Yeniyetmə güləşçimiz Turan Bayramov Olimpiya çempionu olub

Dövlət Vergi Xidməti: Aksiz dərəcələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulur
SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib

Azərbaycan güləşçisi Turan Bayramov Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Olimpiadada 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz “A” qrupunda yarışıb.

Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisi Tahi Pehi Eynsli Uesterlini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. İdmançımız Pakistan güləşçisi İnayət Ullaha da rahatlıqla qalib gəlib və “A” qrupunda birinci yeri tutub.

Olimpiadanın finalına vəsiqə qazanan güləşçimiz qızıl medal uğrunda görüşdə “B” qrupunun qalibi olan iranlı pəhləvan Məhəmməd Baqi Kərimiseyfabad ilə qarşılaşıb. Rəqibini məğlub edən T.Bayramov Olimpiya çempionu olub.

Hazırda Azərbaycan millisinin hesabında 2 qızıl, 1 gümüş və 2 bürünc medal var.

Azərbaycana ilk qızıl medalı Olimpiadada 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Vüqar Talıbov qazandırıb. Ağır atletimiz Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçumuz Cavad Ağayev (63 kq) və güləşçimiz Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olublar.

Bədii gimnastımız Yelizaveta Luzanın komanda yarışlarında qazandığı qızıl medal isə qarışıq yığmaların hesabına yazılıb.