“Xalqın taleyini sizə etibar etməsi tarixi reallıqlara əsaslanır” – AVCİYA-nın Prezidentə təbriki

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq
Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilir

Elxan Süleymanov: “Sizin uzaqgörən siyasətiniz və mətin iradəniz nəticəsində Azərbaycan dövlətinin inkişaf tarixində yeni dövrün əsası qoyuldu”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri Elxan Süleymanov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə 7 fevral növbədənkənar Prezident seçkilərində möhtəşəm qələbə çalması ilə bağlı təbrik məktubu göndərib.

Musavat.com onun məktubunu dərc edir:

-Möhtərəm cənab Prezident, Hörmətli Ali Baş Komandan!

Azərbaycan xalqı öz tarixinin ən şanlı səhifələrindən birini yaşayır. Azərbaycan xalqı 7 fevral 2024-cü ildə böyük coşqu ilə müstəqillik dövründə ilk dəfə olaraq ölkəmizin beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bütün bölgələrində öz gələcəyinə səs verdi. Ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və dövlət suverenliyi tam təmin edildikdən sonra yeni inkişaf dövrünə qədəm qoymuş Azərbaycan seçiciləri tarixdə misli görünməmiş yekdillik nümayiş etdirərək Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi.

Möhtərəm cənab Prezident,

Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində yekdillik nümayiş etdirərək Sizə səs verməklə ölkəmizin gələcək dövrdə inkişaf strategiyasının həyata keçirilməsini yenidən möhkəm iradəyə malik müdrik və güclü liderə, beynəlxalq səviyyədə tanınmış məharətli siyasətçi və diplomata, Müzəffər Ali Baş Komandana etibar etdi.

Belə ki, Sizin prezidentliyiniz dövrünün əvvəlki illərində Azərbaycan iqtisadiyyatının müstəqilliyi təmin edildi, yüksək hazırlığa malik müasir silahlarla təchiz edilmiş, müasir üsullarla hərbi əməliyyatlar həyata keçirən Silahlı Qüvvələr formalaşdırıldı.

prezident_60_il.jpg (654 KB)

Sizin rəhbərliyiniz altında Azərbaycan Silahlı Qüvvələri tarix yazdı — 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqları azad edildi və azad edilmiş ərazilərdə Azərbaycanın dövlət suverenliyi tam təmin edildi, hazırda Şuşada, Xankəndində, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında, Kəlbəcərdə, Qubadlıda, Xocalıda və digər azad edilmiş ərazilərimizdə xalqımızın qürur mənbəyi olan Azərbaycan dövlət bayrağı dalğalanır.

Sizin prezidentliyiniz dövründə Azərbaycan regionun ən güclü dövlətinə çevrildi, bir sıra beynəlxalq səviyyəli enerji və nəqliyyat layihələrinin reallaşmasında həlledici rol oynadı, beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanındı, qalib dövlət kimi dünyanın güclü dövlətləri sırasında öz layiqli yerini tutdu.
Sizin uzaqgörən siyasətiniz və mətin iradəniz nəticəsində yüz ildən artıq müddət ərzində Azərbaycan ərazilərinin ilhaq edilməsi siyasətinə son qoyuldu və Azərbaycan dövlətinin inkişaf tarixində yeni dövrün əsası qoyuldu.

Beləliklə, Azərbaycan xalqı 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində mütləq səs çoxluğu ilə Sizə səs verməklə yeni dövrdə öz taleyini müdrik dövlət başçısı, məharətli diplomat, böyük strateq, dünya siyasətində baş verən dəyişikləri zərgər dəqiqliyi ilə qiymətləndirən və yüksək peşəkarlığa malik Ali Komandan kimi Sizə etibar etməsi tarixi reallıqdan qaynaqlanır, buna əsaslanır.

Möhtərəm cənab Prezident,

Sizi növbədənkənar prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) üzvləri adından və öz adımdan təbrik edirəm. İnanırıq ki, Sizin rəhbərliyinizin növbəti mərhələsində Azərbaycan Respublikası bütün istiqamətlərdə daha da inkişaf edəcək, beynəlxalq miqyasda artmaqda olan yeni riskləri və təhdidləri dəf edərək, öz dövlət suverenliyini daha da möhkəmləndirəcək, o cümlədən xalq, hakimiyyət, Silahlı qüvvələr birliyi qorunub saxlanılacaq və Azərbaycan xalqının rifahı daha da yüksələcək.

Dərin hörmətlə,
Elxan Süleymanov, AVCİYA-nın prezidenti

musavat.com