“Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan növbəti konfrans Qusarda təşkil ediləcək
Ceyhun Bayramov 9 sentyabr – Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
Hikmət Hacıyev: Bir neçə beynəlxalq media qurumunun işğal olunmuş ərazilərimizə səfərinə icazə verilib

Fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə “Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və onun soyqırımı kimi dünya ölkələri tərəfindən tanınmasına nail olmaqdan ibarət olmuşdur.

Tədbiri “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri, pedaqoji elmlər doktoru, professor Nadir Abdullayev açaraq Xocalı qətliamı barədə geniş məlumat vermişdir. N.Abdullayev çıxışında erməni yazıçısı David Xeyriyanın qeyd etdiyi “Biz Xocalıda 1200 meyitin üstündən keçdik” kimi faktları xatırlatmışdır. Natiq bu qətliamı törədən quldur dəstələrinin başçılarının dünyadakı erməni lobbisi tərəfindən konkret məbləğlərlə mükafatlandırıldığını bildirmişdir.

AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı Xocalı faciəsi ərəfəsində Azərbaycanda baş verən hadisələri qısa şərh etmiş, o vaxtkı hakimiyyətin səriştəsizliyini faciənin törədilməsinə təkan verən başlıca amil kimi qiymətləndirmişdir.

Tədbirdə digər çıxış edənlər də son 20 ildən artıq müddətdə Xocalıda, ümumiyyətlə, Qarabağda baş törədilmiş faciələr haqqında əsl həqiqətlərin tam dolğunluğu ilə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışmışlar.

Sonda Qarabağ mövzusunda sanballı yazılarına görə bir neçə jurnalistə “Təşəkkürnamə” təqdim edilmişdir.