və içkilərdən sonra 3-cü yerdədir (80,1%).
“Tütün məmulatı haqqında AR qanunu”-nda “Tütünün və tütün məmulatının ticarəti”nə dair maddə 15-in 15.3.6 bəndində “18 yaşına çatmamış şəxslərə” satışının qadağan olmasını nəzərə alaraq siqaretlərin yeniyetmələrə satışına dair suallar da verilib. Monitorinq nəticəsində müəyyən olunub ki, ticarət obyektlərinin 82,8%-də 18 yaşa çatmayanlara siqaret satışının qadağan olunmasına dair elan yoxdur. Yeniyetmələrə siqaretin satışı ilə bağlı qadağa haqda yalnız 3,4% satıcının xəbəri olmasa da 6,9% satıcı ədədlə satışın mümkün olduğunu vurğulayıb (M-20%, k-4,2%). Yeniyetmələrin siqaret üçün müraciət etmələri qeyd olunmuşdur (tez-tez: ümumi – 51,7%, M-59,3,0%, K-40,7%; hərdənbir: Ü-44,8%, M-40,7%, K-40,2%). Yalnız 4,2% köşk satıcısı belə müraciətlərin olmamasını deyib. Yeniyetnə siqaret üçün müraciət etdikdə satıcılar obnların 18 yaşa çatmalarını gözəyarı müəyyən edir (96,6%). Bu məqamda siqaretin 18 yaşa çatmamışlara qadağan olduğunu artıq intervüerdən bilən satıcıların hamısı (100%!) yeniyetmələrə qəti siqaret satmadıqlarını deyib.
“Tütün məmulatı haqqında AR qanunu”-nda “Tütünün və tütün məmulatının ticarəti”nə dair maddə 15-in 15.3.8 bəndində “siqaret, papiros və siqarillalar ədədlə” satışının qadağan olması da monitorinqin obyekti olub. Monitorinqlə əhatə olunan bütün obyektlərdə siqaretin ədədlə satılması müəyyən edilib. Belə ki, 51,7% mağazada (M-39,1%, K-54,2%) açılmış paçkalar açıq şəkildə qiymətlər göstərilməklə rəfdə qoyulub, 31,0% mağazada (M-60,9%, K-25,0%) açılmış paçkalar açıq şəkildə qiymətlər göstərilməklə vitrində qoyulub, 13,8% mağazada (M-0,0%, K-16,7%) açılmış paçkalar açıq şəkildə vitrində qoyulub, lakin qiymətlər göstərilməyib. 3,5% mağazada (M-0,0%, K-4,1%) açıq siqaret qutuları görünmür, lakin ədədlə siqareti almaq olar.
Siqareti ədədlə satırsınızmı? Sualına 96,6% satıcı (M-100,0%, K-95,8%) “Bəli” cavabını veriblər. Qanunla bunun qadağan olduğu barədə 96,4% satıcı məlumatlı olmadığını deyib. Onlar ədədlə satışı tələbatla (ümumi-48,3%, M-80,4%, K-41,7%), gəlir baxımından daha sərfəli olduğunu (ümumi-34,5%, M-19,6%, K-37,5%), alıcının təkid etdiyinə görə (ümumi-10,3%, M-0,0%, K-12,5%) və alıcının siqareti tərgitmək məqsədilə bunu aldığını (ümumi-6,9%, M-0,0%, K-8,3%) izah ediblər. Siqaretin rəflərə və ya vitrinə yığılmasının özünün reklam olduğunu və tütün məmulatlarının reklamına ciddi məhdudiyyətlərin qoyulmasını nəzərə alsaq məktəblərin yaxınlığında yerləşən ticarət obyektlərinin yeniyetmələrin zərərli vərdişə yiyələnməsinə zəmin yaratması danılmazdır.
Siqaret satışına nəzarətin keçirilməsinə dair müəyyən olunub ki,1-3 ay arası müxtəlif qurumlar tərəfindən nəzarət aparılır. Rəyi soruşulanlar Vergi orqanları, Ticarət və Xidmət Departamenti (ümumi-29,2%, M-24,7%, K-30,2%), Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ümumi-12,3%, M-16,7%, K-11,3%), İcra Hakimiyyəti (ümumi-9,2%, M-8,3%, K-1,9%) və digər rəsmi qurumların adlarını çəkib. Sonuncu yoxlamanın keçən ay müddətində keçirildiyini (ümumi-75,9%, M-60,0%, K-79,2%), deyən respondentlər nəzarəti keçirən qurumlar sırasında ən çox Ticarət və Xidmət Departamenti və Vergi orqanlarının adlarını çəkiblər.
Diqqəti çəkən odur ki, tez-tez yoxlamalara gələn rəsmi qurumlar qanunvericilik pozuntuları və onlara görə cərimələrə dair heç bir məlumatlandırma işi aparmırlar. Belə ki, nə sorğu zamanı respondentlərdə nə 18 yaşadək olanlara siqaretin satışına görə cərimələrin məbləği, nə də ədədlə siqaret satışına dair məlumatlı olan aşkarlanmadı, nə də II mərhələdə 4 regionda keçirilmiş dəyirmi masalarda iştirak edən aidiyyatı icra və hüquq mühafizə orqanları da belə məlumatlara sahib olmadılar.
Qeyd etmək lazımdır ki, 4 noyabrda Şamaxıda, 10 noyabrda Xaçmazda, 17 noyabrda Salyanda, 24 noyabrda Yevlaxda keçirilmiş bütün dəyirmi masalar həm rayon ictimaiyyəti, həm də aidiyyatı qurumlar tərəfindən yüksək dəyərləndirilib. Dəyirmi masalarda xüsusi ilə qeyd olunan problemlə bağlı fəaliyyət göstərən məsul qurumların əməkdaşları hesabat tipli məruzələr etmiş, problemin doğurdan da narahatverici olduğunu qeyd ediblər. Xüsusi ilə siqaret çəkərkən müəyyən edilmiş yeniyetmələr siqareti hardan əldə etdiklərini hər vəchlə gizlətməyə çalışdıqları üçün, aidiyyatı dövlət qurumlarına inzibati xətalar məcəlləsinin 455.2 maddəsinin tətbiqi üçün istəmədən belə olsa mane olmuş olurlar. Dəyirmi Masalarda iştirak edən rayon mərkəzi xəstəxanalarının həkim-narkoloqları tütün məmulatlarının insan orqanizminə verdiyi zərərlər barədə geniş məlumat vermiş, tədbirlərdə iştirak edən yeniyetmələrin suallarını cavablandıriblar.
Bütün bunlarla yanaşı tədbirlərdə qeyd olundu ki, vətəndaş cəmiyyəti, təhsil müəssisələri və ailə üçbucağının bu problemin həlli istiqamətində rolu danılmazdır və daha da əlverişli mühitin formalaşmasında birgə fəaliyyət ciddi müsbət nəticələr verə bilər.
Qeyd etmək istərdik ki, “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyasının III mərhələsinin icrasına 2018-ci ilin əvvəllərində başlanması planlaşdırılır və bu mərhələdə daha geniş spektrli maarifləndirmə tədbirləri nəzərdə tutulur.