AĞAYEV Eldar Əsgər oğlu

TAĞIZADƏ Eldar Abdulla oğlu
POLOVİNKO Ruslan Aleksandroviç
MƏCİDOV Eldar Tofiq oğlu

(29.9.1955, Gürcüstan Resp.-nın Tbilisi ş. –  17.5.2013) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995).

1955-ci il sentyabrın 29-da Gürcüstan Respublikasının Tbilisi şəhərində hərbçi ailəsində dünyaya göz açmışdır. O, 6 yaşında olanda, atasının hərbi xidmətinin başa çatması ilə əlaqədar ailəsi ilə Bakıya köçmüşdür. 1962-ci ildə 20 saylı orta məktəbə getmiş, sonra təhsilini 134       saylı məktəbdə davam etdirmişdir.    1972-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər   Məktəbinə       daxil    olmuşdur. 1976-cı ildə təhsilini başa vurub, motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır. O, 1978-ci ildə Kamçatka yarımadasında, 1981-84-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri, 1984-86-cı illərdə isə məhdud sovet qoşunları tərkibində Əfqanıstanda 395-ci motoatıcı alayın motoatıcı taborunun kəşfiyyat rəisi, sonra isə həmin alayın kəşfıyyat bölüyünün komandiri olmuşdur.
E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə göndərilmişdir. 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində işləmişdir. Bu müddətdə təhsilini davam etdirmiş, Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunu bitirmiş, sonra xidmətini Almaniyada yerləşən Qərb Qoşun Qrupunda davam etdirmişdir. Onu əvvəlcə, 70-ci tank alayının kəşfıyyat rəisi, sonra isə Drezden 9-cu Əlahiddə Qvardiya kəşfiyyat taborunun komandiri təyin etmişlər.
Erməni quldurlarının torpaqlarımıza təcavüzü ilə əlaqədar olaraq o, 1992-ci ildə komandanlığa raport yazaraq Azərbaycana qayıtmışdır. Eldar Ağayev Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başladı. Bir müddətdən sonra isə 776-cı kəşfiyyat taborunu yaratdı və onun komandiri oldu.
O, 1997-ci ilə qədər həmin vəzifədə çalışmışdır. Onun rəhbərlik etdiyi tabor dəfələrlə torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişdir. 1995-ci ildə dövlətçiliyimizə qarşı çıxan “OMON”çuların tərksilah edilməsində də taborun böyük xidmətləri olmuşdur. Təsadüfi deyil ki, döyüş tapşırıqlarını layiqincə yerinə yetirən hərbi hissənin 18 əsgər və zabiti ən yüksək fəxri ada – “Azərbaycanın Milli Qəhrəmanı” adına, qalanları isə Azərbaycan Respublikasının orden və medallarına layiq görülmüşlər.
Polkovnik E.Ağayev 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Politexnik İnstitutunda (indiki Texniki Universitet – red.) hərbi kafedranın rəisi olmuş, 2000-ci ildən 2001-ci ilə qədər BAÜKM-nin kəşfıyyat kafedrasının rəisi vəzifəsində çalışmış, sonra isə öz şərəfli işini Ədliyyə Nazirliyində Məhkəmə Qərarlarının icrası Baş İdarəsinin təlim-tədris mərkəzinin rəis müavini vəzifəsində davam etdirmişdir.
Onun xidmətləri bir çox mükafatlarla qiymətləndirilmişdir. Əfqanıstanda döyüş əməliyyatlarının müvəffəqiyyətlə yerinə yetirdiyinə görə “Qırmızı Ulduz” ordeni, “igidliyə görə” medalı və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdi.
Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Ağayev Eldar Əsgər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ailəli idi. Bir övladı var.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 23-24