AVCİYA-nın monitorinqləri şimal bölgəsində də uğurla davam edir

“2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Referendum zamanı AVCİYA və «ELS» MAM-nin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri – cədvəl
AVCİYA növbəti seminarı Şirvanda keçirdi

Solmaz Mehdiyeva: «Xaçmaz regional nümayəndəliyi 5 rayon üzrə müşahidəçiləri müəyyənləşdirib». Seçkilər dövründə fəallığı ilə seçilən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu il keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçki öncəsi ölkədəki mühitlə bağlı monitorinqlər aparır. Təşkilat eyni zamanda seçki günü müşahidəçilik missiyasını həyata keçirmək üçün bir sıra layihələri də reallaşdırır. Belə ki, AVCİYA-nın Seçki Qərargahı ilin əvvəlindən başlayaraq təşkilatın regional nümayəndəliklərini də yenidən formalaşdırıb. Seçki Qərargahı Xaçmaz regional nümayəndəliyinin rəhbəri Solmaz Mehdiyeva ilə şimal bölgəsində ofisin seçkilərə hazırlığı barədə söhbət etdik.
– Regional nümayəndəliyin fəaliyyəti hansı mərhələdədir? 
– Bizim regional nümayəndəliyimiz Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarını əhatə edir. AVCİYA Seçki Qərargahı tərəfindən koordinatorlar treninqlərə cəlb olunublar və onlara sertifikatlar verilib. Həmin koordinatorlar artıq müşahidəçilərə təlimlər keçmək hüququ əldə ediblər. Onlar müşahidəçilərə mərhələlərlə təlimlər keçəcəklər. Hazırda müşahidəçilərin qeydiyyata alınması ilə bağlı işlər aparılır. Artıq toplanmış sənədləri qeydiyyata alınmaq üçün Dairə Seçki Komissiyasına təqdim etmişik. Qeydiyyat prosesi başa çatdıqdan sonra vəsiqələr müşahidəçilərə paylanacaq. Demək olar ki, artıq regional nümayəndəlik 5 rayon üzrə müşahidəçiləri müəyyənləşdirib. Koordinatorlar müşahidəçilərin toplanması ilə bağlı işlərini bitiriblər.Qeydiyyat məsələsi tam həllini tapdıqdan, eləcə də vəsiqələr alındıqdan sonra müşahidəçilər təlimlərə cəlb ediləcək. Demək olar işlərimizin 70 faizini görmüşük. Bundan əlavə seçki günü keçiriləcək «exit-poll»la bağlı da iş aparılır. «Exit-poll» tədqiqatını aparmaq üçün supervayzerlər toplanıb. Bu istiqamətdə Xaçmaz rayonunda işlər yekunlaşıb, amma digər rayonlarla bağlı fəaliyyətimizi davam etdiririk. Xatırladım ki, regional nümayəndəliyin təmsilçiləri həmçinin Dairə Seçki Komissiyalarında və Məntəqə Seçki Komissiyalarında olub və burada seçkilərə hazırlıq işlərinin aparıldığını görüblər. Belə ki, şimal regionunda yerləşən Məntəqə Seçki Komissiyalarında seçici siyahıları vurulub, bildirişlər hazırlanıb.
– Şimal bölgəsində beynəlxalq təşkilatların nümayəndələrinin seçkilərə yönəlik fəaliyyəti varmı?
– Yerli qeyri-hökumət təşkilatları ilə birgə layihələr reallaşdıran beynəlxalq təşkilatların təmsilçiləri şimal bölgəsində fəaliyyət göstərir. Onlar burada öz müşahidəçilik missiyalarını həyata keçirirlər. Eyni zamanda yerlərdə monitorinqlər aparır, Məntəqə Seçki Komissiyalarında olurlar. ATƏT-lə birgə “Demokratiyanı Öyrənmə” İctimai Birliyi də artıq bu istiqamətdə fəaliyyət göstərir. Seçkilər dönəmində adətən, bizim regional ofisimizin nümayəndələri beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlər keçirirlər. Bu il parlamentə seçkilər ərəfəsində də onların belə niyyətləri barədə məlumatımız var. Yəqin ki, seçki prosesləri zamanı tədbirlər intensivləşdikcə beynəlxalq qurumların təmsilçiləri ilə təmaslarımız da baş tutacaq.