AVCİYA Gəncədə də seçki proseslərinə start verməyə hazırdır

ATƏT-in müşahidəçiləri AVCİYA-nın regional ofislərində olub
Xaricdə oxuyanların işlə təmin olunması problemi müzakirə edilib
Avropa Komissiyasının (AK) və Consumer İnternational (Cİ, Böyükbritaniya) təşkilatının dəstəyi, Azad İstehlakçılar Birliyinin (AİB) təşkilatçılığı ilə konfrans keçirilir.

Noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar respublikanın hər bir yerində hazırlıqlar davam etdirilir. Hər seçki ilində olduğu kimi indi də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) seçki öncəsi ölkədəki seçici fəallığı ilə bağlı monitorinqlər aparır, seçki günü müşahidəçilik missiyasını həyata keçirəcək proseslər üçün müəyyən hazırlıqlar görür. AVCİYA-nın Seçki Qərargahının gördüyü işlərin nəticəsi olaraq, təşkilatın regional rümayəndəlikləri yenidən formalaşdırılır. Elə AVCİYA Seçki Qərargahının Gəncə regional nümayəndəliyinin rəhbəri Muxtar Əsədov da söhbətimizə bu regionda aparılan hazırlıq işlərini sadalamaqla başladı:
– AVCİYA Seçki Qərargahının köməkliyi ilə artıq regional nümayəndəliyin parlament seçkilərinə hazırlığının birinci mərhələsi başa çatdırılıb. Gəncə ətrafı rayonların koordinatorları artıq müəyyən edilib. Onlar treninqlərdə iştirak edərək təlimçi kimi sertifikatlara layiq görülüblər. Regional nümayəndəliyin əməkdaşları və ətraf rayonların koordinatorları müşahidəçilər topladıqdan sonra onlara həm seçki hüququ, həm də müşahidəçilik missiyasının necə həyata keçirilməsi ilə bağlı təlimlər keçiriləcək. Onu da deyim ki, Gəncə üzrə 99 məntəqədə müşahidə aparacaq nümayəndələrimiz müəyyən olunub. Onlarla əlaqəli mövcud sənədləri toplayıb qərargaha təqdim etmişik. Bizim regional ofisin Göygöl, Şəmkir, Ağstafa rayonlarında koordinatorları var. Onların köməkliyi ilə bu rayonlarda da aparılan hazırlıq işləri mütəmadi olaraq diqqətimizdə saxlanılır. Göygöl rayonunda müşahidəçilərin toplanması işi 80 faiz başa çatmaq üzrədir. Qeyd edim ki, Göygöl rayonunda cəmi 25 məntəqə var. Ona görə də burada müşahidəçilərin toplanması problem olmur. Biz qısa zamanda müşahidəçiləri toplaya bilərik, lakin seçim zamanı çalışırıq ki, proseslərə ali təhsilli, seçkilərlə bağlı məlumatı və səriştəsi olan insanları cəlb edək. Qeyd etdiyim meyarlara uyğun insanları isə yalnız onlarla maarifləndirici söhbətlər apardıqdan, onları təlimatlandırdıqdan sonra əməkdaşlığa cəlb edirik. Demək olar ki, hazırlıq işləri başa çatmaq üzrədir. Ciddi problemlərimiz qalmayıb. Fəaliyyətimizin ilk illərində müəyyən problemlərimiz olurdu. Bu da əsasən təşkilatımızın həmin regionda hələ yetərincə tanınmaması ilə bağlı idi. Seçkilərdə mütəmadi, ciddi müşahidəçilik missiyası həyata keçirdikdən sonra indi bizi demək olar ki, regionda hər kəs tanıyır.
– Adətən, seçki dövründə regionlarda beynəlxalq təşkilatların nümayəndələrinin fəaliyyəti intensivləşir. Builki parlament seçkiləri öncəsi də bu hal müşahidə edilirmi?
– Gəncə regionuna qeyd etdiyiniz periodlarda əsasən Avropa Şurası və MDB Dövlətlərarası Parlament Assambleyasının nümayəndələri səfərlər edirlər. Lakin bir məqamı qeyd edim ki, beynəlxalq missiya təmsilçilərinin səfərləri daha çox seçkilərə az müddət qalmış intensiv xarakter alır. Ola bilsin ki, bu il keçiriləcək parlament seçkilərində də analoji vəziyyət təkrar olunsun. Xatırladım ki, həmin beynəlxalq təşkilatların nümayəndələri ilə ötən seçkilərdə çoxlu sayda görüşlərimiz olub. Həmin görüşlərin nəticəsidir ki, onlar yerli təşkilat kimi hər zaman AVCİYA Seçki Qərargahının və eyni zamanda bu təşkilatın regional nümayəndəliklərinin fəaliyyətini yaxından izləyirlər. Əminəm ki, bu il keçirilən parlament seçkiləri ərəfəsində də Gəncə regional nümayəndəliyi ilə beynəlxalq təşkilatların təmsilçilərinin görüşü olacaq. Eyni zamanda qeyd edim ki, həm yerli, həm də beynəlxalq təşkilatların regiona səfərlərini və digər amlləri nəzər alsaq, bütövlükdə Gəncə regionunda seçkilərlə bağlı fəallıq müşahidə olunur. Ombudsman Aparatının seçkilərlə bağlı Gəncədə keçirilən konfransı da məhz seçki fəallığının göstəricisidir.