Yevlaxda “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilmişdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisinin xüsusi iclasıda çıxış edib
Son üç ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin siyahısına 82 nəfər əlavə edilib
Elxan Süleymanov: “Sərsəng su anbarına dair qətnamə beynəlxalq aləmdə Ermənistana təzyiqlərin artırılmasında Azərbaycanın imkanlarını genişləndirir”

Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) həyata keçirdiyi “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində AVCİYA-nın “Sərsəng harayı” mövzusunda elan etdiyi rəsm müsabiqəsinə təqdim edilmiş rəsmlərdən ibarət sərgiyə baxmışlar.

Toplantıda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov layihənin təşkilatçılarına və konfrans iştirakçılarına minnətdarlığını bildirmiş, Sərsəng su anbarının Ermənistanın işğalı altında olmasının rayona vurduğu ziyandan danışmışdır.

Tədbirdə gənc rəssamlar və jurnalistlər arasında “Sərsəng harayı” mövzusunda keçirilmiş müsabiqə barədə məlumat verilmiş, qaliblər mükafatlandırılmışlar.

AVCİYA-nın “Sərsəng-sos” layihəsinin əlaqələndiricisi Samir İsayev layihə çərçivəsində görülən işlər haqda danışaraq bildirmişdir ki, 1976-cı ildə inşa edilmiş Sərsəng Su Anbarının Ermənistanın işğalı altında olduğu 20 ildən artıq müddət ərzində texniki qurğuları və avadanlıqları baxımsızlıqla üzləşmiş, onlara xidmət göstərilməməsi səbəbindən qəza vəziyyətinə düşmüşdür. Odur ki, su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Layihənin məqsədi dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng Su Anbarının təhlükəli vəziyyətə düşməsinə və hər an dağılma ehtimalına yönəltməkdir. Hazırda Sərsəng Su Anbarının Ermənistan silahlı qüvvələrinin nəzarəti altında qalması səbəbindən Azərbaycanın cəbhə bölgəsi ərazilərinə vurulan zərərin qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.

AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov “Sərsəng Su Anbarının hazırkı vəziyyəti və törədə biləcəyi təhlükələr barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının vacibliyi” mövzusunda çıxış etmişdir. Bildirmişdir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Strasburqda “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” başlıqlı qətnamə təklifini müzakirə etmişdir. Bu təklifin məruzə üçün AŞPA-nın Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə yönləndirilməsi barədə təklif Assambleyanın Bürosu tərəfindən yekdilliklə qəbul edilmişdir. Bu qərar Büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqlənmişdir.

Sənəddə Azərbaycanın 6 cəbhəyanı rayonunda (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Yevlax və Tərtər) yaşayan 400 mindən artıq Azərbaycan vətəndaşının kəskin su qıtlığı səbəbindən gündəlik olaraq ciddi humanitar, iqtisadi və ekoloji problemlərlə üzləşdiyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Qeyd edilmişdir ki, Sərsəng Su Anbarı ilə bağlı AŞPA-nın məruzəsi və qətnaməsi vasitəsilə Azərbaycan üçün yeni bir imkan yaranmışdır. Əgər vəziyyətlə bağlı həqiqətlər olduğu kimi məruzədə öz əksini taparsa və biz bunun həyata keçirilməsinə nail olarıqsa, bu məruzə tarixi sənədə çevrilə bilər.

Çıxışının sonunda E. Süleymanov “Sərsəng harayı” adlı mahnı müsabiqəsinin başlandığını elan etmişdir.