AVCİYA prezidentliyə namizədlərin iştirakı ilə dəyirmi masa keçirib

AVCİYA məktəblilər və məktəb psixoloqları üçün təlimlərə başladı
Problemli sistemə siyasi dəstək
ABŞ rəsmiləri AVCİYA – nın Şirvan ofisində olublar

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezidentliyə namizədlərin iştirakı ilə dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov seçki prosesində təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, assosiasiya seçkidə müşahidəçiliklə yanaşı, “exit-poll” da həyata keçirəcək və bu istiqamətdə treninqlər oktyabrın 11-də yekunlaşacaq. M. Zülfüqarlı ölkənin bəzi rayon və şəhərlərində, əsasən də Mingəçevirdə seçki maarifləndirməsi ilə bağlı aparılan treninqlərə məhdudiyyət qoyulduğunu da deyib. MMP sədri, prezidentliyə namizəd Hafiz Hacıyev telekanalların seçki ilə bağlı fəaliyyətini tənqid edib. H. Hacıyev beynəlxalq təşkilatların, əsasən də Beynəlxalq Respublikaçılar Institutu və Milli Demokratiya İnstitutunun fəaliyyətini pisləyib: “Onlar özlərinə uyğun təşkilatlar yaradır və Azərbaycanda həmin qurumlarla əməkdaşlıq edirlər”. BQP sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu isə ATƏT-in seçki mühiti ilə bağlı son hesabatına toxunub. Onun fikrincə, bu hesabat qərəzli hazırlanıb: “Hesabatda bildirilir ki, bütün namizədlərin platforması oxşardır. Bu, son dərəcə savadsız yanaşmadır. Çünki şəxsən mənim təqdim etdiyim platforma bütün müddəaları ilə iqtidara müxalifdir və digər namizədlərin platformasından fərqlənir. Bizim platformamız həm iqtidara, həm də müxalifətə alternativdir”. BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin Seçki Qərargahının rəhbəri Elçin Mirzəbəyli də ATƏT-in seçki ilə bağlı son hesabatını tənqid edib: “ATƏT Azərbaycana daha savadlı nümayəndələrini göndərsə, yaxşı olar. Hesab edirik ki, bu qurumun müşahidə fəaliyyəti də hesabatı kimi qərəzli olacaq”.