Zakir Həsənov: “Azərbaycanın qazandığı qələbə Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına böyük töhfə verəcək”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə səfər edib
Prezident Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edib
USAID Qubada Yəhudi Mədəniyyət Evi yaradacaq

Mayın 20-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Vaşinqtonda fəaliyyət göstərən Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, habelə ölkəmiz tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına verilən töhfə və digər məsələlər barədə ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi. Qazanılan qələbənin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına töhfə verəcəyini xüsusi qeyd edən Müdafiə naziri azad edilmiş ərazilərdə Azərbaycan Ordusu tərəfindən hazırda həyata keçirilən tədbirlər haqqında da qonaqları məlumatlandırıb.

Öz növbəsində, nümayəndə heyətinin üzvləri Vətən müharibəsində əldə olunan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərin yaxınlarına başsağlığı verib və yaralılara şəfa diləyiblər. Müharibənin ilk günündən döyüşlər haqqında məlumatları diqqətlə izlədiklərini, müxtəlif qoşun növlərinin cəlb olunması ilə həyata keçirilən əməliyyatların təhlilini apardıqlarını qeyd edən qonaqlar ABŞ, eləcə də digər ölkələrin hərbi ekspertləri tərəfindən Azərbaycan Ordusunun bu müharibədə qazandığı təcrübənin, tətbiq olunan taktika və döyüş üslubunun dərindən öyrənildiyini xüsusi vurğulayıblar.

Mərkəzin icraçı direktoru Əfqan Nifti qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək ölkəmizə səfərin vacibliyi və bu cür görüşlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq səmimi qəbula görə heyət üzvləri adından Müdafiə nazirinə minnətdarlığını bildirib.

Görüş zamanı general-polkovnik Z.Həsənov qonaqları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, görüşdə Xəzər Siyasi Mərkəzinin idarə heyətinin üzvləri Riçard Hoqland və Robert Sekuta, eləcə də ABŞ Ordusunun ehtiyatda olan general-mayoru Maykl Repass da iştirak edib.

Report