VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası format və proqramının rəngarəngliyi ilə fərqlənəcək

Prezident İlham Əliyev görkəmli bəstəkar Arif Məlikov ilə vida mərasimində iştirak edib
Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
BMT rəsmisi: Bakı Forumu vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə problemin həlli yollarını tapa bilərik

6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (“Baku İnternational Book Fair 2021”) keçiriləcək.

Sərginin məqsədi kitab və mütaliəni təbliğ etmək, ziyarətçiləri yerli və xarici nəşriyyatların çap məhsulları və kitab mağazaları ilə tanış etmək, nəşriyyat işinə dəstək olmaq, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsinə şərait yaratmaqdır. Təşkilatçı tərəfindən iştirakçılar üçün 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlar ödənişsiz təmin ediləcək.

Builki sərgi-yarmarka Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. Sərginin təşkilatçısı Mədəniyyət Nazirliyi, baş sponsoru – “bp” şirkəti, əsas media tərəfdaşı İctimai Televiziyadır. Azərbaycanın aparıcı kitabxanaları ilə yanaşı, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Gürcüstanın milli kitabxanaları da sərgidə təmsil olunacaqlar.

Sərginin təşkilatçılığını həyata keçirən “Caspian Event Organisers” (CEO) şirkətindən verilən məlumata əsasən, kitab bayramında 13 ölkənin iştirakı təsdiqlənib. Budəfəki sərgi əvvəlki tədbirlərdən həm format, həm məkan, həm də proqramının rəngarəngliyi ilə fərqlənəcək.

Sərginin tədbirləri Bakı Ekspo Mərkəzi ilə yanaşı, Azərbaycan Milli Kitabxanasında da təşkil olunacaq. Qonaqlar Milli Kitabxana ilə tanış olacaq, eyni zamanda kitabxananın Beynəlxalq əməkdaşlıq zalında Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanası və Gürcüstan Parlament Kitabxanası rəhbərlərinin iştirakı ilə bu ölkələrin daimi guşələrinin açılışı keçiriləcək. Sərgiyə qatılan milli kitabxanalar tərəfindən Ekspo Mərkəzində nümayiş etdirilən kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə olunacaq.

Ziyarətçilərin sayında məhdudiyyət qoyulmasa da, məlum pandemiya qaydalarına diqqət yetiriləcək. Sərgi-yarmarkanı ziyarət etmək istəyənlər üçün metronun “Koroğlu” stansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir Bakı Ekspo Mərkəzinə avtobuslar hərəkət edəcək.

Mədəniyyət Nazirliyi