“İlham Əliyevin seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə ehtiyac yoxdur”

QDİƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
Birinci vitse-prezident Mehriban Əliyeva Səbail rayonunda əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının açılışında iştirak edib
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində Global G.A.P təlimi keçirilib

“Prezident İlham Əliyev o dövlət başçılarındandır ki, xalqa təmas onun fəaliyyətinin əsas qayəsini təşkil edir. Vətəndaşlarla sıx ünsiyyət İlham Əliyev üçün seçki elementi deyil, idarəçilik üslubudur”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov İlham Əliyevin təbliğat kampaniyasının necə qurulacağı və prezidentin kampaniya çərçivəsində görüşlərinin nəzərdə tutulub-tutulmaması məsələsinə aydınlıq gətirərkən deyib.

YAP sədrinin müavini qeyd edib ki, İ. Əliyev ötən prezident seçkilərindən sonra, andiçmə günündən bu günədək mütəmadi olaraq və yüksək intensivlik şəraitində Azərbaycanın bütün regionlarını gəzib, insanlarla görüşlər keçirib, onları dinləyib. Həmin görüşlərin və söhbətlərin nəticələri bir qayda olaraq regionun inkişafına dair yeni proqramın qəbul olunması formasında özünü göstərib.

“Təkcə belə bir faktı deyə bilərəm ki, 10 il ərzində İlham Əliyev 300 dəfədən çox Azərbaycanın bölgələrinə səfər edib. Bu isə orta hesabla hər ildə 30-dan çox səfər deməkdir. Bakıda keçirilən çoxsaylı görüşləri də əlavə etsək, daha böyük rəqəm alınır. Deməli, cənab prezident daim xalqın arasında, xalqla bir yerdə olub. Həm onların həyatı ilə maraqlanıb, həm də özünün ölkəmizin gələcəyi ilə bağlı planlarını, başqa sözlə ifadə etsək, seçki proqramını xalqa çatdırıb. Xalqla daim və yaxın ünsiyyət İlham Əliyevin iş prinsipidir. Son 5 il ərzində bu ünsiyyət heç zaman fasilə verməyib. İndi, seçki kampaniyası dövründə onun özünü təbliğ etməsinə heç bir ehtiyac yoxdur. Prezident seçkiləri kampaniyasında iştirak edən digər namizədlərin özünü xalqa tanıtmağa ehtiyacı var. Qoy onlar şəxsən təbliğatları ilə məşğul olsunlar”, – deyə, Ə. Əhmədov qeyd edib.

Ə. Əhmədov bildirib ki, İ. Əliyevin seçki təbliğatı kampaniyası onun gördüyü və hamıya yaxşı bəlli olan işləri, yeniləşən, gözəlləşən Azərbaycandır: “Bu səbəbdən də cənab prezidentin seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə əslində ehtiyac qalmır və prezidentin iş qrafikində seçki ilə əlaqədar dəyişikliklər edilməsi nəzərdə tutulmur. Seçki kampaniyasına gəldikdə, bu işi böyük həvəslə Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvləri və prezidentin çoxsaylı tərəfdaşları yerinə yetirəcək. Mən sizi əmin edirəm ki, həmişə olduğu kimi, Prezident İlham Əliyevin seçki kampaniyası yüksək fəallıq şəraitində keçəcək. Xalqın böyük əksəriyyətinin dəstəyi və cənab İlham Əliyevə olan dərin inamı seçki kampaniyasının ən mühüm üstünlüyü kimi yadda qalacaq”.

İ. Əliyevin vəkillərlə təmin edilib-edilməyəcəyi məsələsini şərh edən Əli Əhmədovun sözlərinə görə, ötən prezident seçkilərinin təcrübəsi göstərir ki, minlərlə, on minlərlə vətəndaş böyük məmnuniyyət, həvəs və fədakarlıqla İ. Əliyevin vəkili kimi fəaliyyət göstərib: “2013-cü ilin seçki kampaniyasında da eyni mənzərə müşahidə olunmaqdadır. Mən bunu tamamilə təbii sayıram. Yeni Azərbaycan Partiyasının 600 mindən çox üzvü var və onların hər biri əslində özünü İlham Əliyevin vəkili kimi dərk edir, bütün səy və bacarığı ilə seçki kampaniyasında iştirak edir. Yeni Azərbaycan Partiyasının üzvlərindən ötrü bu, əslində dərk edilmiş mənəvi tələbatdır”.

Ə. Əhmədovun sözlərinə görə, İ. Əliyevin prezidentliyi dövründə ölkənin sürətli inkişafı on minlərlə ailənin, milyonlarla insanın həyatında müsbət dəyişikliklər yaradıb: “10 il ərzində 1,2 milyon iş yeri açılıb və vaxtilə işləməyən vətəndaşlar işlə təmin olunub. Onlar və həyatında müsbət dəyişikliklər baş verən minlərlə digər vətəndaşlar böyük həvəslə İlham Əliyevin vəkili missiyasını şərəflə yerinə yetirirlər. Əslində, bu, bir növ ümumxalq hərəkatını xatırladır. Belə olan halda cənab İlham Əliyevin vəkillərinin sayını qanunvericilikdə nəzərdə tutulmuş 50 nəfərlə məhdudlaşdırmaq ədalətsizlik olardı. İstəyirik ki, özünü cənab İlham Əliyevin vəkili kimi dərk edən hər kəs bu missiyanı rəsmilik çərçivəsinə salınmadan yerinə yetirə bilsin”.