Elxan Süleymanov konqresmen Adam Şiffə məktub göndərib

İşğal olunmuş Azərbaycan torpaqlarında terror təşkilatı yaradan şəxslər barəsində cinayət işi başlanıb
İslam Konfransı Təşkilatı – # 13/30-P
AŞPA-da Sərsəng su anbarı ilə bağlı məruzə hazırlanacaq

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov ABŞ Nümayəndələr Palatasının üzvü Adam Şiffə müraciət edib.APA-nın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Şiff. Siz bu günlərdə Ermənistanın “Asbarez” qəzetinin baş redaktoru Ara Xaçatryanın “Horizon live” verilişinə verdiyiniz müsahibənizdə AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı müzakirə edilmiş qətnamələrə münasibət bildirərkən onların Azərbaycanı dəstəkləyən birtərəfli qətnamə olduqlarını vurğulayırsınız. Britaniyalı deputat Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnaməni destruktiv adlandıraraq, onun təsdiq olunmamasında sizin və ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi xanım Viktoriya Nulandın xüsusi rolunun olduğunu bildirirsiniz, su ilə bağlı qətnamənin isə təsdiqləndiyini ifadə edirsiniz. Etiraf edim ki, müsahibə zamanı sizin səsləndirdiyiniz fikirlər məni heç də təəccübləndirmədi, sadəcə olaraq, müəyyən  suallar yaradır. Qəbul edilən bu qətnaməyə “su ilə bağlı hansısa qətnamə” kimi yanaşmaqla, görünür, özünüzə təsəlli tapırsınız. Əvvəla, siz çox yaxşı bilirsiniz ki, AŞPA-nın qış sessiyasında qəbul olunan 2085 (2016) saylı qətnamə heç də yalnız su ilə bağlı deyil. AŞPA bu qətnaməni qəbul etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanmasını vurğulayır, Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsini tələb edir, Ermənistanın sudan silah kimi istifadə etməsini “ekoloji təcavüz” hesab edir, Sərsəng su anbarının səbəb olacağı humanitar fəlakətin, Azərbaycanın cəbhəyanı bölgəsindəki 6 rayonun 400 mindən çox sakininin bu fəlakətin qurbanına çevrilməsinin məsuliyyətini birmənalı şəkildə Ermənistan dövlətinin üzərinə qoyur, bundan sonra Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi təqdim etməsini mümkünsüz edir. Sizi BMT TŞ-nın (822, 853, 874 və 884 saylı), Avropa Parlamentinin, ATƏT PA qətnamələrini, AŞPA-nın 1416 (2005) saylı və 2085 (2016) saylı qətnamələrini bir daha oxumağa çağırıram. Sizin su ilə bağlı sənəd kimi qiymətləndirdiyiniz AŞPA qətnaməsi 23 il ərzində ilk dəfə olaraq, beynəlxalq təşkilatlarda (İƏT istisna olmaqla) qəbul olunmuş bütün qətnamələrdən fərqli olaraq, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri və separatçılar tərəfindən deyil, məhz Ermənistan dövləti tərəfindən işğal edilməsini açıq-aşkar təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin işğal zonasından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bundan sonra təsəllinizin əbəs olduğunu görəcəksiniz. Sizin Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğal edilməsi barədə qətnamənin qəbuluna qarşı çıxmağınızı da anlayıram. Çünki bu mövqeyiniz  1992-ci ildən başlayan qərəz və təxribatlarınızın davamı idi. Xatırladıram ki, ABŞ dövlət katibinin köməkçisinin, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, Avropa Şurasına üzv dövlətlərinin böyük əksəriyyətinin hakimiyyət nümayəndələrinin ciddi səylərinə baxmayaraq, AŞPA-nın 2085 (2016) saylı qətnaməsi bütün (İslam Əməkdaşlıq Təşkilatı istisna olmaqla) beynəlxalq təşkilatların yalanlarını ifşa etdi”.