“Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
Şvıdkoy: “Rusiya Azərbaycan ilə Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır”
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

Fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə “Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və onun soyqırımı kimi dünya ölkələri tərəfindən tanınmasına nail olmaqdan ibarət olmuşdur.

Tədbiri “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri, pedaqoji elmlər doktoru, professor Nadir Abdullayev açaraq Xocalı qətliamı barədə geniş məlumat vermişdir. N.Abdullayev çıxışında erməni yazıçısı David Xeyriyanın qeyd etdiyi “Biz Xocalıda 1200 meyitin üstündən keçdik” kimi faktları xatırlatmışdır. Natiq bu qətliamı törədən quldur dəstələrinin başçılarının dünyadakı erməni lobbisi tərəfindən konkret məbləğlərlə mükafatlandırıldığını bildirmişdir.

AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı Xocalı faciəsi ərəfəsində Azərbaycanda baş verən hadisələri qısa şərh etmiş, o vaxtkı hakimiyyətin səriştəsizliyini faciənin törədilməsinə təkan verən başlıca amil kimi qiymətləndirmişdir.

Tədbirdə digər çıxış edənlər də son 20 ildən artıq müddətdə Xocalıda, ümumiyyətlə, Qarabağda baş törədilmiş faciələr haqqında əsl həqiqətlərin tam dolğunluğu ilə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışmışlar.

Sonda Qarabağ mövzusunda sanballı yazılarına görə bir neçə jurnalistə “Təşəkkürnamə” təqdim edilmişdir.