“Yaşayış binaları. Layihələndirmə normaları”na əsasən yaşayış binaları ilə bağlı yeni qadağalar nəzərdə tutulur

Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib
Prezident Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında Fərman verdi
Millət vəkili Müslüm Məmmədov Kürdəmirdə seçicilərlə görüşüb

Azərbaycanda yaşayış binalarında otaqların və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.

Bundan başqa, sənədə əsasən, mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.

Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.

Həmçinin mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapan digər məsələrdən biri də yaşayış binalarının ərazisində tibb fəaliyyətinə dair qaydalar sərtləşdirilməsidir.

Azərbaycanda binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbəsinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə yol verilmir.

Bundan başqa, sənədə əsasən, yaşayış binalarında tibb müəssisələri Səhiyyə Nazirliyinin 7 aprel 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” nəzərə alınmaqla yerləşdirilməlidir.

Yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol verilir. Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir.

Azərbaycanda insanlara zərərli təsir göstərən bəzi obyektlərin yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşdirilməsinə yol verilməyəcək.

Sənədə əsasən, həmin obyektlər aşağıdakılardır:

– istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;

– partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;

– sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;

– ixtisaslaşmış balıq mağazaları;

– müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;

– saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;

– tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunalar (mənzillərdəki fərdi saunalar istisna olmaqla);

– sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri;

– camaşırxana və kimyəvi təmizləmə müəssisələri (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla);

– ümumi sahəsi 100 m 2- dən artıq olan avtomat telefon stansiyaları;

– ictimai tualetlər;

– dini ayinləri keçirən müəssisələr;

– binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyaları;

– istehsalat sahələri (əlilliyi olan şəxslərin və ahıl insanların əməyindən istifadə edən müəssisələr, o cümlədən quraşdırma və dekorativ işlər emalatxanaları istisna olmaqla);

– baytarlıq klinikaları və kabinetləri;

– təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə edən cihazların yerləşdirilməsinin nəzərdə tutulduğu ictimai iaşə, ticarət, məişət xidməti və digər təyinatlı obyektlər.

Azərbaycanda yaşayış binalarının damında verilişlərin kollektiv qəbulu üçün televiziya anteni və radio verilişi şəbəkə dirəyinin quraşdırılması nəzərdə tutulmalıdır.

Bundan başqa, sənədə əsasən, damda radiorele dirəklərinin və qüllələrinin quraşdırılması qadağandır.

Azərbaycanda həyət tərəfdən girişi olan və yaşayış otaqlarının pəncərələri həyətə açılan yaşayış binalarında yerləşən ictimai təyinatlı obyektlərin həyət tərəfdən müxtəlif yüklərlə yüklənib boşaldılması yolverilməzdir.

Bundan başqa, sənədə əsasən, yaşayış binasının hüdudlarında yerləşən ictimai təyinatlı obyektlərin yüklənib boşaldılması, binanın pəncərələri olmayan yan fasad tərəfindən, yeraltı tunellərdən, xüsusi yük vurma hissəsi olduğu halda magistral küçə tərəfdən aparılmalıdır.

Binanın hüdudlarındakı ictimai təyinatlı obyektin sahəsi 150 m²-dən az olduğu halda yükvurma hissəsinin nəzərdə tutulmamasına yol verilir.

Bu qadağalar, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb

Report