AVCİYA seçki maarifçiliyinin 3-cü mərhələsinə start verdi

AVCİYA Parlament seçkilərinə hazırlığın I mərhələsini başa vurdu
AVCİYA Gəncədə treniqlərə yekun vurdu
AVCİYA Obama administrasiyasına ünvanlanan petisiya layihəsinə 327 min səs topladı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) parlament seçkilərində keçirəcəyi monitorinqlərlə bağlı geniş tədbir keçirdi. Tədbir iki hissədə təşkil olunmuşdu. İlkin hissədə AVCİYA-nın regional nümayəndəlikləri rəhbərlərinin iştirakı ilə müşavirə baş tutdu. Müşavirədə respublikanı başdan-başa əhatə edən regional təmsilçiliklərin rəhbərləri ilə indiyədək görülən və seçki ərəfəsində reallaşdırılması planlaşdırılan tədbirlər barədə geniş söhbət aparıldı. AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov, Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və “Els” Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova monitorinqlər zamanı AVCİYA-nın regional qurumlarının məsuliyyət yükü, təşkilatın tərəfsizliyinin bütün seçki prosesi boyu qorunmasının vacibliyi və digər tədbirlər barədə geniş məlumat verdilər. Sonra natiqlər parlament seçkiləri ərəfəsində vətəndaş cəmiyyətinin mövqeyi istiqamətində region təmsilçilərini maraqlandıran çoxsaylı sualları cavablandırdılar.

İki mərhələ arxada qaldı 

Tədbirin ikinci hissəsi isə region nümayəndələri ilə bərabər ölkə ictimaiyyətinin, media təmsilçilərinin, xarici ölkələrin Azərbaycandakı diplomatik missiyalarının nümayəndələrinin iştirakı ilə davam etdirildi. AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov assosiasiyanın 2004-cü ildən Azərbaycanda keçirilən bütün seçkilərin monitorinqini apardığını xatırladaraq onu da söylədi ki, “Bu sırada qarşıdan gələn parlament seçkiləri də istisna deyil. Biz artıq 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı monitorinqlərin birinci və ikinci mərhələsini başa vurmuşuq”.
AVCİYA –nin Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd etdi ki, assosiasiya 2004-cü ilin dekabrında bütün Azərbaycan ərazisində 300-dən çox yerli və xarici müşahidəçinin iştirakı ilə bələdiyyə seçkilərinin monitorinqini təşkil edib və “exit-poll” (çıxışda sorğu) tədqiqatını həyata keçirib.
Onun sözlərinə görə, assosiasiya 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkilərinə yaxından kömək göstərmək məqsədilə fəaliyyət proqramı hazırlayıb. Proqram çərçivəsində Assosiasiya 05 mart 2010-cu il tarixdə “Azərbaycan Respublikasında 2010-cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda Dəyirmi Masa və 16 aprel 2010-cu il tarixdə Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfrans keçirib.
Assosiasiya 26 may 2010-cu il tarixində mətbuat konfransı keçirərək fəaliyyət proqramını ictimaiyyətə açıqlayıb. AVCİYA Seçki Qərargahı parlament seçkiləri ilə əlaqədar regionlarda işini üç mərhələdə aparmağı planlaşdırıb. 1-ci mərhələdə – reğional ofislərin işinin parlament seçkilərinə uyğunlaşdırılası; 2-ci mərhələdə – reqionlarda müşahidəçilər üçün təlim keçəcək təlimçilərin hazırlanması; 3-cü mərhələdəsə müşahidəçilər üçün treniqlər keçirilməsi, seçicilərin fəallığının artırılması və seçki günü ölkə üzrə müşahidənin təşkili proseslərini planlaşdırıb.
AVCİYA fəaliyyət proqramında nəzərdə tutulan 1-ci mərhələni iyun ayının axırında başa vurub. Natiq bununla bağlı bildirdi ki, bu mərhələdə Xaçmaz, Şirvan, Lənkəran, Oğuz, Zaqatala, Ucar, Goranboy, Gəncə reqional nümayəndəliyinin işinin parlament seçkilərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib. Bundan başqa həmin ay Xaçmaz, Şirvan, Lənkəran, Lerik, Zaqatala və Gəncə şəhərlərində ətraf rayon nümayəndələrinin iştirakı ilə seminarlar da keçirilib. Seminar iştirakçılarına seçkilərlə bağlı nəşr olunmuş 2 kitabça təqdim olunub.
Təşkilat iyul ayının əvvəllərindən başlayaraq fəaliyyət proqramının 2-ci mərhələsində respublikanın 8 regionunda təlimçilər üçün seminarlar keçirib və reqionlarda müşahidəçilərə treniqlər keçmək üçün 43 nəfər təlimçi hazırlayıb. Bundan əlavə AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərin Uzunmüddətli Müşahidəsini təşkil edir. Bununla əlaqədar hazırlanacaq “Aralıq hesabat” ictimaiyyətə təqdim olunacaq. Daha sonra AVCİYA- nın bu günə qədər seçkilərə aid bir sira metodik vəsait və 14 kitabça nəşr etdiyini qeyd edən M.Zülfüqarlının sözlərinə görə, bu ilin iyul ayında isə 3 min tirajla “2010-cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası” 3 min tirajla çap olunaraq regionlara paylanıb. Assosiasiyanın hazırladığı sənədlər, aralıq, yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib. Bundan əlavə avqustun 19-dan başlayaraq 7 noyabra qədər hər həftənin cümə axşamı günü “525-ci qəzet”in bir səhifəsi AVCİYA-nın Milli Məclisə seçkilərlə bağlı fəaliyyətini əks etdirən yazılar dərc olunur.

3-cü mərhələdən gözlənənlər

Qərargah rəhbərinin sözlərinə görə, assosiasiya sentyabr ayının əvvəllərindən başlayaraq – 3-cü mərhələdə nəzərdə tutulan işlərin həyata keçirilməsinə başlayacaq. Bunlar regionlarda, həmçinin Bakı və Sumqayıtda müşahidəçilərin müəyyən edilməsi və onların qanuna müvafiq olaraq qeydiyyatdan keçirilməsi; respublikanın bütün bölgələrində AVCİYA-nın yerli təlimçilərinin köməyi ilə müşahidəçilər üçün treniqlərin təşkili; regionlarda seçicilərin fəallığının artırılması üçün maarifçilik işlərinin həyata keçirilməsi; uzunmüddətli müşahidənin davam etdirilməsi və “Aralıq hesabat”ın hazırlanması; beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi; seçki günü ölkə üzrə müşahidənin təşkili və s.-dir.
M.Zülfüqarlının çıxışından o da bəlli oldu ki, assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belorus, Moldovada keçirilən seçkilərdə müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə etmişlər. AVCİYA, sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçiləri Dünya Şəbəkəsinin (World Network od Election Observers – www. worldelection.net) üzvüdür. Bundan başqa AVCİYA Association Of European Election Officials (ACEEEO) təşkilatının 9 – 11 sentyabr 2010-cu il tarixdə Tbilisi şəhərində keçiriləcək konfransında təmsil olunacaq və Assosiasiyanın bu quruma üzvlük məsələsi müzakirə ediləcək.
Bundan sonra tədbir iştirakçıların fikir mübadiləsi əsasında davam etdi. Onlar seçki ərəfəsindəki proseslər zamanı baş verə biləcək neqativ və pozitiv amillər, eləcə də seçki qanunvericiliyinin bəzi tələbləri ilə maraqlanırdılar. Daha çox region təmsilçilərini maraqlandıran suallar əsasən seçici aktivliyinə necə nail olunması, xüsusilə yerlərdə qadınların və gənclərin aktivliyinin təmin olunması qaydaları, prosesin müşahidəsinin bitərəflərə həvalə edilməsinin vacibliyi və s. ətrafında idi. Tədbir geniş diskussiyalarla başa çatdı.
Sonda treninq iştirakçılarına sertifikatlar təqdim edildi.