23 ildən sonra Lələtəpə yaxınlığındakı ərazilərdə ilk dəfə olaraq çiyid səpininə başlanılıb
14.04.2017 11:44
Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Füzuli rayonunun təmas xəttinə yaxın ərazilərində əhalinin təhlükəsizliyi təmin olunub. Lələtəpə yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi rayonun təmas xəttinə yaxın ərazilərində 600 hektara yaxın sahənin əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaradıb.
AZƏRTAC xəbər verir ki, 23 ildən sonra Lələtəpə yaxınlığındakı ərazilərdə çiyid səpininə başlanılıb. Horadiz kənd sakini Rasim Ağayev bu il təmas xəttinə yaxın ərazilərdə 200 hektar sahədə pambıq becərəcək. Fermer deyib: "Əvvəllər bu ərazilər çox təhlükəli idi. Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra isə artıq təsərrüfatda rahat işləyə bilirik. Bir neçə gündür ki, çiyid səpininə başlamışıq. Əkin sahəsinin 50 hektarına 23 ildən sonra ilk dəfədir ki, toxum səpilir”.
"MKT İstehsalat Kommersiya” MMC-nin aqronomu Rüfət Mehdiyev bildirib ki, 161 mülkiyyətçi ilə 820 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlanılıb. Artıq 90 hektardan çox sahədə səpin həyata keçirilib. Fermerlər toxum, dərman və texnikalarla tam təmin olunur”.
Qeyd edək ki, Füzuli rayonunda bu il ötən ildəkindən 4 dəfə çox pambıq əkiləcək. Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, keçən il rayon ərazisində 505 hektar sahədə pambıq becərilmişdirsə, cari mövsümdə 2050 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Rayonun fermerləri pambığı "MKT İstehsalat Kommersiya” MMC, "CTS Aqro” MMC və "Füzuli Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becərəcəklər. Artıq 150 hektardan çox sahədə səpin aparılıb. Rayonda çiyid səpini uğurla davam edir.

oxşar xəbərlər