Bir fədainin hekayəti: “Onu yoldan mən çıxardım…” – 12 İL AXTARILAN HƏQİQƏT

Kazan anonsu, Ali Baş Komandanın seçimi və Lələtəpədə dalğalanan bayraq – ŞƏRH
1905 və 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktları
“Aeroportu bombalamaq üçün Xocalıya uçduq…” – TƏŞKİLATÇI TARİXİ ANLARI DANIŞIR – II YAZI

1993-cü ilin 13 iyulunda Azərbaycanın ilk hərbi təyyarəsi gözümün qabağında vuruldu. Sonradan bu təyyarə və təyyarəçi haqqında bəzi məlumatlar əldə edə bilmişdim. Bort nömrəsi 27 olan SU-25 MDB Hərbi Hava Qüvvələrinin Sitalçaydakı bazasından qaçırılmışdı. Pilot haqqında çox az məlumatım vardı. Bircə adının Vaqif olduğunu bilirdim.

13 il axtarılan adam

13 ildən sonra bu adam haqqında Surət Hüseynovdan məhdud məlumat əldə edə bildim. Yalnız onu öyrənə bildim ki, Tovuz rayonunun Qovlar kəndindəndir.

Qovlarda qohumlarını tapıb, Bakıda həyat yoldaşının ünvanını aldım. Həyat yoldaşı isə mənə onun döyüş dostlarının ünvanını verdi. Beləliklə, 14 ildən sonra məni düşündürən həqiqətləri öyrənə bildim.

İndi Vaqif Qurbanov haqqında çoxları bilir. 8 aprel 1992-ci ildə Sitalçayda MDB Hərbi Hava Qüvvələrinin bazasından Su-25 təyyarəsini qaçırmasını və həmin ilin iyul ayında Qarabağ cəbhəsində başlanan uğurlu əməliyyatlarda xidmətlərindən çoxları xəbərdardır.

2005-ci ildə Vaqif Qurbanov və döyüş dostları haqqında filmi hazırlayan zaman bu ideyanın müəllifinin kim olduğunu sona qədər aşkar edə bilməmişdim. Nə təyyarə qaçırılandan sonra onun heyətinə hamilik edən Surət Hüseynov, nə də Vaqifin bu gün də yaşayan döyüş dostları bu suala birmənalı cavab verməmişdi. Amma bu planın Vaqif Qurbanova məxsus olmadığı da bəlli idi. Bəs kim idi bu ideyanın, bu planın müəllifi?

2005-ci ildə mənə müsahibəsində hazırda Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, nazir müavini, general-mayor Fuad Məmmədov Vaqif Qurbanovla Akif Hacıyev və İlham adlı bir şəxsin əlaqə saxladığını bildirmişdi.

Həmin vaxt Akif Hacıyevi tapıb, onunla görüşmüşdüm. Amma Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəis müavini Akif Hacıyev bu barədə danışmaq istəməmişdi. Bir qədər də konfidensial keçən görüşümüzdə o, ümumiyyətlə, adının çəkilməsini belə arzu etmədiyini bildirdi. Amma mən buna söz vermədən filmdə Fuad Məmmədovun dilindən onun haqqında müəyyən məlumat vermişdim. Və ancaq bu qədər.

Amma bu suallar yenə də məni düşündürürdü. Axı təyyarənin qaçırılması kimin ideyası idi? Niyə məhz Yevlax aeroportuna qaçırılmalı idi? Qaçırılma ideyası barədə Surət Hüseynovu kim məlumatlandırmışdı? İlham adlı şəxs kim idi? Vaqif Qurbanov Daxili İşlər Nazirliyinə kimlərlə görüşmüşdü?

Suallar çox idi. Bütün bu suallara cavab verəcək adam hesab etdiyim Akif Haciyev isə adının belə çəkilməməyini istəmişdi.

12 il bu suallara cavab axtarışım hədər getmədi. Əslində 12 il əvvəlki ehtimallarım əbəs deyilmiş. Bütün bu suallara cavab verəcək adam doğurdan da o idi – istefada olan polis polkovniki Akif Hacıyev.

Qısa arayış:

Akif Hacıyev 1953-cü ildə anadan olub. Ali təhsilini Rusiyada alıb. İslah Əmək Müəssisələrində xidməti fəaliyyətə başlayıb. Müəssisə rəisi, Daxili İşlər Nazirliyi İslah İşləri İdarəsinin rəis müavini vəzifələrində çalışıb. Daha sonra polis orqanlarında fəaliyyətini davam etdirib. Rayon polis rəisi işləyib. Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib. Azərbaycandan qaçıb Rusiyada gizlənən bir sıra tanınmış isimlərin tutulub gətirilməsi əməliyyatlarına rəhbərlik edib. 2005-ci ildən öz ərizəsi ilə polis orqanlarından istefaya gedib.

12 il sonra…

– Sizinlə görüşümüz yadınızdadır? 12 il bundan əvvəl.

– Vizual olaraq Sizi xatırlamıram.

– Sizin avtomobilinizdə olmuşdu söhbətimiz. Məni bir yarım saat gəzdirdiniz. Vaqif barədə danışmaq istəyirdim.

– Hə. “Dostluq” kinoteatrı ətrafında görüşmüşdük.

– Orada görüşdük. Şəhərdə bir iki dövrə vurduq. Amma Siz demək olar ki, heç nə demədiniz. Daha çox sual verirdiniz. Niyə bu barədə danışmaq istəmirdiniz?

– Nəyə lazımdır axı? Doğurdanmı lazımdı bu barədə danışmaq?

– Əlbəttə, lazımdı! Bu tək Sizin yox, Azərbaycanın tarixidir.

– Nəyi bilmək istəyirsiniz?

– Hər şeyi… Bu ideya hardan yarandı? Niyə məhz Vaqif?..

– İndi fikirləşirəm ki, bəlkə də o rəhmətliyin həyatını mən məhv elədim. (Bir xeyli susur). Axı mən onun evinə getdim, onu yoldan çıxartdım…(Susur) lap cavan idilər. Yoldaşı mənə çay verdi. Körpə uşağı vardı. (Yenə susur) Hamısını danışacam…

 

– Abdulla Allahverdiyev və Tofiq Kərimov nəyə “dobro” verdi?

– Təyyarənin başqa müştəriləri kim idi?

– Planı Baş Kəşfiyyat İdarəsinə kim satdı?

– Radiolokasiya qurğuları necə sıradan çıxmalı idi?

– Vaqif Qurbanovun texniki heyəti kimlər idi?

Bütün bunları yazının davamında biləcəksiniz.

Asəf Quliyev

http://news.lent.az/news/268445

Müəllif müsabiqənin xüsusi diplomuna layiq görülüb.