X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Firəngiz Əlizadənin kamera-instrumental əsərləri səsləndirilib
Musa YAQUB: dost itkisinin nisgili…
“Euronews” Azərbaycan xalçalarından bəhs edən süjet yayımlayıb

İyulun 31-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda deyilir: “Xanımlar və cənablar, əziz dostlar.

Hörmətli festival iştirakçıları və qonaqlar.

Hər birinizi – Qəbələ beynəlxalq musiqi festivalının iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıram.

Azərbaycanın bu gözəl guşəsindəki görüşlərimiz artıq xoş bir ənənəyə çevrilib. Biz sizinlə ilk dəfə 2009–cu ildə Qəbələ birinci beynəlxalq klassik musiqi festivalında görüşmüşük. Bu gün isə mühüm bir yubileyi qeyd edirik. Qəbələ artıq onuncu ildir ki, parlaq musiqi bayramının iştirakçılarını və qonaqlarını qəbul edir.

Çox zəngin mədəni irsi və musiqi ənənələri olan Azərbaycanda bu festivalın rəğbət və dəstək qazanması təqdirəlayiqdir. Xalqımız musiqi dünyasına Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Müslüm Maqomayev, Bülbül, Rəşid Behbudov kimi korifeyləri bəxş edib. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən müasir dövrümüzə qədər bizə gəlib çatıb.

Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranıb və səhnəyə qoyulub. Təsadüfi deyil ki, ölkəmiz regionun qeyri-rəsmi “musiqi paytaxtı” adını qazanıb. Azərbaycanda mütəmadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilir. Qəbələ festivalı onların arasında xüsusi yer tutur. Bu festival paytaxtda deyil, Azərbaycanın ən qədim və gözəl guşələrindən birində, əsrlər öncə Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə keçirilir. Festivalın keçirilməsi üçün seçilmiş bu məkan Azərbaycanın qədim tarixini və xalqımızın zəngin mədəni irsini, habelə ölkəmizin və onun regionlarının sosial–iqtisadi inkişafının bugünkü nailiyyətlərini özündə əks etdirir.

Əminliklə deyə bilərik ki, ötən illər ərzində biz bir çox uğurlar qazanmışıq. Qəbələ festivalı Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında yeni və gözəl ənənənin təməlini qoyub, beynəlxalq musiqi tədbirlərinin sırasında öz layiqli yerini tutub. Klassik musiqi peşəkarları və pərəstişkarları arasında onun nüfuzu getdikcə artır. Hər il festivalın səhnəsinə dünyanın tanınmış ifaçıları və kollektivləri çıxır. Bizim qədim Qəbələ bu sənəti sevənlərin – musiqiçilərin, tamaşaçıların və tənqidçilərin ən sevimli görüş yerinə çevrilib. Burada yaradıcılıq birliyi və qarşılıqlı anlaşma üçün inanılmaz dərəcədə isti bir mühit hökm sürür. Çoxsaylı ölkələrdən və müxtəlif qitələrdən ifaçıların və kollektivlərın iştirak etdiyi bu möhtəşəm musiqi və dostluq bayramı beynəlxalq musiqi ictimaiyyətini təkcə Azərbaycanın mədəni sərvətləri ilə tanış etmir. O, həm də müxtəlif ölkələri təmsil edən musiqiçilər arasında dostluq münasibətləri və əlaqələrin qurulması üçün gözəl imkanlar yaradır, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun dəstəklənməsi işinə öz töhfəsini verir.

Xanımlar və cənablar, əziz dostlar. Sizin bəziləriniz artıq ölkəmizdə olub, bəziləriniz üçün isə bu, Azərbaycana ilk səfərdir. Ölkəmiz mehribanlığı və qonaqpərvərliyi ilə tanınır. Azərbaycan xalqı özünün zəngin tarixi və mədəni irsini qorumaqla yanaşı, yeni ideyalar üçün də hər zaman açıqdır.

2018–ci il bizim üçün əlamətdar bir ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyəti – bütün müsəlman Şərqində ilk dəfə çoxmillətli və çoxpartiyalı parlamenti olan, qadınlara kişilərlə bərabər seçki hüquqlarının verildiyi respublikanın yaranmasının 100 illiyi qeyd edilir. Yüz il əvvəl də, indi də xalqımızın demokratiya və azadlıq uğrunda tarixi seçimi dəyişməz qalıb.

Biz hər zaman qonaqları qarşılamağa şadıq. Qəbələ beynəlxalq musiqi festivalının ildən-ilə öz coğrafiyasını genişləndirməsi, dünyanın bir çox yerlərində dostlarının və sadiq pərəstişkarlarının sayının artması bunun bariz nümunəsidir. Hazırkı yubiley festivalı, burada olan dostluq mühiti əsl incəsənət üçün sərhəd və maneələrin olmadığını bir daha nümayiş etdirəcəkdir.

Bu günlərdə bizi olduqca maraqlı və zəngin festival proqramı gözləyir. Festivalın səhnəsinə həm məşhur ulduzlar, həm də gənc musiqiçilər çıxacaqlar. Əminəm ki, 10-cu yubiley Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni həyatın mühüm səhifəsinə çevriləcək, bizə bir çox maraqlı görüşlər və xoş təəssüratlar bəxş edəcəkdir.

Hər birinizə uğurlar, sülh, firavanlıq və əmin-amanlıq arzu edirəm”.

Sonra çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib: “Beynəlxalq musiqi festivalı ötən 10 il ərzində Qəbələmizin şan-şöhrətini dünyaya yayıb. Biz böyük məmnuniyyətlə bu festivalın ideya rəhbəri, ilk yaranışından bu günə qədər də onun təşkilinə rəvac verən, indicə təbrikini eşitdiyimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, bu uğurlarımızın əsas müəllifi olan Mehriban Əliyevaya ürəkdən təşəkkür edirik. Biz Mehriban xanıma bu gün Azərbaycanımız üçün keçirilən tədbirlərin təşkilində, Azərbaycan insanının maddi, mənəvi rifahının yaxşılaşdırılması, ölkəmizin dünyada tanıdılması istiqamətində gördüyü işlərə görə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan bu gün dünyanın hər yerindən görünən bir dövlətdir. Bu gün dünyanın bu çətin, kəşməkəşli vaxtında, müharibələrin, münaqişələrin, iqtisadi çətinliklərin hökm sürdüyü dünyamızda bir sabit məkan var. Bu, hər yerdən öz işığı ilə görünən doğma Azərbaycanımızdır”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda, dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinin keçirildiyi bir dövrə təsadüf etdiyini bildirərək, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu vurğulayıb. O, Qəbələ Beynəlxalq Musiqi Festivalına uğurlar arzulayıb.

Açılış mərasimindən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.

 

AZƏRTAC